Əli Əliyev Isa Qəmbəri İTTİHAM etdi...

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Müsavat lideri İsa Qəmbəri tarixi faktları təhrif etməkdə ittiham edib.

Gununsesi.info xəbər verir ki, partiya sədrinin “Facebook”da paylaşdığı statusda İsa Qəmbərin AXC III konfransı ilə bağlı yazılarına münasibət bildirib.

Həmin statusu təqdim edirik:

“Müsavat lideri İsa Qəmbər 1990-cı il 6-7 yanvar tarixli AXC 3-cü konfransı barədə xatirələrini paylaşıb. Maraqlı və risqli gedişdir.

Əvvəldə onu deyim ki, İsa bəy Xalq hərəkatının aparıcı isimlərindən biri, kifayət qədər hesaba alınmalı fiqurudur. İllər sübut edib ki, o təsadüfən siyasətə gəlməyib. Mübarizə prioritetlərimizdə köklü fərqlər olsa da, onun siyasi “ölçülərini” etiraf etməmək insafsızlıq olar.

Onun müraciət etdiyi mövzuya, yəni 20 yanvar 1990-cı il hadisələrindən əvvəlki siyasi vəziyyətə nə vaxtsa geniş şəkildə münasibətimi bildirəcəyəm. Ola da bilər çox zaman tələb olunmaz. Qarşıda gələn seçkilərdə İsa bəylə üz-üzə gəlmək zorunda qalsaq, sözsüz ki, onun siyasi karyerasının ən zədəli dövrlərindən biri olan həmin hadisələrə qiymət verəcəyəm. Əlbəttə ki, bu qiymətləndirmə subyektiv olacaq. Elə bu gün İsa Qəmbərin təəssüratları kimi…
Maraqlı bir neçə məqama toxunmaq istəyirəm. Seçki ilində İsa Qəmbəri belə həssas mövzulara müraciətə sövq edən nədir? Müxalifətin ayrılma nöqtələrini ictimai müzakirəyə təklif etmək nəyə və kimə lazımdır? Uzun susqunluqdan sonra belə aşkarlıq seçki ilində lazım idimi? Təbii ki, bu sualları yalnız cənab Qəmbər düzgün cavablandıra bilər, bunda işim yox.

Mən adı keçən konfransın rəsmi nümayəndəsi, haqqında söz açılan atmosferin canlı şahidiyəm. İsa bəy xatirələrində bir sıra məsələləri ustalıqla ya təhrif edir, ya da məharətlə üstündən keçir. Danışdıqlarında bir sıra həqiqətlər də mövcuddur, sözsüz. Həmin tarixi konfrans Azərbaycanda müstəqillik hərəkatının öyrənilməmiş səhifəsidir. AXC 3-cü konfransı Xalq hərəkatının rəhbərliyində təmsil olunanlardan “Hwo is hwo?” sualına aydınlıq gətirən əvəzsiz bir prosesdir. Bu prosesə fərdlər deyil, cəmiyyət qiymət verməlidir. Bizim, maraqlı tərəflərin yanaşmaları subyektiv olacaq.

Həmin hadisələrin ictimailəşməsi baş tutarsa, Azərbaycanın müstəqillik yolunda kimlərin nə danışdığını, siyasi uzaqgörənliyini, iç dünyasını, xidmətlərini, fədakarlığı və qorxaqlığını, cəsarət və riyakarlığını aşkar şəkildə dəyərləndirmək mümkün olacaq.

Gözümüzün qarşısında yaxın tariximizin təhrifi, faktların manipulyasiyası baş verir. Bunu ki, edən YAP deyil. Saxtakarlıq bizim siyasi elitanın, düşərgəsindən asılı olmayaraq, düçar olduğu mərəzdir. Son illərdə bu qənaət daxilimdə kök salmış doqmadır.

Təklifim var. Həmin tarixi konfransın video materialları yəqin ki, kimlərdəsə var. Birinin hörmətli Pənah Hüseyndə olduğunu dəqiq bilirəm. Dediyinə görə 12 kasetdir. Ola bilsin ki, başqalarında da var. Xahiş edirəm, o proses haqda cəmiyyətin, xüsusən yetişən gəncliyin dolğun biliklərə malik olması üçün video materialları yayın. Əslində, oradakı prosedur məsələlər və cari işlər kənara qoyulsa, üst-üstə 5-6 saatlıq material maraq doğurar. İdarə Heyəti üzvləri və AXC sədri Əbülfəz Elçibəyin çıxışları paylansa, kifayət edər. Həmin hadisələrin subyektivlik çətirindən çıxarılması üçün ən qısa yol məhz budur. Bu materiallar da KQB arxivləri deyil ki, gizlədirsiniz. Həmin arxivləri gizlədəndə deyirdiniz ki, cəmiyyət bir-birinə dəyər. İndi nə deyəcəksiniz?

Bir kəlmə də hörmətli İsa bəyin açıqlamaları barədə demək istəyirəm. İsa bəy mənim düşərgə yoldaşım olmaqla yanaşı, həm də potensial rəqibimdir. Xatirələrə dalması məni məyus etdi. Görünür, yaşlanıb. Sentimental hisslərin baş qaldırması, keçmişə istinad orqanizmin fizioloji durumunu əks etdirir. Tibbi bir az bilən birisi kimi deyirəm ki, bu dövrə siyasətçilərdə memuar çağı deyilsə də, elmdə buna bioloji qocalıq deyirlər.

Düzdür, mərhum Murtuz Ələsgərov belə yanaşmaya sağlığında sarkostik cavab vermişdi, amma nə olsun. Bu barədə yaxşı lətifələr də var.

İsa bəyin hazırcavablığını və yaxşı yumor hissinin olmasını bilib, bunları yazdım. Yəqin ki, inciməz…”






Fikirlər