Ermənistanda partiyalar Qarabağ problemi ilə bağlı “müxtəlif” təkliflər İRƏLİ SÜRÜR

Aprel ayında Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edən siyasi partiya və bloklar seçkiqabağı platformalarında və çıxışlarında Qarabağ münaqişəsinin nizamlanması məsələsinə geniş yer ayırırlar.

Məsələ ilə bağlı bütün partiyaların mövqeyi demək olar ki, bir nöqtədə kəsişir: Qondarma “DQR”-in danışıqlar prosesində iştirakının təmin olunması və onun Ermənistan tərəfindən hüquqi yolla ilhaqı...

Musavat.com Ermənistan mətbuatına istinadən parlament seçkisində iştirak edən erməni siyasi qüvvələrinin Dağlıq Qarabağ məsələsi ilə bağlı proqramlarında ifadə olunan mövqelərini təqdim edir.

“Konqres-EXP” blokunun (Ermənistan Milli Konqresi və Ermənistan Xalq Partiyasının birgə yaratdığı blok - lideri keçmiş prezident Levon Ter-Petrosyandır) proqramında deyilir ki, Ermənistanın və “DQR”-in təhlükəsizliyinin təmin olunmasından ötrü ölkəni qonşu ölkələrlə münaqişə vəziyyətindən və onu blokadaya salan situasiyadan qurtarmaq lazımdır.

Proqramda ATƏT-in Minsk qrupunun 2007-ci ildə təklif etdiyi Madrid prinsiplərinə dəstək ifadə olunur.

İqtidardakı Ermənistan Respublika Partiyası hesab edir ki, Qarabağın statusu yerli xalq tərəfindən müəyyən olunmalıdır.

“Biz ATƏT-in Minsk qrupunun problemin dinc yollarla həllini dəstəkləyirik. Lakin təhlükəsizlik sistemi elə təkmilləşdirilməlidir ki, münaqişənin hərbi yolla həlli heç kimin ağlına gəlməsin”, proqramda qeyd olunub.

“Yolk” (ermənicə “Çıxış”. “İşıqlı Ermənistan” “Vətəndaş müqaviləsi” və “Respublika” partiyalarının bloku -lideri Edmon Marukyandır ) bloku kompromisslərdən danışmağın faydasız olduğunu düşünür. Blok ilk öncə Azərbaycan və Ermənistan arasında hərbi balansın bərpa edilməsinə öncəlik verdiyini bəyan edib.

“Azərbaycanın militarist ritorikası və aqressiv siyasəti şərtlərində heç bir kompromisdən söhbət gedə bilməz. İstənilən kompromis Qarabağın öz müqəddəratını həll etmək hüququnun Azərbaycan tərəfindən tanınmasını nəzərdə tutmalıdır”, partiyanın proqramında yazılıb.

“Ohanyan-Raffi-Oskanyan” blokunun (lideri keçmiş müdafiə naziri Seyran Ohanyandır-red.) 12 maddədən ibarət platformasında Qarabağ probleminə də toxunulub.

“Son söz Xankəndində qalmalıdır”,- proqramda yazılıb.

Seyran Ohanyanın sözlərinə görə, Qarabağın öz müqəddəratını həll etmək hüququ artıq bir faktdır.

“Tənzimlənmənin əsasında isə beynəlxalq arenada bu hüququn gerçəkləşməsinə, bundan sonra isə sərhədlərin müəyyən olunmasına başlanılmalıdır. Ümumi razılaşma prosesində isə qarşılıqlı güzəştlərdən danışmaq olar, lakin bu da hərbi və siyasi ekspertizaya əsaslanmalıdır. İndiki anda isə kompromis ssenarilərindən danışmaq hələ tezdir, heç Bakının da belə bir istəkdə olması gözə görünmür”, keçmiş nazir bəyan edib.

Digərlərindən fərqli olaraq “Daşnaksütyun” (lideri Armen Rüstəmyan) “nala-mıxa” vurmayıb.

Daşnakların proqramında Qarabağ “Böyük Ermənistan”ın ərazisinin tərkib hissəsi kimi təqdim olunur. Qarabağın “müstəqillik” məsələsi isə partiya proqramında “müvəqqəti tədbir” kimi gözdən keçirilir.

“Yalnız müharibəyə hazırlıq müharibə təhdidini ortadan qaldıra bilər. Birtərəfli güzəştlər barədə verilən bəyanatlar savaş təhlükəsinin ancaq dərinləşdirilməsinə xidmət edir”,- partiyanın platformasında göstərilib.

“Azad demokratlar” (lideri Xaçatur Kokobelyan) partiyasının proqramında Qarabağın beynəlxalq aləmdə tanınması və inteqrasiyası, təhlükəsizliyinin təmin olunması Ermənistanın xarici siyasətinin imperativinə çevrilməli olduğu yazılıb.

Partiyaya görə, Qarabağın qondarma rejimi danışıqlar masasında müstəqil iştirakçı olaraq cəlb edilməlidir.

“Tsarukyan” (lideri iş adamı Qagik Tsarukyan.) bloku isə Qarabağ probleminin yalnız sülh yolu ilə, qarşılıqlı razılıq və kompromislər əsasında həll olunmasına tərəfdar olduğunu bildirib. Blokun proqramında nizamasalmanın son məqsədinin yenə də “DQR”in beynəlxalq aləmdə tanınması olduğu qeyd edilib.

“Erməni dirçəlişi” partiyasının (lideri Artur Baqdasaryan) 30 maddəlik proqramında Qarabağ yalnız Ermənistan-Qarabağ-Diaspora üçlüyü kontekstində gözdən keçirilir.


 






Fikirlər