FAZİLl Mustafa ARAZ Əlizadənin ETNİK bölücülüyünə CAVAB VERDİ
Deputat, ASDP sədri Araz Əlizadə mərhum prezident Əbülfəz Elçibəy və sabiq daxili işlər naziri İsgəndər Həmidovu kürd adlandırması bir məsələni yenidən aktuallaşdırıb: Belə ki, bəzilərinin Azərbaycanda etnik mənsubiyyətinə görə insanları aşağılaması, ittiham etməsi ağrılı yerlərimizdən biridir. İnsanlar sevmədikləri, yaxud paxıllığını çəkdikləri birini gözdən salmaq, ləkələmək üçün düz və ya səhv onun etnik mənsubiyyətini qabardırlar. Bununla sanki ondan heyf aldıqlarını düşünürlər. A.Əlizadənin timsalında bunun bir daha əyani şahidi olduq. Məlumdur ki, müxtəlif etniklərə mənsub çoxsaylı insanlar Azərbaycanda yaşayır, ölkə vətəndaşıdırlar. Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə hər zaman iştirak ediblər, canlarını veriblər. Bununla yanaşı, müstəqil dövlətimizin inkişafında, eləcə də, müxtəlif sahələrdə daim ölkə vətəndaşı kimi iştirak ediblər. Dövlət səviyyəsində də onlara heç zaman ayrı-seçkilik edilməyib. Bütün bunların fonunda etnik qaxıncın nə üçün Azərbaycanda aradan qalxmadığı ciddi problemlərdən biridir. Əgər qanunverici orqanda təmsil olunan bir deputat belə yalandan olsa da, birilərini kürd olmaqda ittiham edib, sanki bunun qəbahət olduğunu qabardırsa, problemin nə qədər köklü olduğu açıq şəkildə görünür. Özü də maraqlıdır ki, bu cür hallar siyasətçilər və ən müxtəlif sahələrin tanınmış simaları arasında özünü daha çox büruzə verir. Kim vəzifə digər istiqamətlərdə irəli gedirsə, ilk növbədə, nəzərlər onun ən çox etnik mənşəyinə yönəlir. Çoxları hesab edir ki, bununla bağlı dövlət səviyyəsində sərt addımlar atılmalı, qanunvericiliyə konkret müddəalar salınmalıdır. Bu cür halların ölkə daxilində ayrı-seçkiliyə, qarşıdurmalara, narazılıqlara yol açdığı qeyd olunur. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əvvəlki illərdə Azərbaycanda bir az türk inteqrasiyasının önə çıxması və dövlətin təməlinin möhkəmləndirilməsi üçün millətçi cinahların leksikonunda etnik tanıtımlar, hallandırmalar daha çox önə çıxırdı: “Bu gün təəssüf ki, eyni yolu sosial demokrat düşüncəsinə sahib insanlar da təkrarlayırsa, bu yaxşı hal deyil. Bu, cəmiyyətin inkişaf etmədiyini göstərir. İlkin dövrlər üçün öz milli kimliyini tanıma, özünü tanıma prosesi olaraq bunu anlamaq olar. Amma indiki dövrdə bu elə də ciddi bir əhəmiyyət daşımır. Burada söhbət hüquqi dövlətdən gedir. Azərbaycan vətəndaşıyıq, bu vətəndaşların içərisində bütün millətlərin layiqli nümayəndələri var, layiqsiz insanlar da var. Layiqsiz insan türkə, kürdə, talışa, ləzgiyə baxmır ki. Məsələn, mənim xeyli sayda yaxın ləzgi, talış dostlarım var. Kürd dostlarım da var. Türk dostlarım təbii ki, daha çoxdur. Amma elə türklər var ki, ləzginin, talışın yaxud da kürdün mərdliyini ona dəyişmərəm. Biri dələduzdur, yaxud da fırıldaqçıdırsa, bu o demək deyil ki, türk olduğun üçün yaxasından yapışmalıyam ki, bu mənimkidir. Burada söhbət ləyaqətli insandan, hüququ baxımdan da vətəndaşdan söhbət getməlidir. Bu meyar işləməsə çox çətin olacaq. Hesab edirəm ki, bu cür kimlərisə milli mənsubiyyətinə görə hallandırmağın özü hədəf çərçivəsindən çıxan məsələdir. Tutaq ki, hansısa bir siyasət adamı yaxud yazar özünü bir millətə mənsub sayır, deyir ki, mən türkəm. Kimsə ona deyirsə ki, bu kürddür, bu artıq ədəb deyil. Çünki insan özünü nədə tanıyırsa, buraxın o millətdən özünü saysın. Kimsə özünə talış, kürd deyirsə, burada qəbaət nə var ki? Bəzən kürdlərin də qaralanması kampaniyası gedir. Amma PKK ilə kürd millətini qarışdırmaq olmaz. Azərbaycana bağlı minlərlə vətənpərvər kürd var. Biz indi PKK faktoruna görə bütövlükdə kürdləri qaralaya bilmərik axı. Bunların hamısı bizim qardaşlarımız, vətəndaşlarımızdır. Ona görə də, bu formada leksikonun hakim vəziyyətdə olması və gündəmə gəlməsi utandırıcı bir şeydir. Ümid edək ki, insanlar milli mənsubiyyətinə görə deyil, ağlına, əxlaqına, faydalılığına görə öyünə bilərlər. Bu baxımdan açığı indiki situasiyada bu cür məsələlərin hallandırılmasını doğru hesab etmirəm. Qızışdırıcı məqsədlə, hansısa bir millətlərarası münasibətləri pozmaq məqsədilə gündəmə gətirilirsə, o zaman məqsədə görə bunu qınamaq və buna qarşı sərt mövqe qoymaq daha doğru olar. Qanunvericilikdə kiməsə kürd, talış, türk demək təhqir deyil. Yəni bunlar təhqir kateqoriyasına girmir. Bu sadəcə onu müəyyən kontingent qarşısında guya türklükdən danışıb, kürd olduğu barədə fikir səsləndirmə məqsədi güdür. Bu da daha çox nüfuzdan salma məqsədi daşıyır. Amma vəfat etmiş şəxslərin nüfuzdan salınması xoş hal deyil. Həm də bu böhtan xarakterli olanda yaxşı durum yaratmır”. “Yeni Müsavat”