12 ölkəyə 16 səfər

 Image result for ilham əliyev

Azərbaycanı beynəlxalq münasibətlər sisteminin mühüm aktoruna çevirən Prezident İlham Əliyev ötən il ərzində də fəal xarici siyasət yürüdüb

 Qlobal transformasiya dövrünü keçən dünyada beynəlxalq münasibətlər sisteminin güclü aktoru kimi siyasi-iqtisadi proseslərə təsir etmək heç də bütün dövlətlərə nəsib olmur. Lakin sevindirici haldır ki, bu baxımdan Azərbaycan Respublikası istisna təşkil edir. Çünki bu gün regionun sosial-iqtisadi gücü kimi bütün inkişaf parametrlərinə görə ölkəmiz nəinki Cənubi Qafqazda, hətta Şərqi Avropa regionu üzrə güclü dövlət olaraq qəbul edilir. 

Məhz Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilib. Azərbaycan beynəlxalq tədbirlərə, forumlara, konfranslara evsahibliyi etdiyi kimi xaricdə də aktiv şəkildə təmsil olunur. Bu, özünü 2016-cı ildə də bir daha göstərdi.

 Düşünülmüş, uğurlu xarici siyasət, xalqın maraqlarına layiqli xidmət

 Ötən il Prezident İlham Əliyev demək olar ki, əksər beynəlxalq əhəmiyyətli tədbirlərə dəvət aldı və bu toplantılarda həmişə olduğu kimi Azərbaycan həqiqətlərini dünyaya bəyan etdi. Nazirlər Kabinetinin iclasında dövlət başçısı bu səfərlərini belə dəyərləndirmişdir: “Mənim çoxsaylı xarici səfərlərim beynəlxalq əlaqələrimizi daha da möhkəmləndirib. Mən ilin əvvəlindən bəri bir neçə beynəlxalq tədbirdə iştirak etmişəm. Davos Ümumdünya İqtisadi Forumu - bu, dünya miqyasında birinci beynəlxalq tədbirdir. Orada həm iqtisadi, həm siyasi məsələlər gündəlikdədir. Ondan sonra Münxen Təhlükəsizlik Konfransı - bu da dünya miqyasında Davos Forumu ilə eyni səviyyədə olan beynəlxalq tədbirdir. Orada da Azərbaycanın, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi səsləndi. Londonda Suriyaya yardım məqsədilə keçirilmiş konfransda mənim iştirakım Azərbaycanın mövqeyini və imkanlarını bir daha ortaya qoydu. Vaşinqtonda Nüvə Sammitində Azərbaycan fəal iştirak etmişdir. Bizim o sammitə dəvət olunmağımız ölkəmizin nüfuzunu göstərir. Çünki Azərbaycan nüvə dövləti deyil və Azərbaycanda nüvə tədqiqatları demək olar ki, aparılmır. Ancaq buna baxmayaraq, Azərbaycan oraya dəvət edilmiş ölkələrin sırasında idi. Eyni zamanda sammit çərçivəsində Amerikanın yüksək səviyyəli rəhbərləri ilə - Prezident, dövlət katibi ilə mənim çox səmərəli görüşlərim olmuşdur”. 

Prezident İlham Əliyevin ötən il ərzində xarici ölkələrə etdiyi səfərlər Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətimizin və xalqımızın maraqlarına layiqli xidmətini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə, təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsinə, ölkəmizin haqq səsinin dünyada eşidilməsinə imkan verdi.
Son illər beynəlxalq münasibətlər sisteminin olduqca ziddiyyətli və gərgin mərhələyə qədəm qoyması, yeni münaqişə ocaqlarının yaranması və ayrı-ayrı qütblərdə dayanan dövlətlərin intensivləşən siyasi çəkişmələri geosiyasi proseslərə olduqca mənfi təsir göstərib. Yeni formalaşmış geosiyasi vəziyyətdə qlobal idarəetmə xeyli çətinləşib.
Bu gərginliyə baxmayaraq, Azərbaycan dövləti daim beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasəti ilə bütün sahələrdə nümunəsini, identikliyini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil, müasir ölkə kimi tanıdıb.
Prezident İlham Əliyevin rəhbərliyi altında son 13 ildə Azərbaycan dövləti xarici siyasətdə elan etdiyi prioritetlərə uyğun olaraq dünyanın ayrı-ayrı subyektləri ilə özünün siyasi və iqtisadi əməkdaşlığını tamamilə bərabərhüquqlu tərəfdaşlıq formatında qurub və keyfiyyətcə yeni mərhələyə yüksəldib.

