Tamerlan Qarayev jurnalistlər qarşısına çıxdı – İndoneziyadakı “Sultan” OTELINDƏ

tamerlan-2

Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev paytaxt Cakartdakı “Sultan” otelində keçirilən iftar mərasimindən sonra jurnalistlərin qarşısına çıxıb və bəzi açıqlamalar verib.

Virtualaz.org İndineziya saytı hidayatullah.com-a istinadla xəbər verir ki, səfir jurnalistlərə Azərbaycanla Ermənistan arasında 25 ildən çoxdur davam edən müharibə barədə danışıb. O, ümid etdiyini bildirib ki, bu münaqişə, nəhayət, öz həllini tapacaq.

Tamerlan Qarayev indoneziyalı jurnalistlərə məlumat verib ki, bu münaqişə Azərbaycanın yenicə müstəqillik əldə etdiyi illərdə ermənilərin Dağlıq Qarabağda yaşayan azərbaycanlıları kütləvi qovması, onları qətlə yetirməsi ilə başlayıb.

“Onlar hər gün insanlarımızı öldürürdü. Ermənistan silahlı qüvvələri azərbaycanlı dinc əhalini, körpə uşaqları, yaşlı insanları belə qətlə yetirirdi” – səfir bildirib.

Tamerlan Qarayev deyib ki, Azərbaycan Qarabağ məsələsində başqa ölkələrdən, o cümlədən İndoneziyadan dəstək gözləyir. O, Ermənistanın tez-tez təmas xəttində eskalasiyaya əl atdığını və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını da deyib.

Tamerlan Qarayev Azərbaycanın real hərbi gücünün Ermənistandan qat-qat artıq olduğunu deyib. Ancaq əlavə edib ki, Ermənistanı Rusiya, ABŞ, Avropa ölkələri və İran dəstəkləyir. Bu səbəbdən Azərbaycan torpaqlarını işğaldan azad edə bilmir: “Azərbaycan dəstək xahiş edir. Çünki beynəlxalq hüquq bizim tərəfimizdədir. Azərbaycan beynəlxalq hüquq baxımından düzgün olmayan nəsə xahiş etmir, sadəcə istəyir ki, Ermənistan hərbi qüvvələri Azərbaycan ərazilərindən çıxarılsın. Bu, ədalətli, düzgün mövqedir və dünya ictimaiyyətinin bu mövqeyimizi dəstəkləməsinə ümid edirik”.

Səfir məlumat verib ki, Azərbaycan prezidentinin İndoneziyaya gözlənilən səfəri zamanı iki ölkə  hökumətləri arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 14 sənəd imzalanacaq.

Tamerlan Qarayev Azərbaycanın neft və qazla zəngin olduğunu, eyni zamanda başqa ölkələrlə rəqabət aparacaq meyvə-tərəvəz istehsal etdiyini deyib. “Bizdə dünyanın ən dadlı manqosu da bitir” – o, zarafatla bildirib.

 






Fikirlər