Türkiyə üçün böyük təhlükə - Hər an hücum əmri VERİLƏ BİLƏR

Türkiyə üçün böyük təhlükə - Hər an hücum əmri VERİLƏ BİLƏR

ABŞ Suriyada son kartını oynayır.

Publika.az xəbər verir ki, “Haber7” saytının yazdığına görə, uzun illərdir PKK-ya Suriyanın şimalında “dövlət” vəd edən ABŞ indi terrorçuları “nizami ordu”ya çevirməyə başlayıb.

PKK və PYD-ni (PKK terror təşkilatının Suriya qanadı - red.) Aralıq dənizinə çatdıracaq “terror dəhlizi” qurmaqda uğursuzluğa düçar olan və Məsud Bərzaninin əli ilə İraqın şimalında referendumdan istədiyi nəticəni ala bilməyən ABŞ PYD-ni əlindəki son kart kimi istifadə etməklə bölgədə daimi qalmaq istəyir.

Türkiyə sərhədində 13 baza quraraq külli miqdarda ağır silah və sursat toplayan ABŞ bazaları terrorçulara təslim edib.

SDG-YPG-PYD-PKK-YPJ-HPG kimi üç hərfli adlardan istifadə edən təşkilat ABŞ-ın əmri ilə “Şimal Ordusu” adı altında “sərhəd gözətçi birlikləri” yaradır. “Şimal Ordusu”nun yaradılması barədə əmr ABŞ-ın Mərkəzi Qüvvələr Komandanı (CENTCOM) general Josef Voteldən gəldiyi bildirilir.

Türkiyə sərhədində “Mehmetçik”ə hücum etmək üçün təlimat alan 400 nəfərlik terror qrupu amerikalı əsgərlərdən xüsusi təlim alıb. PKK terrorçuları ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin təlimatçılarından nəzəri və texniki informasiyalarla təmin olunur. Terrorçular xüsusilə, Ayn əl-Arab, Tel Abyad, Resulayn və Malikiyedə yerləşdiriləcək. Hələb əyalətinə bağlı bu məqtəqələr Türkiyə sərhədinə yaxın olması baxımından diqqəti çəkir.

Sərhəddə böyüməkdə olan bu təhlükəyə qarşı Türkiyənin hər an hərəkətə keçəcəyi gözlənilir. Türkiyə Silahlı qüvvələrinin rəhbərliyi bölgədəki birliklərə “hazır olun!” təlimatı verib.

Dünən isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında Suriyanın şimalında PYD/YPG terror təşkilatının yaratdığı terror dəhlizini tamamilə məhv etməyin zamanının çatdığını ifadə edib.“Suriyada Fərat qalxanı əməliyyatı çərçivəsində atdığımız addımı Afrin və Münbiçdə davam etdirərək ölkəmizin sərhəd boyu təhlükəsizliyini bərpa edəcəyik”, - Türkiyə prezidenti deyib.






Fikirlər