 Prezident İlham Əliyev ötən il 9 beynəlxalq toplantıda iştirak edib

 Hər il olduğu kimi, 2016-cı ildə də dövlət başçısının xarici səfərləri, beynəlxalq konfranslara, forumlara dəvət edilməsi ölkəmizin dünyada xüsusi önəmini göstərdi və eyni zamanda Azərbaycan üçün yeni imkanlar açdı. Prezident İlham Əliyev ötən il 9 beynəlxalq toplantıda - Davos Ümumdünya İqtisadi Forumunda, “Suriyaya və regiona dəstək” konfransında, Münxen Təhlükəsizlik Konfransında, IV Nüvə Təhlükəsizliyi Sammitində, İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə, Dünya Humanitar Sammitində, NATO-nun Varşava Sammitində, MDB Dövlət Başçıları Şurasının iclasında, Dünya Enerji Konqresində iştirak edib və bu beynəlxalq tədbirlərin keçirildiyi müddətdə bir çox dövlət başçıları, hökumət nümayəndələri, tanınmış şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. 

Yanvar ayının 20-də ilk səfərini İsveçrəyə edən Prezident İlham Əliyev Davos Forumunun “Yeni enerji tarazlığı” mövzusunda sessiyasında və forum çərçivəsində təşkil olunan dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısında iştirak edib. Prezident səfər çərçivəsində, yəni yanvarın 20-22-də dövlət başçıları, hökumət rəsmiləri, beynəlxalq şirkət və təşkilat rəhbərləri ilə 17 ikitərəfli görüş keçirib. 
Prezident İlham Əliyev fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edib. Səfər çərçivəsində dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid əl Məktumla, Abu Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed əl Nəhyan ilə geniş tərkibdə görüşləri olub. Səfər zamanı iki ölkə arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair saziş, eləcə də, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Fevralın 2-də Azərbaycana dönən ölkə rəhbəri bir gün sonra, fevralın 3-də xüsusi dəvət ilə Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak etmək üçün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər edib. Konfransda çıxış edən dövlət başçısı bir daha Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətindən söz açıb. London konfransı çərçivəsində dövlət başçısı, həmçinin Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.
Fevralın 12-də Almaniya Federativ Respublikasına işgüzar səfərə yollanan Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”da və “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə iştirak edib. Səfər çərçivəsində ölkəmizin rəhbəri dövlət və hökumət rəsmiləri, şirkət sahibləri ilə 6 görüş keçirib.
Fevralın 23-də isə Azərbaycan Prezidenti İran İslam Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində dövlət başçısı bu ölkənin Prezidenti Həsən Ruhani və Ali Dini Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb və iki ölkə arasında 11 rəsmi sənəd imzalanıb.

 Qardaşlıq nümunəsi - 2016-cı ildə Azərbaycan Prezidenti Türkiyəyə 4 dəfə səfər edib

 Prezident İlham Əliyev ötən il Türkiyə Respublikasına 4 dəfə səfər edib. Bu səfərlərin üçündə dövlət başçısı beynəlxalq tədbirlərə - İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində (13-15 aprel), Dünya Humanitar Sammitində (22-23 may) və Dünya Enerji Konqresində (9 oktyabr) iştirak edib. 

