Yekaterina Sokiryanskaya
"The New York Times" (ABŞ), 17.08.2017
Avqustun 2-də Çeçenistan paytaxtı Qronzıya enən axşam reysini bir qrup yüksəkçinli məmurlar qarşılayır. Onların yanında bu təyyarənin enməyini səbirsizliklə gözləyən və hisslərini var gücüylə nəzarətdə saxlamağa çalışan yaşıl hicablı cavan bir qadın durub. Sonra trapı buraxırlar və Çeçenistan hərbi polisinin zabiti düşərək əllərində arıq, solğun bir uşağı gətirir. Uşaq iki il görmədiyi anasını tanımır. 4 yaşlı Bilalı İŞİD yaraqlılarına qoşulmağı qət etmiş atası 2015-ci ci ildə oğurlayıb. İraq əsgərləri iyulun ortalarında uşağı Mosulun xarabalıqlarında aşkarlayıblar və o zaman çəkilmiş videoçarx şəbəkədə çox sürətlə yayılmışdı. Çeçenistanın qüdrətli başçısı Ramzan Kadırov iki həftədən sonra uşağı anasına qaytarıb.
Çox vaxt sadəcə Ramzan adlanan cənab Kadırov özünə xəstələrə və ehtiyacı olanlara yardıma hazır adam nüfuzunu yaratmağa səy edir. O, Ukraynada həbs edilmiş Rusiya jurnalistlərini azad etməyə yardım göstərib və Rusiyanın Liviyada ələ keçirilmiş dəniz piyadalarını xilas edib. Bu cür nüfuz çarəsiz rusiyalıları yardım üçün ona üz tutmağa təhrik edir, ona videomüraciətlər göndərirlər – bir qədər əvvəl adamlar illik mətbuat konfransı zamanı prezident Vladimir Putinə bu cür xitab edərdilər.
Çeçen liderinin sosial şəbəkələrdəki akkauntlarına milyonlarla adamın abunəçi olduğu nəzərə alınsa, o, öz nüfuzunu artırır, sadə rusiyalılar içindəki reytinqi isə yüksəlir. 1999-cu ildə II Çeçenistan müharibəsi dövründə nüfuzlu qəbiləsi düşmən tərəfə keçən və cənab Putini dəstəkləyən keçmiş separatçı cənab Kadırov respublikanı on ildən çoxdur yönəldir. O, bu müddətdə keçmiş separatçı respublikanı Rusiya daxilində dövlət içində dövlətə çevirməyi bacarıb – öz qanunları, təhlükəsizlik xitmətləri, vergi sistemi və hətta xarici siyasəti ilə.
Cənab Kadırovun çevrəsinin təmsilçiləri ona açıq şəkildə “padişah” deyirlər və ona kral ailəsinin təmsilçisi kimi yanaşırlar. Çeçenistanın bütün vətəndaşları söz-söhbətsiz ona tabe olublar ki, bu da hər yerdə insan haqları pozuntusu və respublikanın güclü təhlükəsizlik xidmətlərinin fəaliyyəti sayəsində formalaşmış vahimə atmosferi ilə izah olunur.
Cənab Kadırovun – danışığna fikir verməyən, istənilən problemi həll edən və istənilən adamı öz iradəsinə tabe edən liderin üslubu getdikcə daha çox təqdir doğurur, çünki hazırda Rusiyanın özü də populist avtokratiya yönündə hərəkətlənir.
Cənab Kadırov indiki anda cənab Putinin üçüncü prezidentlik müddətinin parlaq ifadəsidir – parlaq ifadə olunmuş ideologiya, mühafizəkarlıq, ənənəvi dəyərlərə vurğu və erkək millətçiliyi ilə. Hər iki lider istənilən əlverişli imkanda öz kişi gücünü sərgiləməyə can atmağı ilə ad çıxarıb: cənab Putin dzüdo üzrə çempiondur, cənab Kadırov isə qaydasız döyüşə məftundur. Cənab Putin gücə sayğını öyrəndiyi Peterburq küçələrində böyüyüb. Cənab Kadırov əsil müharibəyə qatılmaqla əlində avtomat həddi-buluğa yetib.
