25.09.2014 - Partiyaların “Avropa seçimi”
İttifaq “Avropa seçimi” adlanacaq.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə demişdi ki, ittifaqda AMİP-lə yanaşı, Klassik Xalq Cəbhəsi Partiyası, Azad Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası təmsil olunacaq: “Hər bir partiyada daxili müzakirələr gedəndən sonra dəqiq qərar veriləcək. İttifaqı yaratmaqda məqsəd Azərbaycanın Avropaya inteqrasiyasını daha da intensivləşdirməkdir. 4 partiyanın hamısının nizamnaməsində Azərbaycanın Avropaya yaxınlaşmaq modeli var”.
Y.Bağırzadənin sözlərinə görə, ittifaqda lokomotiv rolunu AMİP oynayacaq: “Çünki bizim Avropa təşkilatları ilə çox sıx əlaqələrimiz var”.
“Konkret “hə” və ya “yox” demək doğru deyil”
KXCP sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, istənilən ideya və fikri müzakirə etmək lazımdır: “Müzakirə olunandan sonra rəyimiz ola bilər. İstənilən məsələyə birbaşa “hə” və ya “yox” demək doğru deyil. “Avropa seçimi” adı Avropaya inteqrasiya kimi də yozula bilər, konkret də qoyula bilər. Amma bu, müzakirə və zaman istəyən məsələdir”.
“Lalə Şövkət ittifaq barədə müzakirə aparıb”
ALP sədri Əvəz Temirxan isə partiyada yalnız bir dəfə müzakirənin aparıldığını qeyd etdi: “Partiyamızda fikir mübadilələri oldu. İlkin müzakirədə ALP lideri Lalə Şövkət də iştirak etdi. Biz müzakirələrə yenidən qayıdacağıq. Müzakirələr davam etdiyindən Lalə xanım bəri başdan fikrini açıqlamaq istəmir”. Onun fikrincə, “Avropa seçimi” adı şərti addır: “Digər təkliflər də var, yekun qərar verəndən sonra fikir bildirə bilərik”.
“İdeya mənə məxsusdur”
Azad Demokrat Partiyasının sədri Sülhəddin Əkbər qeyd etdi ki, ideya ona məxsusdur: “İttifaq barədə ideya şəxsən mənim tərəfimdən irəli sürülüb. Bu, birdən-birə ortaya çıxmayıb. Qarşılıqlı müzakirələrdən sonra belə qərara gəldik. Hələlik ilkin müzakirə mərhələsindədir”.
O, Y.Bağırzadənin “İttifaqda lokomotiv rolunu AMİP oynayacaq” fikrinə də münasibət bildirdi: “İttifaqa daxil olacaq hər bir partiyanın özünün üstünlükləri var. Heç kəsə sirr deyil ki, AMİP-in Avropa Birliyi və Avropa İnstitutları ilə daha sıx münasibətləri var. Təbii ki, hər bir partiya, o cümlədən AMİP ittifaqa öz imkanları daxilində töhfə verəcək”.
"GündəlikTeleqraf"