İlk səfər mart ayının 15-də gerçəkləşib. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşdən sonra Ankarada dövlət başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib. İclasdan sonra iki ölkə arasında 3 yeni saziş və bir protokol imzalanıb. Bu səfərlər çərçivəsində dövlət başçısı 7 görüş keçirib.
Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev həm İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində, həm də Dünya Humanitar Sammitində iştirakı ilə bağlı fikirlərini səsləndirib: “İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə aprel döyüşləri ilə bağlı Azərbaycanın mövqeyi tam dəstəklənmişdir. Yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyü məsələləri əks olunmuşdur və münaqişənin bu prinsiplər əsasında həlli qeyd edilmişdir. Bununla bərabər, münaqişə ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində kontakt qrupu da yaradıldı. Bu da bizim böyük diplomatik uğurumuzdur. Türkiyədə digər mötəbər beynəlxalq tədbirdə - Dünya Humanitar Sammitinin işində Azərbaycan çox fəal iştirak etmişdir. Bu səfərlərlə yanaşı, ikitərəfli formatda bir neçə səfər təşkil edilmişdir”.

 Azərbaycan nüvə ölkəsi olmasa da, ABŞ-da keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət alır

 ABŞ-da keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilən dövlət başçısı mart ayının 30-da bu ölkəyə səfər edib. Sammitdən öncə Prezident İlham Əliyev martın 31-də ABŞ Prezidenti Barak Obama, vitse-prezident Co Bayden, Dövlət katibi Con Kerri, ticarət naziri Penni Pritzker, dövlət katibinin müavini Tomas Şennon ilə mühüm görüşlər keçirib. Aprelin 1-də Vaşinqtonda baş tutan IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən dövlət başçısı, həmçinin ABŞ-ın ictimai xadimləri, bir sıra konqresmenləri, yəhudi təşkilatlarının rəhbərliyi, şirkət, bank sahibləri və qubernatorlarla ümumilikdə 13 görüş keçirib.

Nazirlər Kabinetinin iclasında bu səfərlə bağlı fikir səsləndirən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın həmin sammitə dəvət olunması ölkəmizin nüfuzunun göstəricisidir: “Çünki Azərbaycan nüvə dövləti deyil və Azərbaycanda nüvə tədqiqatları, demək olar ki, aparılmır. Ancaq buna baxmayaraq, Azərbaycan oraya dəvət edilmiş ölkələrin sırasında idi. Eyni zamanda sammit çərçivəsində Amerikanın yüksək səviyyəli rəhbərləri ilə - Prezident, Dövlət katibi ilə mənim çox səmərəli görüşlərim olmuşdur”.
İyunun 6-da Azərbaycan Prezidenti Almaniya Federativ Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində dövlət başçısı Almaniyanın Federal Kansleri Angela Merkel, ölkənin vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel və Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşlər keçirib. Həmçinin ölkə rəhbəri Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında iştirak edib. Prezident Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayer və qurumun üzvləri, eləcə də “Airbus Group” şirkətinin icraçı vitse-prezidenti Jan Pier Talamoni ilə görüşüb.

 NATO-nun Varşava Sammiti - Azərbaycan həqiqətlərini təsdiqləyən sənədin qəbulu

 Azərbaycan Prezidenti iyulun 7-də NATO-nun Varşava Sammitində iştirak etmək üçün Polşanın paytaxtı Varşavaya işgüzar səfər edib. Dövlət başçısı iyulun 8-də bu alyansa üzv olan və İSAF proqramına qoşulan tərəfdaş ölkələrin, BMT, Avropa İttifaqı, eləcə də digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə baş tutan sammitin açılış mərasimində, həmçinin iyulun 9-da sammit çərçivəsində keçirilən Əfqanıstanla bağlı sessiyada iştirak edib. Prezident sammitdə çıxış edərək bir daha Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini, Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini dünya birliyinin diqqətinə çatdırıb.

