Mütəllibovun Elçibəy hökumətinə ittihamına sərt reaksiyalar GƏLDİ
İsgəndər Həmidov: “O yaşlanıb, şıltaqlanıb və bir az da uşaq olub”; Hikmət Hacızadə: “Qarabağ onun vaxtında getdi, Xocalı faciəsi onun vaxtında törədildi” Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun “Yeni Müsavat”a verdiyi geniş müsahibə bir sıra müzakirələr doğurub. Eks-prezident açıq şəkildə olmasa da, AXC hakimiyyətinin ünvanına üstüörtülü ittihamlar səsləndirib. Onun əsas diqqətçəkən ittihamı hakimiyyətdən gedişi ilə bağlıdır. Mütəllibov bildirib ki, hakimiyyətdən getməyi Dağlıq Qarabağın itirilməsinə səbəb olub. Bu fikirlərlə sabiq dövlət başçısı onu istefaya getməyə məcbur edən AXC hakimiyyətini günahlandırıb. Əksəriyyət onun fikirlərinə qarşı çıxsa da, A.Mütəllibovun fikirlərini müdafiə edənlər də var. Sabiq prezidentin dediklərində həqiqətlər axtaranların əsas arqumentləri ondan ibarətdir ki, həmin dövr üçün Rusiyanın adamı sayılan bir şəxsin hakimiyyətdə qalması Azərbaycan üçün daha sərfəli idi. AXC hakimiyyəti dövründə daxili işlər naziri olmuş İsgəndər Həmidov A.Mütəllibovun yaşlandığına görə nə dediyinin fərqində olmadığını söylədi: “Dünənki tarixdir, baxın görək, biz hakimiyyətə gələnə qədər hansı ərazilər itib, biz hakimiyyətə gələndən sonra hansı ərazilər işğal olunub. Əksinə, Dağlıq Qarabağ Ayaz Mütəllibovun vaxtında itirildi. Ondan sonra hakimiyyətdə Yaqub Məmmədov oldu və onun dövründə də Şuşa və Laçın itirildi. Ayazın dediyi yalanlara insan necə cavab verəcəyini bilmir. O yaşlanıb, şıltaqlanıb və bir az da uşaq olub. Hərəkətlərinə, danışdıqlarına fikir vermir. Sənədlər durur, işğal olunmuş torpaqların tarixi ortadadır. Ona baxanda cəbhə hakimiyyəti dövründə hansı torpaqların işğal olunduğunu görmək olar. Guya Ayaz Mütəllibov Dağlıq Qarabağa gedə bilirdi ki. 1991-ci ildə sessiya keçirdilər və qərar qəbul etdilər ki, Dağlıq Qarabağ Ermənistan ərazisidir, bu günə qədər də həmin sənəd durur, ləğv olunmayıb. Onun dedikləri absurddur, Allah ona ağıl versin. Ayaz Rusiyanın adamı idi, amma Rusiyada elə bir şəxs hakimiyyətdə idi ki, araqdan başqa heç nədən xəbəri yox idi. Araqdan içib, yıxılıb yatırdı. Hətta Bakıya gələndə qonaq yerinin yataqxanasında yata bilməmişdi, skamyada yatmışdı. O zaman Rusiyanın kimisə hakimiyyətdə saxlamaq, gedən proseslərə təsir etmək imkanları yox idi. Ayaz Mütəllibov Rusiyanın adamı idi və onlara arxalanırdısa, o zaman Xocalı faciəsi rus alayının iştirakı ilə törədilib. O zaman belə çıxır ki, o, Rusiya ilə birləşib, Xocalı soyqırımını törədib”.
Sabiq nazir Ayaz Mütəllibovun olmadığı tarixdə cəbhə hakimiyyətinə qədər itirilən Şuşa və Laçın məsələsinə də toxundu: “Yaqub Məmmədov Ayaz Mütəllibovun nümayəndəsi idi. Mayın 8-də Şuşa işğal olunanda hakimiyyətdə Yaqub Məmmədov idi, Milli Məclisin sədri kimi prezident səlahiyyətlərini icra edirdi. Tarixə baxsınlar, sonra danışsınlar. Yaqub Məmmədovun vaxtında itirilən ərazilər birbaşa Ayazın ayağına yazılmalıdır. Şuşa Dağlıq Qarabağa aiddir, amma Laçın yox. Burada cəbhə hakimiyyətinin nə günahı var? Yazıq çox yaşlanıb və nəticədə ağlını itirməkdədir. O boşuna Bakıya gəlməyib. Ona missiya verdilər ki, gəlsin Bakıya. Cəbhə hakimiyyəti 24 ildir gedib, qalanlar nə edib?”
Elçibəy iqtidarında Azərbaycanın Rusiyada səfiri işləmiş Hikmət Hacızadə eks-prezidentə daha sərt cavab verdi: “Ayaz yatır, yatır, səsi çıxmır, Xocalı faciəsinin zamanı gələndə özünü tərifləməyə başlayır, sanki yuxudan oyanır. Başqa mövzularda danışsa, daha yaxşı olardı. Qarabağ onun vaxtında getdi, Xocalı faciəsi onun vaxtında törədildi. O ordu yaratmağımıza mane oldu. Onun fikri-zikri o idi ki, Moskva ona kömək edəcək. Rusiyada sonda ona kömək etmədi. Nə qədər Rusiyaya yalvarsa da, xeyri olmadı. Ona görə də, ermənilər addım-addım torpaqlarımızı işğal edirdi, sonda da Xocalı faciəsi baş verdi. Nəticədə istefaya göndərildi”.
AXC idarə heyətinin sədri olmuş, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bunları dedi: “O zaman parlamentin üzvü idim və milli ordunun yaradılmasını təklif edəndə, onlar şəxsən mənə etiraz etdilər. Ayaz Mütəllibov heç cürə ordunun yaradılmasından söhbət gedə bilməz kimi ultimatum verdi. Yalnız qvardiya yaratmağın mümkünlüyündən danışırdı. Qvardiya da onun özünə lazım idi, özünü qorumaq üçün. Qərbi Azərbaycandan gələnlər Qarabağa yerləşdirilmişdi. Birbaşa onun göstərişi ilə həmin insanlar oradan çıxarıldı. Bütün hallarda o, rusların burada qalmasında maraqlı idi. Rusiyanın müstəmləkəsi altında qalmağımızda Ayaz Mütəllibov maraqlı idi. Hakimiyyətindən sonra Rusiyaya sığınması onu göstərdi ki, Kremlin oyuncağı idi. Yaş fərqimiz olduğuna görə onun dediklərinə dərinliyi ilə cavab vermək istəmirəm. Yaşımız uyğun olsaydı, hansısa bir görəvi daşısaydı, fərqli münasibət bildirərdim. Azərbaycan xalqının başına gələn faciələrdə Ayaz Mütəllibovun birbaşa rolu var, Xocalı və 20 Yanvar faciələrini misal çəkə bilərik. Ya bilərəkdən, ya da bilməyərəkdən böyük faciələrə səbəb oldu. O dövrdə AXC onu hakimiyyətdən bir az da tez uzaqlaşdırmasaydı, daha ciddi fəsadlar baş verə bilərdi. De-fakto olan hadisələr de-yure şəklində ermənilərin xeyrinə doğru gedə bilərdi. Azərbaycanda rus ordusunun qalmasında çox maraqlı idi, ordumuzun olmamasını istəyirdi. Ayaz Mütəllibovun danışıqlarına Azərbaycanda kiminsə inanacağına inanmıram”.