Afrinin gizli üzü və DƏHŞƏTLİ GERÇƏKLƏR - FOTO

Qərb niyə Türkiyənin terror əməliyyatına qarşı çıxır? - Afrinin gizli üzü və DƏHŞƏTLİ GERÇƏKLƏR - FOTO 

Türkiyə Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə təhlükəsizliyini təhdid edən terror şəbəkəsinin məhv etməyi planlaşdırır.

Bu, həm də Suriya masasında Türkiyənin regional güc olaraq əlini gücləndirəcək addımdır. Əməliyyatın davam etdiyi vaxtda bir sıra Qərb mediasının, xüsusilə Amerika KİV-nin Ankaranın terrora qarşı mübarizəsini yanlış təqdim etmək cəhdləri də müşahidə olunur.

Bu, Vaşinqtonun PKK/PYD/YPG terrorçularını dəstəklədiyi və bölgədə məhz onlar üzərindən siyasət yürütdüyü faktı fonunda informasiya müharibəsi olaraq dəyərləndirilir. Lakin ortada “Ağ ölüm” kimi görünməyən səbəblər də mövcuddur.

Publika.az Afrinin görünməyən üzünü xarici mediada araşdırıb.

3 avqust 2017-ci il: PKK-nın Afrində istehsal edib Türkiyə üzərindən dünya bazarına çıxarmaq istədiyi 250 milyon lirə dəyərindəki 12 milyon ədəd “Captagon” (Amfetamin) narkotik həbi Kilis polis bölməsinin əməkdaşları tərəfindən tutuldu. Bu həblər Kilis-Taşucu limanı (Mersin)-Səudiyyə Ərəbistan xətti ilə Yaxın Şərq ölkələrinə göndəriləcəkdi. Həblərin satışından əldə olunacaq gəlirlər də kifayət qədər böyük idi. Belə ki, Afrində istehsalı Türkiyə pulu ilə 85 quruşa başa gələn “Captagon”lar sərhədi keçən kimi 5-10 lirəyə, xarici ölkələrdə isə 5-10 dollara satılır.
18 sentyabr 2017-ci il: Türkiyə təhlükəsizlik qüvvələrinin Öncüpınar sərhəd-keçid məntəqəsində həyata keçirdiyi əməliyyat nəticəsində içində 3 milyona yaxın həbin olduğu TIR saxlanıldı. Narkotik satışından əldə olunan gəlirlərin PKK terror təşkilatının maliyyələşdirilməsi üçün istifadə edildiyi dəfələrlə sübut edilib.
Türkiyə Daxili İşlər Nazirliyinin Narkotika ilə Mübarizə Dairəsinin ötən il yaydığı məlumatda deyilir ki, PKK terror təşkilatı təkcə narkotik satışından ildə 1,5 milyard dollar gəlir əldə edir. Məlumatda qeyd olunur ki, Avropadakı narkotik ticarətinin 80 faizi PKK-nın əlindədir.
Avropa Polis Ofisinin (EUROPOL) eyni tarixdə yayımladığı “Terrorun vəziyyəti və inkişafı” (TE-SAT) adlı hesabatında da bildirilir ki, PKK-nın beynəlxalq narkotika ticarətində aktiv olmasının səbəbi irihəcimli terror aktlarının həyata keçirilməsi üçün maliyyənin lazım olmasıdır.
Türkiyə mediasında müxtəlif vaxtlarda yayılmış məlumatlar Afrində təşkilatlanmış və tərkibində beynəlxalq hümanitar təşkilat adı altında fəaliyyət göstərən xüsusi qrupların da olduğu geniş şəbəkənin narkotik ticarətini həyata keçirdiyi ortaya çıxır.

2016-cı il 7 noyabr tarixində başlanan “Fərat Qalxanı” əməliyyatından təxminən 2,5 ay sonra mediada yayılan bir xəbər diqqət çəkdi. Xəbərdə Afrindəki PKK/PYD terrorçularına qida, dərman, silah-sursat aparan və bu malların transferinə lojistik dəstək verənlərin Azezdə təşkilatlanmış bir dəstənin olduğu deyilirdi. Bu dəstəyə həmin dövrdə PKK/PYD rəhbərləri ilə yaxın münasibətləri olan Əbu Ali Siccu kod adlı Zəkəriyə İyd və Mustafa Halid Kursliderlik edirdi. Dəstənin taleyi bu gün məlum deyil, lakin hələ də fəaliyyətini davam etdirdiyi ehtimal olunur.
Ən diqqətçəkən məqam isə Zəkəriyə İyd və Mustafa Halid Kursun Adanadakı “İncirlik” bazasının müdavimlərdən olmasıdır. Hər iki şəxs PYD-nin Afrindəki qruplaşmasının rəhbəri “Siyar” kod adlı terrorçu ilə yaxın əlaqələrə malik olublar. Dəstənin Afrinin xarici dünyaya çıxış qapısı olaraq gördükləri Öncüpınar sərhəd keçid məntəqəsindən ayda təxminən 1,5 milyon dollar qazandıqları deyilir.
PKK-ya bağlı olan narkobaronlar

1 dekabr 2017-ci il: Mediada məlumat yayıldı ki, PKK/PYD-nin Afrindən idarə etdiyi narkotik trafikinin əsas ünvanı Avropadan sonra ən böyük bazar olan Birləşmiş Ərəb Əmirlikləri (BAE), Səudiyyə Ərəbistanı və Kuveytin olduğu Körfəz bazarıdır. Beynəlxalq təşkilatların məlumatlarına görə, terror təşkilatının bu bölgəyə apardığı narkotikdən əldə etdiyi gəlir 600 milyon dollardan çoxdur. Bu ticarətin onurğasını isə Türkiyədə fəaliyyət göstərən, PKK-ya bağlı narkobaronlar – Fadıl Hezza, Abdulbasit Şeyho, Ömer Keşiş və Suriyanın keçmiş millət vəkili Mustafa Hamuştəşkil edir. Türkiyədə saxta pasportlarla yaşayan bu şəxslər trafikin Mersin, Kilis və İstanbul xəttinə rəhbərlik edirlər.
Narkotik tuneli