Səfər zamanı ölkə rəhbəri ABŞ-ın Dövlət katibi Con Kerri, Fransa Prezidenti Fransua Olland, Polşa Prezidenti Andjey Duda, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ikitərəfli görüşlər keçirib.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bu sammit və keçirilən görüşlərlə bağlı fikirlərini bölüşüb: “Hər bir beynəlxalq tədbirdə Azərbaycanın mövqeyi səslənir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı. Varşavada NATO-nun Zirvə görüşündə də çıxışımın demək olar ki, yarısını mən bu mövzuya həsr etmişəm və orada iştirak edən dövlət və hökumət başçıları bir daha həqiqətləri eşidiblər. Ermənistanın yalanları artıq heç kimə təsir göstərmir. Onlar diaspor imkanlarından və bizim beynəlxalq səviyyədə o qədər də çıxışımızın olmamasından istifadə edərək münaqişə ilə bağlı yalan məlumatlar yayırdılar. İndi artıq o dövr arxada qalıb. Həqiqət ondan ibarətdir ki, Azərbaycan haqlıdır və beynəlxalq hüququn normaları bu münaqişə ilə bağlı tam şəkildə tətbiq edilməlidir”. Dövlət başçısı vurğulayıb ki, NATO-nun Zirvə görüşündə qəbul edilmiş yekun sənəddə, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı çox ciddi məqamlar öz əksini tapıb. Həmin sənəddə Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü tanınır və münaqişənin bu prinsiplər əsasında öz həllinin tapmasının vacibliyi qeyd edilir.

 Ermənistan prezidenti Serj Sarkisyanın Bişkekdə növbəti ifşası

 Ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki ölkənin rəhbərləri arasında görüşlər keçirilib - may ayının 16-da Avstriyada, iyunun 20-də isə Rusiyada. Sankt-Peterburq şəhərində bu ölkənin Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli görüşün yekunlarına dair birgə bəyanat qəbul edilib. Prezidentlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər. Sankt-Peterburq görüşünün çox müsbət keçdiyini söyləyən ölkə rəhbəri bu görüşün müəyyən ümidlər yaratdığını vurğulayıb. Məhz buna görə də görüşün nəticəsində birgə bəyanat qəbul edilib. Həmin bəyanatda Azərbaycanın mövqeyi kifayət qədər geniş yer alıb: “Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki bir daha demək istəyirəm ki, son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var”.

Prezident İlham Əliyev sentyabrın 16-da Qırğız Respublikasına səfər edərək Bişkek şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Əvvəlcə MDB Dövlət Başçıları Şurasının iclası məhdud tərkibdə, sonra isə geniş tərkibdə keçirilib və sonda sənədlərin imzalanması mərasimi olub. Məhdud tərkibli iclasda Prezident İlham Əliyev iclasın gündəliyinə daxil olan məsələlər ətrafında geniş nitq söyləyib. Ancaq Ermənistan prezidenti Serj Sarkisyan əlinə düşən fürsətdən “yararlanmağa” cəhd edərək bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxış edib. O, bu hadisələr zamanı Azərbaycanın guya atəşkəs rejimini pozduğunu iddia edib. Ermənistan prezidentindən sonra əlifba sırası ilə Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış etməli idi. Lakin Prezident İlham Əliyevin xahişindən sonra Belarus Prezidenti danışmaq imkanını dövlət başçımıza verib. Prezident İlham Əliyev Ermənistan prezidentinə tutarlı və sərt cavab verərək onu bir daha ifşa edib: “Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib. Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, - bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, - sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. 
Onlar bizim ərazilərimizi daim nəzarət altında saxlamaq və hər yerdə Azərbaycanı bunda ittiham etmək istəyirlər ki, guya biz nəyisə pozuruq. Biz zərər çəkmiş tərəfik. Biz heç kəsin ərazisini işğal etməmişik. Bizim ərazilərimiz, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Reallıqlar bundan ibarətdir. Buna görə mən Ermənistan prezidentinin növbəti yersiz şikayətini nəzərə alaraq, bir daha bunları həmkarlarımızın diqqətinə çatdırmağı özümə borc bildim”.
Tutarlı arqumentlərə əsaslanaraq Serj Sarkisyanı növbəti dəfə ifşa edən Prezident İlham Əliyevin sərt çıxışı işğalçı ölkənin rəhbərini Ermənistanda gülüş obyektinə çevirib.

