Siyasi PARTİYALARIN 2018-ci ildən GÖZLƏNTİLƏRİ

 

Artıq 2017-ci ilin bitməsinə sayılı günlər qalıb. Bu il ölkəmizdə bir sıra sahələrdə önəmli hadisələr baş verdi. Lakin 2017-ci ildə Azərbaycanda siyasi gündəm olduqca kasad oldu, partiyaların fəaliyyəti demək olar ki, hiss olunmadı. Yeni ildən isə hər kəs ümidlidir.

Bu baxımdan  siyasi partiyaların 2018-ci ildən gözləntiləri nələrdir?

Modern.az bu sualla bir neçə siyasi partiyaya müraciət edib.

 Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə:

“Yeni Azərbaycan Partiyası fərq qoymadan hər zaman partiya daxilində özünün fəaliyyətini aparır. Fəaliyyətimiz yeni üzvlərin qazanılması, üzvlərimizlə ideoloji işlərin aparılması, növbəti seçki prosesinə hazırlıq məsələsi, ölkədəki fəaliyyətimizi bütün sahələrdə nəzərdən keçirib nöqsanlarımızın aradan qaldırılması, uğurlarımızın daha da gücləndirilməsi istiqamətində olacaq. Eyni zamanda biz fəaliyyətimizi təkcə üzvlər arasında  deyil, bütün cəmiyyətdə aparmağa çalışırıq. 

Gələn il prezident seçkiləri baş tutacaq. YAP əsas fəaliyyətini bunun üzərində quracaq. Seçki kampaniyasına qədər partiya daxilində hazırlıqlar olacaq, seçki kampaniyası rəsmən elan ediləndən sonra tədricən artıq mərhələ-mərhələ işlərimizi görərək, təbliğat işlərində fəal iştirak edəcəyik. İnanırıq ki, namizədimiz yenidən prezident seçkilərində qalib gələcək və növbəti 7 ildə Azərbaycanın daha da qüdrətlənməsi istiqamətində öz töhfəsini verəcək”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu:

“2018-ci ildə prezident seçkiləri olacaq. Çox güman ki, prezident seçkilərinin keçirilməsi ölkəmizin və bütün siyasi qüvvələrin taleyini həll edəcək. Ona görə də 2018-ci ildən gözləntilərim çoxdur. Azərbaycanda siyasətin dəyişməsinə ümid edirəm”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu:

“Hamı kimi millətimizə, dövlətimizə xeyli, uğurlu il olmasını arzulayıram. Eyni zamanda 2018-ci ildə Qarabağ problemini həll etmək qismət olsun. Həmin ildə  Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi olacaq. Onun adına layiq olaq və təkcə atributlarını deyil, demokratiyanı, azadlığı da bərpa edək. Azərbaycan həqiqətən də parlamentli respublika olsun. 2018-ci ildə problemlərimiz az olsun və həll etməyi bacaraq”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı:

2018-ci ilin ümumiyyətlə çox əhəmiyyətli il olacağını düşünürəm. Həmin ildə bir çox tarixi hadisələr var. Bunların içərisində ən önəmlisi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin qeyd olunacağı günlərdir. İkincisi, Azərbaycanda müstəqilliyin  bərpa olunmasında xüsusi xidməti olan  mərhum eks-prezident Əbülfəz Elçibəyin 80 illiyi olacaq. 

Həmçinin, növbəti ildə prezident seçkiləri planlaşdırılır. Həmin seçkilərin azad, demokratik və dünya standartlarına cavab verəcəyini  gözləyirik. Daha doğrusu, belə olmasına ümid bəsləyirik. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycan cəmiyyəti də fəal olmalıdır. Xüsusilə də seçki məsələsində diqqətli olmalı, hakimiyyətdə pozitiv dəyişikliklər etməliyik. Nəhayət 2018-ci ildə Azərbaycan xalqının layiq olduğu demokratik  başlanğıcını görməsini arzulayıram”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şura üzvü Əli Orucov:

İlk növbədə regionumuzda sülhün və təhlükəsizliyin qorunmasını istəyərdik. Əsas gözləntimiz Dağlıq Qarabağ probleminin ədalətli həll olunması, eyni zamanda 2018-ci ildə ölkədə demokratik seçkilərin keçirilməsidir. Yəni bu ənənənin başlanğıcı qoyulsa, daha yaxşı olar. Bildiyiniz kimi, qarşıdan prezident seçkiləri gəlir və bu, ölkənin taleyindən çox mühüm hadisədir. Bu baxımdan 2018-ci ilə daha nikbin,  müsbət notlarla qədəm qoyulmasını istərdik”.
Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan:

2018-ci il üçün  hər hansı gözləntim yoxdur. Azərbaycanın iqtisadi  və ya demokratik baxımdan inkişafı ilə bağlı müsbət fikirlərim ola bilməz. Digər tərəfdən 2018-ci ildə prezident seçkiləri olacaq, amma bu da formal xarakter daşıyacaq”.






Fikirlər