“Hər an qaynar müharibə ola bilər”
“Ermənistan münaqişənin həllində maraqlı deyil. “Nə hərb, nə də sülh vəziyyəti”ni saxlamaq istəyir. Lakin 2016-cı ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində qoşunların təmas xəttində çoxsaylı insan tələfatı ilə müşayiət olunan gərginlik bir daha göstərdi ki, münaqişənin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər”. “AzerTaym.az” xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yazıb. N. Məmmədov bildirib ki, beynəlxalq vasitəçilər isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, nədənsə bununla bağlı birmənalı mövqe nümayiş etdirmirlər: “Biz ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin, eləcə də dünya ictimaiyyətinin münaqişənin ədalətli həlli üçün konkret addımlar atmasını gözləyirik. Ədalət prinsipinə əməl edilməməsi nəinki regionu, bütün dünyanı böhrana sürükləyir”.