PKK narkotikləri təkcə yerüstü yox, yeraltı yollarla da daşıyır. Məlumatlara görə, terrorçular Afrindən Türkiyənin İslahiye bölgəsinə qədər 20 kilometrlik tunel qazıb. Bu tuneldən terrorçuların Türkiyəyə keçidi və narkotika daşınması həyata keçirilir.
Göründüyü kimi, Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı bölgədə “terror dəhlizi” planının alt-üst edilməsi ilə yanaşı, həm də bu beynəlxalq narkoticarət şəbəkəsinin fəaliyyətini çökdürür. Mütəxəssislər hesab edirlər ki, bir sıra Qərb mediasının Ankaraya qarşı “səlib yürüşü”nə başlamasının səbəblərindən biri də budur. Çünki bu qədər böyükhəcimli gəliri olan narkoticarət PKK-nın təkbaşına həyata keçirə biləcəyi iş deyil. Bu terror təşkilatından Türkiyəyə qarşı istifadə edən güclər həm də onlar vasitəsilə narkoticarəti idarə edirlər. Əslində ABŞ-ın Şimali İraqdan Aralıq dənizinin Suriya sahillərinə qədər uzanan “kürd dəhlizi” planının hədəflərindən birinin məhz Əfqanıstanda istehsal edilən narkotikin Avropa və dünya bazarına çıxarılmasına yol açmaq olduğu haqda tutarlı məlumatlar mövcuddur.
Kabil-Nyu-York xətti və Qərbin narkomanlığı


2015-ci ildə Türkiyənin “Takvim” qəzetində dərc olunan “Kabil-Nyu-York narkotik xətti və PKK iqtisadiyyatı” başlıqlı məqalədə deyilir ki, əslində kürd məsələsi deyilən şey Qərbin narkomanlğıdır.
Qəzet yazır ki, xaşxaş, yəni tiryək ən bahalı narkotiklərdən olan heroin üçün ilkin xammaldır. Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlığa qarşı Mübarizə ofisinin məlumatına görə, tiryək istehsalı illik 10 min tona yaxınlaşır. Əfqanıstan isə bunun 90 faizini istehsal edir. Ölkədə narkotik maddələri üçün ayrılan ərazi 250 min hektardır. 9 min tonluq tiryək saqqızından isə ildə təxminən 500 ton heroin əldə olunur. Əldə edilən heroinin təxminən 400 tonu digər ölkələrə göndərilir. 400 tonluq “əfqan malı”nın 100 tonunun hər il şimal istiqamətində - Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan marşrutu ilə Rusiyaya çatdırıldığı təxmin edilir. Heroinin 100 tonu da müxtəlif yollarla Çin, ABŞ, Kanada və Afrika ölkələrinə göndərilir. Qalan 200 ton heroinin ünvanı isə Avropadır. Son məlumatlara görə, Əfqanıstanda bir kiloqramı 3 min dollara alınan heroinin qiyməti Türkiyəyə çatanda 12 min dollara, Türkiyə üzərindən Avropaya çatanda isə 45 min dollara satılır. Kabil – Nyu-York xəttində ilk mərhələ olan Kabil-London marşrutunun “təhlükəsizliyi”ni məhz PKK üzərinə götürür.
PKK mafiyası və 86 milyardlıq büdcə


PKK Əfqanıstan sərhədindəki İran bazarından aldığı heroini Avropaya çatdırmaq üçün Qəndil xəttindən istifadə edir. Məhsul əvvəlcə Türkiyəyə çatdırılır və onun kiçik bir qismi Türkiyə daxilində satılır. Qalan “böyük partiya mal” isə Yunanıstan, Bolqarıstan, Serbiya, Rumıniya, Macarıstan, Avstriya, Almaniya, Hollandiya marşrutlarından istifadə edilərək bu ölkələrdə paylanılır, məhsul sonda İngiltərəyə çatdırılır. PKK bəzən də əfqan tiryəkini xam halda alaraq özünün laboratoriyalarında istehsal edir və daha çox qazanır. PKK-nın həm İran torpaqlarındakı Qəndil dağlarında, həm də Şimali İraqdakı düşərgələrində heroin istehsal edən mərkəzləri var.Əfqanıstandan Avropaya daşınan 200 ton heroinin nəqli və paylanılmasından PKK-ya il ərzində 2 milyard dollar çatdığı təxmin edilir. Bura digər qazanclar daxil deyil. ABŞ-da hazırlanan hesabatlarda PKK-nın illər ərzində yaratdığı büdcənin 86 milyard dollar olduğu deyilir.Türkiyənin cənub sərhədlərində (Suriyanın şimalı) yaradılması planlaşdırılan “kürd dəhlizi” Kabil-Nyu-York xəttidə narkotik transferinin xərcini ən azı ikiqat aşağı sala, əvəzində bu şəbəkəni idarə edən böyük güclər ikiqat qazana bilər.Amerikanın və Qərbdəki güclərin Türkiyənin “kürd dəhlizi” planını alt-üst edən “Fərat qalxanı”, İdlib və Afrin əməliyyatlarına qarşı çıxmasının arxasında geosiyasi maraqlarla yanaşı, həm də böyük pulların olduğu narkoticarət də dayanır.






Fikirlər