«Sənin neçə yaşın var? Yerini bil!» - Ərdoğan Qabrieli YERINƏ OTURTDU
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğanı ölkəsində keçirilən seçkiqabağı kampaniyaya «kobud müdaxilə etməkdə» günahlandırandan sonra, Türkiyə liderinin sərt tənqidi özünü çox gözlətməyib. Bu barədə «Frans Press» agentliyi xəbər verib. «O, heç bir sərhəd tanımır! Sən kimsən ki, Türkiyənin Prezidenti ilə danışasan? Öz yerini bil. O, bizə dərs verməyə cəhd göstərir… Sən çoxdanmı siyasətdəsən? Sənin neçə yaşın var!» – deyə, Ərdoğan Ziqmar Qabrieli yerinə oturdub. Ötən cümə günü «Hurriyet Daily News» nəşri yazmışdı ki, Ərdoğan Almaniyada yaşayan Türkiyə əsilli sakinlərə müraciət edərək, onları qarşıdan gələn seçkilərdə kansler və Xristian demokrat ittifaqı (XDİ)/Xristian sosialist ittifaqı (XSİ) alyansının lideri Angela Merkelə və Sosial-demokrat partiyasının (SDP) lideri Martin Şultsa səs verməməyə çağırmışdı. Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel isə bunu «Almaniyada seçkiqabağı kampaniyaya kobud müdaxilə» adlandırmışdı. Məlumat üçün bildirək ki, Almaniya bundestaqına seçkilər sentyabrın 24-lə keçiriləcək.