Ayaz Mütəllibov eks-spikerə cavab verdi — QALMAQAL BÖYÜYÜR

Müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Milli Məclisin keçmiş sədri Yaqub Məmmədovun dollarla bağlı onun haqqında söylədiyi fikirlərə cavab verib.

A.Mütəllibov “Ölkə.Az”-a eksklüziv açıqlamasında bildirib ki, Yaqub Məmmədovun söylədiyi fikirlər səhvdir:

Ümumiyyətlə, Yaqub Məmmədovla mənim aramda heç vaxtı dollar söhbəti olmayıb. Vaxtilə mən Türkiyəyə səfər edən zaman rəhbərlik etdiyim nümayəndə heyəti tərkibində Yaqub Məmmədov da təmsil olunub. Ancaq mənim əlimdə heç bir pul olmayıb. Çünki səfər zamanı bizim bütün xərclərimizi İşlər İdarəsi ödəyirdi. Prezident idim, ancaq məndə pul haradan idi? Yəqin ki, dollarları Yaqub Məmmədov özü qazanıb, indi bunu mənim boynuma atmasın! Mən heç kəsə pul verməmişəm. Bütün bunlar yalan söhbətdi”.

A.Mütəllibov prezident olduğu dövrdə dollar və digər xarici valyutaların çətin tapıldığını söyləyib:

Yadıma gəlir, 1990-cı illərin əvvəli idi. Moskvadan mənim üçün xidməti maşın kimi 1 ədəd “Mercedes Benz 190” model avtomobil göndərilmişdi. Ancaq mən o avtomobildən istifadə etmədim. Sürücüm Oqtay həvəslə məndən bir neçə dəfə xahiş edirdi ki, o maşına baxmaq lazımdır, icazə ver idarə edim. Mən isə ona dedim ki, lazım deyil, bunun üçün qaraj var, qoyun qalsın orada, qonaq avtomobili kimi istifadə olunar, ancaq mən o maşına minməyəcəm. Çünki mən o maşına minsəydim, getdiyimiz yolda hər kəs bu avtomobilə baxıb mənə bəxtəvərlik oxuyacaqdı. Halbuki, o zaman Qarabağ münaqişəsi yeni başlayırdı və mən heç bir xoşbəxtliyimi hiss etmirdim. Tutduğum vəzifədən də razı deyil idim. O zaman çox böyük bəlaya düşmüşdük. Bir gün isə sürücüm mənə bildirdi ki, həmin avtomobilə ehtiyyat hissəsi alınmalıdır. Ehtiyyat hissələri də xarici valyuta ilə alındığı üçün mən Prezidentin İşlər İdarəsinə müraciət etdim. Onlar isə mənə cavab verdilər ki, İdarənin bu il üçün limit qalmayıb. Sonra mən Baş nazir Həsən Həsənova müraciət etdim. Həsən Həsənov da mənə yazılı şəkildə bildirdi ki, bu il üçün limitimiz tükənib və pul ayrılmayacaq. Bununla da həmin maşına ehtiyyat hissələri alınması üçün bizə xarici valyuta ayrılmadı. Bütün bunlar həqiqətlərdir”.

Xatırladaq ki, Milli Məclisin keçmiş sədri, Azərbaycan prezidenti səlahiyyətlərini icra etmiş Yaqub Məmmədov mətbuata müsahibəsində jurnalistin “Sizə niyə “Dollar Yaqub” deyirlərmiş” sualını belə cavab verib:

Bu, mənə qarşı böyük bir şər kampaniyası idi. O dövrdə heç dollar yox idi. Mən dolları ilk dəfə 1992-ci ildə görmüşəm. O vaxt Mütəllibov böyük bir nümayəndə heyəti ilə Türkiyəyə səfər eləmişdi, mən də o tərkibdə idim. Onda bankdan bizim hərəmizə 170 dollar verdi. Mənə dolların sifətini ilk dəfə Ayaz Mütəllibov göstərib”.






Fikirlər