Güclü TÜRK ORDUSU kiçik Afrində niyə BU QƏDƏR ləngidi? - CAVAB

Türkiyənin Afrində apardığı əməliyyatlar təxminən iki aydır ki, davam edir.

Ancaq bölgənin kiçik olmasına baxmayaraq, əməliyyatlar hələ də yekunlaşmır. Bu da Afrin əməliyyatları ilə bağlı müəyyən sualların ortaya çıxmasına səbəb olur.

Məsələ ilə bağlı sabiq dövlət müşaviri Qabil Hüseynli Axar.az-a açıqlamasında bildirib ki, Türkiyə ordusunun Afrinin içərilərinə doğru sürətlə irəliləməsinin qarşısını dörd səbəb alır:

“Birincisi, Afrinin ərazisi kiçik olsa da, hərbi şəhərcikdir. Orada Suriya ordusunun təlim düşərgə-bazası ilə yanaşı, hərbi təlim keçmək üçün xüsusi planlaşdırılmış yeraltı keçidlər, dərin istehkamlar, müxtəlif tunellər var. Terrorçuların işinə yarayan mühəndis istehkam qurğularının çoxluğu türk ordusuna sürətli irəliləməsinə mane olur.

İkincisi, ən ciddi problem mülki əhali ilə bağlıdır. Yəni terrorçular mülki əhalinin Afrindən çıxarılmasını demək olar ki, qadağan ediblər və insanlardan bir qalxan kimi istifadə edirlər. Nəticədə hər yerdə tammiqyaslı hərbi əməliyyatlar keçirmək mümkün deyil. Çünki bu, çoxlu mülki insan itkisi nəticələnə bilər.

Üçüncüsü, tankların bölgədəki xəndəkləri keçməsi mümkün deyil. Yalnız Türkiyədən Afrinə gətirilən iri tonnajlı dəmir körpülər vasitəsilə tankların keçidi təmin edilir və bu da vaxt aparır.

Dördüncüsü, Afrində aviasiyadan istifadə etmək çox çətindir. Əvvəla, burada qədim tikililər və turistik məkanlar var. Aviazərbələr mülki əhalinin və tarixi memarlıq tikililərinin məhvinə səbəb ola, bu isə nəticə etibarilə Türkiyənin ağılasığmaz günahlarla təqsirləndirilməsinə gətirib çıxara bilər. Hazırda Afrində əməliyyatların əsas ağırlığı xüsusi təyinatlıların üzərinə düşür. Hətta Türkiyə quru qoşunlarına daxil olan hərbi əsgərlər belə əməliyyatlara çox cəlb edilmir. Türkiyə Afrində çox ehtiyatla hərəkət edir, bu səbəbdən də Türkiyə ordusunun şəhərin mərkəzinə doğru irəliləməsi bir qədər çətin gedir. Ancaq bu müddət ərzində Türkiyə ordusunun aldığı ərazilər kifayət qədər böyükdür və az qala Suriyanın dörddə birinə bərabərdir".

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, əməliyyatlar Türkiyə ordusunun Afrində riskli addımlardan çəkinməsi səbəbindən gecikir:

“Afrinda uzunmüddətli istehkamlar və müdafiə səngərləri yaradılıb, həmçinin bölgədə minalanmış sahələr çoxdur. Hərbidə isə minalanmış sahələrdə irəliləmək böyük problemdir. Gecikmənin əsas səbəbi budur, əks halda Türkiyə ordusunun əlində Afrin əməliyyatını bitməsi çox xırda işdir.

Bundan başqa, yerli əhali ilə problemlər müəyyən dərəcədə həll olunmalıdır. Çünki əməliyyatlarla terrorçuların sıradan çıxarılması məqsədi güdülür və bu fonda yerli əhaliyə xəsarət dəyməməlidir. Bütün cəhdlər bunun üzərində qurulub. Türk ordusu çalışır ki, həmçinin əsgərlər də az zərər görsün. O ki qaldı xarici faktorlara, bu, prosesdə elə çox rol oynamır".

Analitik Vüqar Zifəroğlu isə hesab edir ki, Türkiyənin Suriyada apardığı əməliyyatlarda söhbət təkcə Afrinə daxil olmaqdan və bu şəhərin terrorçulardan təmizlənməsindən getmir:

“Söhbət ümumiyyətlə Afrin ətrafında olan böyük bir bölgənin tamamilə terrorçulardan təmizlənməsi və orada münbit şəraitin yaradılmasından gedir. Türkiyənin məqsədi həm də strateji əhəmiyyətə malik ərazilərin nəzarətə götürülməsidir ki, bunun özü də çox vaxt aparır. Bu mənada Türkiyənin Afrində apardığı əməliyyatların uzanması təbiidir. İkincisi, bölgədə Türkiyəyə qarşı təşkilatlanmış, silahlanmış və Qərb tərəfindən dəstəklənən birləşmələr var. PYD-YPG qüvvələrinə Qərb tərəfindən kifayət qədər ciddi logistik, maddi və hərbi dəstək verilir. Əslində, Türkiyənin həm də PYD-YPG-yə qarşı əməliyyatlar keçirməsi də müzakirə mövzusudur. Əsas əməliyyatların müddətinin az və ya çox olması deyil, nəticənin müsbət olmasıdır. Faktiki olaraq, Türkiyə uğurlu əməliyyatlar həyata keçirir və demək olar ki, ASO ilə brilikdə Afrinə daxil ola bilib. Daha sonra isə əməliyyatların növbəti mərhələləri başlayacaq”.






Fikirlər