25.09.2014 - İlham Əliyevlə Moskva meri bağlı qapılar arxasında görüşdü
Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, S.Sobyanin Azərbaycanla Rusiya arasındakı iqtisadi əlaqələrin inkişafından danışıb.
“Azərbaycandan Moskvaya göndərilən ərzaq məhsullarının həcmi son illər üç dəfə artıb. Amma bunu daha da artırmaq zərurəti yaranıb. Biz bu gün sizin hökumətlə, kənd təsərrüfatı məhsulları ixrac edən konkret qurumlarla əlavə saziş imzalayırıq ki, əmtəə mübadiləsinə əlavə təkan verək, iqtisadi-ticari münasibətlərin yeni mərhələsinə keçid edə bilək” - deyə Moskva meri Azərbaycan prezidenti ilə görüş zamanı bildirib.
İlham Əliyev isə öz növbəsində Azərbaycanın yeni məhsullarının Moskva bazarlarına göndərilməsinin vacibliyini vurğulayıb.
“Biz əməkdaşlığın davam etdirilməsində maraqlıyıq. Moskva bizdən ötrü vacib tərəfdaşdır” - deyə İ.Əliyev bildirib.
Qeyd edək ki, bir çox ölkələrin Ukrayna hadisələrinə görə Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab olaraq rəsmi Moskva avqustun 7-də Avropa İttifaqı ölkələrindən, habelə Avstraliya, Kanada, ABŞ və Norveçdən quş, mal və donuz əti, balıq və balıq məhsulları, meyvə-tərəvəz, süd və süd məhsulları idxalının tam dayandırıldığını bəyan etdi. Yalnız uşaq qidalarına şamil edilməyən bu qadağalar 1 il qüvvədə qalacaq.
Bundan sonra Moskva meri S.Sobyanin şəhər hökumətinə MDB ölkələrindən, əsasən də Azərbaycandan alınan ərzaq məhsullarının həcminin artırılması barədə müvafiq işlər görmək tapşırığı verib.