 Enerji təhlükəsizliyi müzakirə ediləndə Azərbaycanı nəzərə almamaq mümkün deyil

 Prezident İlham Əliyevin ötən il iştirak etdiyi son beynəlxalq tədbir İstanbulda keçirilən Dünya Enerji Konqresi olub. Oktyabrın 9-da Türkiyəyə işgüzar səfər edən dövlət başçısı öncə İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Oktyabrın 10-da isə 23-cü Dünya Enerji Konqresinin açılışında iştirak edib. 1923-cü ildə yaradılan bu qurum bərpa olunan enerjinin gələcəyi ilə bağlı mühüm layihələr həyata keçirilən qlobal miqyaslı mötəbər forumdur. Təşkilatın 93 milli komitəsi aralarında bu sahədə ixtisaslaşmış qurumların da olduğu 3 mindən çox üzvü təmsil edilir. Əsas vəzifəsi hamının rifahına xidmət edən davamlı enerji tədarükü sisteminə əsaslanan enerji istifadəsini təşviq etməkdir.

“Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində Azərbaycan, Rusiya və Venesuela prezidentləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti əsasında iştirak ediblər. 
Prezident İlham Əliyev konqresdə çıxış edərək deyib: “Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir. Bu, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir və bu rol getdikcə artır. Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır. Türkiyənin inkişafı, sabitliyi nəinki Türkiyəni sevən ölkələrə, ona dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır. Bu ilin iyulunda Türkiyə çətin bir sınaqdan şərəflə çıxdı. Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək, böyük qəhrəmanlıq göstərərək, çevriliş cəhdinin qarşısını aldı, dövlətçiliyi, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qorudu. Biz Azərbaycanda sizinlə fəxr edirik”.
Dövlət başçısı vurğulayıb ki, bu gün dünya enerji və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəndə Türkiyəni və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki təbii ehtiyatlar, böyük coğrafiya, şaxələndirilmiş nəqliyyat infrastrukturu artıq hər iki ölkədə var: “Biz bunu yaratmışıq və biz öz işimizi bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı mənfəət və maraqlar əsasında qururuq. Bu gün biz çox sevinirik ki, Türkiyə uğurla, inamla irəliyə gedir. Türkiyə “Böyük 20”-lərin üzvüdür. Türkiyə-Azərbaycan əlaqələrini bir faktla əsaslandırmaq üçün sadəcə olaraq onu deməliyəm ki, “Böyük 20”-lərin keçən il noyabr ayında Antalyadakı zirvə görüşündə Türkiyə bu kluba üzv olmayan bir ölkəni dəvət edə bilərdi və o, Azərbaycanı dəvət etdi. Buna görə bir daha sizə minnətdaram”.
Konqres başa çatdıqdan sonra Prezident İlham Əliyev İstanbulda BP şirkətinin baş icraçı direktoru Robert Dadli və Venesuela Prezidenti Nikolas Maduro ilə görüşüb və dövlət başçısının Türkiyəyə işgüzar səfəri oktyabrın 10-da başa çatıb. 
Azərbaycan Prezidentinin 2016-cı ildə xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər və sammitlərdə, konfranslarda çıxışları bir daha sübut edir ki, tam müstəqil siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sisteminin öz səsi, mövqeyi olan, rəyinə hörmətlə yanaşılan nüfuzlu subyektinə çevrilib. Bu da cəmi 25 ildir dövlət müstəqilliyini əldə etmiş bir ölkə üçün çox böyük uğurdur. Dövlət başçısının son 13 ildə xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda rezonans doğuran qətiyyətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan böyük diplomatik məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir.

AzerTaym.az

 

 

 






Fikirlər