Hər iki lider pələng və silahla kamera qabağında poza almağı xoşalyır, onları tez-tez avtomobil sürdükləri, at mindikləri və yaxud dua etdikləri anlarda çəkirlər. Cənab Putinin kişi başlanğıcı zaman-zaman cinsəl iradlarda bəlirlənir, cənab Kadırov isə “namus qətli”ni açıqca dəstəkləyir. Hər ikisi homoseksualları təqib edir: Rusiya lideri homoseksualizmin yasaqlandığı haqda qanun qəbul edərkən Çeçenistan lideri öz respublikasında homoseksualların əsla olmadığını bildirib – Çeçenistan təhlükəsizlik xidmətlərinin gizli həbsxanalarda qeyri-ənənəvi yönlü kişilərə sistemli şəkildə işgəncə verdiyi haqda bir yığın məlumatlara baxmayaraq.
Lakin aşkar oxşarlıqlar ciddi fərqi və hətta gərginliyi ört-basdır edir. Cənab Kadırov gənc və iddialıdır, halbuki Putinin keçmişində böyük təcrübə və illərin yorğunluğu var. Onun hətta 2018-ci il prezident seçkilərinin astanasında populyarlığı yüksək səviyyədə saxlamaq üçün vəsaiti də bitir. Hətta cənab Putinin höcət Kadırovun ipini yığmaq bacarıqsızlığı bunun əsas indikatorudur ki, Rusiya prezidentinin öz ölkəsində nüfuzlu elitaya nəzarəti tədricən zəifləyir.
Cənab Putin hələlik cənab Kadırova kart-blanş (tam fəaliyyət sərbəstliyi-tərc.) təqdim edib. Kreml Çeçenistanda işlərin məhz necə aparıldığına heç vaxt özəl diqqət ayırmayıb – bütün qalmaqalların Çeçenistan hüdudları daxilində qalması şərtilə. Bu, Çeçenistandan kənara çıxarkən Kreml qaş-qabaq edib, amma cəzasızlığın təminatını davam etdirib. Cənab Kadırov islamçı separatçıların üsyanını boğub və federal pullar hesabına müharibənin xaraba qoyduğu respublikanı yenidən tikib. O, prosesdə ağlasığmaz sərvət toplamağa nail olub. Xeyriyyə fondlarını və idman tədbirlərini dəstəkləyib və hətta Rusiya televiziyasında şəxsi realiti-şounun sahibi olub.
Bundan savayı, cənab Kadırov öz təhlükəsizlik xidmətini hazırlayıb və silahlandırıb. O, hazırda Moskvada aparıcı siyasi lobbiçilərdən biridir. Çeçenistan başçısı Rusiya korporasiyaları və nazirlikləri ilə pəncələşsə, bir qayda olaraq, qalib gəlir.
Bəzi tənqidçilərin sözlərinə görə, cənab Putin indi cənab Kadırovdan qorxur, çünki anlayır ki, çeçen liderin mövqeyinə meydan oxumaqda istənilən ciddi səy üçüncü müharibəyə dönüşə bilər. Özü də ilk ikisindənsə bu müharibə daha qanlı çıxa bilər, çünki cənab Kadırovun Rusiya DİN-ə yalnız sözdə tabe olan təhlükəsizlik xidmətləri əla hazırlanıb və silahlandırılıb.
Cənab Kadırovdan xoflanma Çeçenistan hüdudlarından xeyli uzağa yayılıb. Bəzi məlumatlara görə, Çeçenistan təhlükəsizlik xidmətlərinin yüzlərlə agenti hazırda Moskvadadır və şayiələrə görə, “müəssisələrə xərac qoyur” və başqa qanunsuz işlərə qatılırlar. Hər şeydən göründüyü üzrə, çeçen həmkarları öz tabelik hüdudlarından kənarda həbslər apararkən yerli Rusiya polisi qarışa bilməz. Cənab Kadırovun ən yaxın çevrəsi təmsilçilərinin ciddi cinayətlərə əli bulaşdığı bəzi hallarda federal rəsmilər onlara nisbətdə araşdırmanın qabağını alıblar.
