Qarabağ problemini dünyanın GÜNDƏMİNƏ necə GƏTIRMƏLI?
Siyasi analitik Azərbaycana münasibətdə “ikili standart” yanaşmasının səbəbindən danışdı, çıxış yolu göstərdi... Dağlıq Qarabağ münaqişəsinin yaşı 30 ilə yaxınlaşsa da, onun həlli vacibliyi hələ ki dünya güclərinin diqqət mərkəzində, dünyanın gündəmində deyil. Gürcüstanın, Ukraynanın, Moldovanın da ərazilərindəki separatizm ocaqları, münaqişələr isə daha böyük diqqət mərkəzindədir. Yəni, eyni həssaslıq Qarabağ münaqişəsinə münasibətdə görünmür. Bəs bu ayrı-seçkilik nədən qaynaqlanır? Nələr edilməlidir ki, Dağlıq Qarabağ məsələsi dünyanın gündəminə həlli vacib məsələ kimi daxil olsun? Politoloq Qabil Hüseynli bildirdi ki, Dağlıq Qarabağ məsələsi postsovet məkanında olan digər münaqişələrdən fərqləndirilməyə çalışılır: “Məsələn, hələ ATƏT-in Lissabon sammitində Gürcüstanın və Moldovanın ərazi bütövlüyü yekdilliklə təsdiq edilsə də Azərbaycanın ərazi bütövlüyü məsələsinə Ermənistanın səs verməməsi ucbatından bu məsələ sadəcə olaraq, o zamankı ATƏT sədrinin ayrıca bəyanatında öz əksini tapmışdı. BMT-nin məlum qətnamələrindən başlayaraq bu məsələyə münasibətdə beynəlxalq təşkilatların özünün fəaliyyətində qeyri-ardıcıllıq müşahidə olunur. ATƏT hansı ki, bu məsələnin həllini öz üzərinə götürüb, postsovet məkanındakı münaqişələrə münasibətdə tədricən reallığı əks etdirməyən bir fəlsəfəni inkişaf etdirməyə başladı. Minsk Qrupu Dağlıq Qarabağ məsələsini əlahiddə məsələ olduğunu və buna görə də buna əlahiddə yanaşma tələb olunduğunu irəli sürməyə başladı. Bu əlahiddəlik də özünü onda göstərdi ki, Gürcüstan və Moldovada ərazi bütövlüyü əsasında problemin həll edilməsi tərəddüd edilmədən irəliyə sürülürdüsə, Dağlıq Qarabağ məsələsində ərazi bütövlüyü ilə öz müqəddəratını təyin etmə prinsipləri eyni zamanda irəli sürülürdü. Burada açıq şəkildə iki standartlardan istifadə edilirdi və edilir. Bu ikili standartların formalaşmasında bir tərəfdən xristian təəssübkeşliyi, o biri tərəfdən də Ermənistanın lobbiçilik fəaliyyəti mühüm rol oynayırdı. Məsələn, müqayisə etdikdə Gürcüstanın Abxaziya vilayətindəki abxazlar yerli aborigen xalq olsalar da, onların öz müqəddəratını təyin etmək hüququ qəbul edilmədi. Amma Dağlıq Qarabağa son iki yüz ildə ruslar tərəfindən köçürülmüş ermənilərin öz müqəddəratını təyin etmək hüququ məsələsinin tədrici olsa da yavaş-yavaş həll variantında elementə çevrilməsinə imkan yaradılır. Bu məsələdə bütün xristian ölkələri və eləcə də xristian kilsəsi önəmli rol oynayıb. Dünya düzənini müəyyən edən, dünya idarəçiliyində həlledici rola malik olan dövlətlər münaqişələrə münasibət məsələsində sırf dini amillərlə, xristian amilinə üstünlük verirlər. Burada da islamafobiya özünü göstərir, xristian təəssübkeşliyi bu məsələnin həllində ön plana keçir”. Bəs, Azərbaycan nə etməlidir ki, Dağlıq Qarabağ məsələsi dünyanın diqqət mərkəzində, gündəmində olan məsələlər sırasına keçsin? Buna müharibəyə başlamaqla, yoxsa diplomatik işi sürətləndirməklə nail olmaq mümkündür?
Politoloqa görə, hər iki metoddan istifadə edilməlidir: “Azərbaycan öz geosiyasi əhəmiyyətinə görə Qərb və bütün dünya üçün əhəmiyyətli bir bölgədir. Məsələn, Azərbaycanın enerji ehtiyatları bu gün Avropa qitəsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu təsir rıçaqını biz elə istifadə etməliyik ki, ciddi siyasi dividendlər gətirsin və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı dünya siyasətində bir növü lobbiçilik funksiyasını yerinə yetirmiş olsun. Yəni Azərbaycanın geosiyasi üstünlükləri bütünlüklə Qarabağ probleminin həllinə yönəldilməlidir. Bunu Azərbaycanın nəqliyyat dəhlizi kimi artan roluna da aid etmək olar. Azərbaycanın istifadə edə biləcəyi bütün imkanlardan Dağlıq Qarabağ məsələsinin dünyanın diqqətində olan əsas məsələlərdən birinə çevrilməsi üçün istifadə edilməlidir.Əgər görsək ki, bunlar bir nəticə vermir Azərbaycan müharibə variantını seçməlidir. Müharibə variantının seçilməsi problemin həllinin vacibliyinə dünyanın diqqətini cəlb edə bilər. Azərbaycan tədricən silahlı qüvvələrini daha da təkmilləşdirməklə, cəmiyyətin özünü təkmilləşdirməklə, insanların mənəvi-psixoloji ruhunu yüksəltməklə ərazi bütövlüyümüzün təmin edilməsi məsələsini hər bir insanın bir nömrəli məsələsinə çevirməlidir. Belə olanda dünyanın diqqətini cəlb edə biləcəyik. Cəmiyyətdəki müəyyən sosial ədalətsizliklər, rüşvət və korrupsiya qanunların işləməməsi kimi problemlər həll edilməlidir. İnsanlararası kəskin qütbləşmənin də tənzimlənməsinə ciddi ehtiyac var. Elə edilməlidir ki, Azərbaycan insanı tutduğu mövqedən, milli mənsubiyyətindən asılı olmayaraq öz vətəni üçün canından keçməyə hazır olsun. Məhz belə bir vəziyyətə nail olduqdan sonra başlanan müharibə qələbəyə gətirər”.