AMİP Serj Sərkisyanın partiyasının QARŞISINI KƏSDİ

Etibar Məmmədovun oğlu Madriddə Sərkisyanın partiyası ilə savaşa çıxdı

Madriddə müxtəlif sağ və sağ-mərkəzçi partiyaları özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının (İDU) növbəti qurultayı keçirilir.

Qurultayda ölkəmizdən Azərbaycan Milli İstiqlal Partiyası təmsil edir. AMİP-i isə partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev və Gənclər Təşkilatının rəhbəri Ayxan Etibaroğlu (partiyanın lideri Etibar Məmmədovun oğlu) təmsil edir.

AMİP mətbuat xidmətindən musavat.com-a verilən xəbərə görə, BDİ-nin qurultayının gedişində Ermənistanın hakim partiyası Ermənistan Respublikası Partiyasının təşkilata üzvlük məsələsinə baxılmalı idi. Ermənistan Respublikası Partiyasının üzvlüyə namizədliyinin müzakirəsi zamanı Ayxan Etibaroğlu bu partiyanın lideri Ermənistanın prezidenti Serj Sərkisyanın Azərbaycan xalqının soyqırımında iştirak etdiyi məsələsini qaldırıb.

“Prezident Sərksiyan britaniyalı jurnalist Tomas de Vala deyib ki, Xocalıyadək azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyil. Biz bu streotipləri sındırdırmağı bacardıq, bax bu baş verdi... Bununla Sərksiyan günahsız insanların, qocaların, qadın və uşaqların qətlə yetirilməsini etiraf edib” deyən, A. Etibaroğlu tədbir iştirakçılarına müraciət edərək qeyd edib ki, Serj Sərkisyan kimi birisinin rəhbərlik etdiyi partiyanın belə nüfuzlu quruma qəbulu yolverilməzdir.

Sonra A.Etibaroğlu qeyd edib ki, qurultayın əsas müzakirə mövzularından biri separatizmin dövlətlərin stabilliyinə yaratdığı təhlükədir. O, Respublika Partiyasının nümayəndəsinə müraciət edərək bu partiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, dəstəkləmədiyini soruşub.

Ayxan Etibaroğlu deyib: “Azərbaycan və Ermənistan münaqişə vəziyyətindədir. Hesab edirəm ki, bu sualı vermək vacibdir, sizin partiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, yoxsa yox? Bu ərazi bütövlüyü BMT tərəfindən tanınır. Ona görə də bu məsələ ilə bağlı Ermənistanın ictimai fikrini bilmək istəyirəm”.

Ermənistan nümayəndəsi cavabında bildirib ki, dövlətlərin ərazi bütövlüyü məsələsi önəmlidir, eyni zamanda xalqların özmüqəddəratını təyinetmə hüququ da var. Ona görə də Ermənistan Respublika Partiyası Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanımır.

Ermənistanın nümayəndəsinin sadə sualdan qaçdığını bildirən, A.Etibaroğlu BDİ-nin bütün tədbir iştirakçılarını dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.

Məsələ hələ ki, ermənilərin xeyirinə həll olunmamış vəziyyətdə qalıb. Qurultay davam edir.






Fikirlər