Digər tərəfdən, Putinin təsviri olan futbol köynəyində camaat içində tez-tez görünən Kadırov dəfələrlə bildirib ki, lazım gələrsə, Rusiya lideri uğrunda döyüşə və ölümə hazırdır. Hələlik cənab Kadırov bu cür fövqəltəbii sədaqət nümyiş etdirincə Putin öz çeçen müttəfiqinin artan nüfuzundan gərəksiz narazılığını üzə verməməyə çalışır.
Doğrudanmı, Rusiya prezidenti Kadırova bu cür kor-koranə inanır? Yaxud faktiki olaraq onun girovuna dönüb?
Nə budur, nə də o biri. Kremllə Qroznı arasındakı münasibətlər hesablanıb, ciddi şəkildə nəzarətdədir və hər iki tərəfə qazanc gətirir. Cənab Kadırov Kremli inandırıb ki, Çeçenistana ancaq o, göz qoymağa qabildir, cənab Putin isə bu “münaqişənin tənzimlənmə” modelini effektli sayır. Çeçenistan təhlükəsizlik xidmətləri hibrid müharibələr dövründə Rusiya üçün səmərəli aktivdir. Belə ki, məxfi əməliyyatlar çərçivəsində düşmənlə mübarizə üçün onlardan yararlanmaq mümkündür. Cənab Kadırovun adamları Ukrayna və Suriyada döyüşüblər. Çeçenistan lideri həmçinin Yaxın Şərqin başçıları ilə danışıqlar aparıb, indi isə Hələb və Xomsda məscidlərin bərpasıyla məşğuldur.
Cənab Putin öz tərəfindən vətəndaşların azadlığını məhdudlaşdırmaq üçün Çeçenistan müharibəsi və terrorizm təhlükəsindən istifadə edib. Çağdaş Rusiyada repressiv praktikaların əksəriyyəti əvvəlcə Çeçenistan əhalisi üzərində sınaqdan keçirilib. Başqa bölgələrin polisləri on il müddətində Çeçenistana səfər edib və oradan işgəncələrdən istifadənin sonuncu yerdə durmadığı “faydalı vərdişlər” gətiriblər.
Cənab Putin əmin ola bilər ki, hakimiyyəti əldə saxlamaq üçün Rusiyanı daha çox “çeçenistanlaşdırmaq” ehtiyacı meydana çıxarsa, federal səviyyədə yüksək iddiaları olmaqdan ötrü etnik baxımdan hədsiz dərəcədə özünəməxsus olan cənab Kadırova güvənə bilər.
Hətta hesab olunur ki, Çeçenistan lideri Rusiya təhlükəsizlik xidmətləri isteblişmentinin yuxarı eşelonlarındakı düşmənlərdən müdafiə olunmaq məsələsində cənab Putindən asılıdır. Çeçenistan federal maliyyələşmədən çox güclü şəkildə asılıdır: pul olmasa, cənab Kadırova sadiq adamların sayı sürətlə azalacaq və yanında yalnız qohum və dostları qalacaq. Amansız basqılara məruz qalmış minlərlə çeçen qisas fürsəti gözləyir.
Şübhəsiz, Qroznı ilə Kreml arasındakı sıx münasibətlər – ola bilsin, KİV-lər şişirdir – rusiyalıların bir qismini qıcıqlandırır və gizli antiçeçen ksenofobiyasının (başqasına düşmən münasibət – tərc.) artımına şərait yaradır. Cənab Kadırovun rolu bir hissəsi Çeçenistanın müstəqilliyini fərəhlə qəbul edəcək Rusiya müxalifəti ilə cənab Putin arasındakı mübahisələrin əsas predmetindən biri olub (amma separatizm mövzusunun rəsmi ictimai müzakirəsi qanunaziddir).
İctimaiyyət tədricən dərk edir ki, münaqişə riski son dərəcə yüksəkdir, iki lider arasındakı alyans əzəldən durumdan diktə olunub və son dərəcə şəxsiləşdirirlib. Amma onların qarşılıqlı asılılığı cənab Putin və cənab Kadırovun əlaqəsini çox etibarlı edir. Rusiyada indi barəsində tez-tez xəbərdarlıq edilən vətəndaş iğtişaşları başlasa, çox ehtimal ki, bu əlaqə daha çox möhkəmlənəcək.
Tərcümə Strateq.az-ındır.