Putin erməni NAZİRİ niyə Azərbaycana göndərdi? - Müharibə AÇIQ MÜSTƏVİYƏ KEÇİR

Putin erməni naziri niyə Azərbaycana göndərdi? - Müharibə AÇIQ MÜSTƏVİYƏ KEÇİR

Ermənistanda prezident Serj Sarkisyanla baş nazir Karen Karapetyan arasında vəzifə bölgüsünə görə əldə olunan razılışma pozulandan sonra müharibə açıq müstəviyə keçir.

Publika.az
 xəbər verir ki, 2018-ci ilin işğalçı ölkə üçün siyasi müstəvidə qanlı il olacağı gözlənilir.


Gələn ilin aprelində Sarkisyanın prezident səlahiyyətləri başa çatır. Bundan sonra yeni konstitusiyaya əsasən ölkədə əsas söz sahibi baş nazir olacaq. İqtidarı əldən vermək istəməyən Sarkisyan məhz baş nazir olaraq hakimiyyətini davam etdirməyi planlaşdırır. Lakin Kremlin adamı olan və birbaşa Rusiyadan Ermənistana göndərilərək, bu ölkənin baş nazir postuna yerləşdirilən Karapetyan bu prosesdə Sarkisyanın üçün ciddi əngələ çevrilib.

Sarkisyan oktyabrın 16-da Cenevrədə Azərbaycan lideri ilə keçirilən Qarabağ görüşündən ölkəsinə qayıdan kimi Karapetyana “baş nazirin birinci müavini olaraq hökuməti idarə etmək” təklifini verdi. Məlumatlara görə, Karapetyan əvvəlcə razılaşmasa da, qarşı cəbhənin “sən Azərbaycan lideri ilə Qarabağ danışıqlarını aparmaq gücündə deyilsən” arqumentindən sonra təklifi qəbul edib. Razılaşmaya görə, Sarkisyan baş nazir olaraq xarici siyasət və təhlükəsizlik sektoruna, Karapetyan isə baş nazirin birinci müavini olaraq hökumətə nəzarət edəcəkdi. Lakin sonradan razılaşma Karapetyan tərəfindən pozuldu.

Böyük ehtimalla, razılaşmanın pozulması göstərişi Kremldən verilmişdi. Çünki Sarkisyan noyabrın 15-də Moskvada Putinin qəbulunda oldu və həmin görüşdə Dağlıq Qarabağdan tutmuş, Ermənistanın daxili siyasətinə qədər bir çox məsələnin müzakirə edildiyi haqda məlumatlar var. Ehtimallara görə, müzakirələr Putinin istəyinə uyğun keçməyib. Ardınca Sarkisyan Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqında təmsil olunmasına baxmayaraq, Brüsselə getdi və Avropa İttifaqı ilə saziş imzaladı. İddialara görə, bu məsələdə Rusiya Ermənistana təzyiq etməyib. Lakin sazişin imzalanmasından dərhal sonra Kremlin Ermənistandakı adamı Karapetyan Sarkisyanla vəzifə bölgüsünə dair razılaşmanı pozdu və gələn il üçün təbliğat kampaniyasına başladı. Bu, Kremlin Sarkisyanı cəzalandırmaq niyyətindən xəbər verir.

Sarkisyanın sonrakı gedişləri onun Putinin niyyəti ilə razlaşmaq fikrində olmadığını deməyə əsas verir. Xüsusilə Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasından qayıdan kimi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlməsi diqqət çəkdi. Bu, Sarkisyanın Rusiyanın təzyiqinə rəğmən, Qarabağ kartını gələcək hakimiyyəti üçün əsas rupora çevirdiyini və erməni ictimaiyyətini məhz bu faktor üzərindən arxasına almaq istədiyinin nümunəsi idi.

Ən maraqlı məqam isə Sarkisyanın Qarabağa gəlişindən sonra Karapetyanın da işğal olunmuş ərazilərə səfər etməsidir. Baş nazirin bu posta təyin olunandan sonra ilk dəfə qondarma rejimlə Dağlıq Qarabağ münaqişəsi və təhlükəsizlik məsələsini müzakirə etməsi də təsadüfi deyil. Bu, faktiki olaraq Karapetyanın “təhlükəsizlik və Qarabağ” faktoru üzərindən hakimiyyətini davam etdirməyi planlaşdıran Sarkisyana eyni faktorlar üzərindən alternativ irəli sürməsi və postundan əl çəkməyəcəyi haqda açıq mesaj verməsidir. Amma indiyə qədər bu mövzudan qaçan Karapetyanın məhz Sarkisyanı cəzlandırmaq niyyətində olan Putin tərəfindən Qarabağa göndərildiyi amili də diqqətdən qaçmamalıdır.

Göründüyü kimi, İrəvanda siyasi müharibə getdikcə qızışır və bu, Ermənistan üçün “qanlı il”in yaxınlaşdığı deməkdir.






Fikirlər