Mir Cəfər Bağırovun SAXTA ölümü QAMÇILANMASI və xilası

Modern.az Azərbaycan SSR Mərkəzi Komitəsinin birinci katibi işləmiş, tariximizin ən ziddiyyətli insanlarından biri kimi tanınan Mir Cəfər Bağırov haqqında maraqlı faktı təqdim edir:

Azərbaycanı bolşeviklər ələ keçirməzdn əvvəl M.C.Bağırov bir dəstə bolşeviklə Qarabağın bir çox yerlərində, gizli təşkilatlarla görüşür, tapşırıqlarını verir. Lakin, o, Şuşa şəhərində ələ keçir. Bir müddət Şuşada həbsdə yatdıqdan sonra və Qarabağın general qubernatoru Gəncədə oturduğundan göstərişlə onu qubernatora təhvil vermək zərurəti yaranır. Müseyib bəy adlı birinə bu işi  həvalə edirlər və tələb edirlər ki, M.C.Bağırovun cənab qubernatora təhvil verilməsi haqqında, onun imzası ilə sənəd gətirməlisən. Qazalaqlar hazır olur, dörd nəfər də polis əməkdaşları Müseyib bəyin rəhbərliyi ilə Gəncəyə üz tuturlar. Bağırov Müseyib bəyin qoçaq adam olduğunu, bəy oğlu olduğunu eşidib, xasiyyətindən də xəbərdar idi, proletariatı müdafiə etdiyini də bilirdi.

Yolda isə çox maraqlı əhvalat baş verir. Modern.az araşdırmaçı Ziyəddin Nəsibbəyliyə istinadən həmin faktı təqdim edir:

“Yolda Müseyib bəyi Bağırov inandırır ki, bolşeviklər mütləq qalib gələcək və o halda Müseyib bəyə heç kim heç nə edə bilməyəcək, çünki Müseyib bəy bolşevikləri, Azərbaycan proletarlarını müdafiə etmədə öz əməyi və zəhməti olmuş bir şəxs kimi təqdim edilə bilər və sənədli-sübutlu faktda vardır.

Müseyib bəy isə ona bir qamçı çəkərək, səsini kəsməsini əmr edir. Sürücüyə isə “Yevlaxa sür” əmri verir. Onlar Yevlax dəmir yol məntəqəsinə kimi danışmırlar. Şuşada Müseyib bəyi başa salmışdılar ki, Bağırov çox böyük bolşeviklərdəndir, həm də o da qoçaq adamdır, ehtiyatlı ol yolda qaça bilər. Yevlaxda isə Müseyib bəy ətrafındakı polisləri yeməkxanaya aparıb, onlara çay-çörək alır və qeyd edir ki, çörəklərini rahat-ayxayın yesinlər. O, özü Bağırovun qarovulunda duracaqdır. Müseyib bəy Bağırovun əl-qolunu açır, bəyə layiq onu yedizdirir və Yevlax-Bakı qatarına bilet alıb onu yola salır. Bağırov isə bir kağız parçası taparaq yazır: “Bütün kommunistlərə – Müseyib bəy əsl kommunist, proletariatın dayağıdır, Bağırovun xilaskarıdır. Mir.Cəfər”. Sonra Müseyib bəyə Bağırov bildirir ki, sən bu gündən bolşevik partiyasının üzvüsən, yerli bolşeviklərlə əlaqə qur, onlara dayaq dur, kim səni incidərsə, sənə verdiyim kağızı ona göstərərsən. Bu həm də sənin partiya biletindir”.

Onlar ayrıldıqdan sonra Müseyib bəy adamlarını götürərək Gəncəyə üz tutur. Yevlax-Gəncə yolunda böyük bir sahədə biçilmiş taxıl zəmisinə rast gələndə qazalağı saxlatdırır və göstəriş verir ki, iki nəfər küləş toplasın, diğərlər isə zəminin içində bir xəndək qazsınlar. Yığılmış küləşi qazılmış xəndəyə tökdürür və qızıl alışqanı ilə ona od vurur. Sonda küləş külünün üstü torpaqla basdırılır və baş daşı yerinə “burada qatı bir bolşevik əclafı basdırılıb” sözləri yazılmış taxtanı qoyurlar və o ətrafındakı adamlara müraciətlə “gördünüz də, qaçmağa cəhd edən qatı bolşeviki öldürdük, yandırdıq və üstünü də torpaqladıq”,- deyir. Hamı Müseyib bəyin sözlərini təsdiqləyirlər. O, cibindən xeyli pul çıxarıb onları mükafatlandırır və yollarını davam edirlər. Gəncəyə çatdıqda isə iki nəfər polisi yanında götürərək qubernatorun yanına girir və əhvalatı yuxarıda qeyd edildiyi tərzdə şərh edir, yanındakı polisləri də şahid qismində təqdim edir. Sonra Şuşadan gətirdiyi qubernator “töhvəsini” də ona təqdim edir və xahiş edir ki, ona bir sənəd verilsin ki, həqiqətən, M.C.Bağırovu Müseyib bəydən təhvil almışdır. Qubernator Şuşa polis idarə rəisinə öz imzası ilə bir sənəd verir və həm də göstəriş verir ki, Müseyib bəyin yoldakı bu şücaətinə görə onu mükafatlandırsınlar. Bu hadisə M.C.Bağırovla Müseyib bəyi çox yaxınlaşdırır. Yaxınlıq əlaməti olaraq M.C.Bağırov Müseyib bəyə bir qızıl cib saatı və bir ədəd də zərə tutulmuş gümüş qınlı xəncər bağışlayır.

 






Fikirlər