Milli Şura martın 15-nə mitinq təyin etdi

Milli Şura martın 15-nə mitinq təyin etdiFevralın 28-də Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib.
Modern.az saytı “Azadlıq” qəzetinə istinadən xəbər verir ki, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, manatın devalvasiyası, vətəndaş cəmiyyəti fəallarının həbsi və digər məsələlər müzakirə olunub. İclasda ölkə iqtisadiyyatının neftdən asılığı xususi vurgulanmaqla, neft gəlirlərinin səmərəsiz istifadə olunması və heç bir qabaqlayıcı tədbirlər görülmədən Milli Bankın 21 fevralda rəsmi qərarla manatın dəyərdən salınması və bahalaşmanın genişlənməsi tənqid olunub.
Milli Şura iqtisadi siyasətə etiraz əlaməti olaraq 15 mart 2015-ci il tarixinə mitinq təyin edib.
Mitinq üçün Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət göndərilməsi qərara alınıb.

Koordinasiya Mərkəzinin iclasında Rusiya müxalifətinin aparıcı simalarından olan Boris Nemtsovun qətlə yetirilməsi kəskin pislənilib. Bu münasibətlə müvafiq nekroloqun hazırlanması və baş sağlığının verilməsi qərara alınıb. Toplantıda eyni zamanda tanınmış jurnalist, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Şahvələd Çobanoğlunun istintaqa çağrılması və onun son 7 illik fəaliyyəti ilə bağlı vergi yoxlamasının aparılmasına dair məhkəmə qərarının çıxarılması pislənilib.
İclasda tanınmış hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı, politoloq Arif Yunusun həbs müddətinin uzadılması, araşdırmaçı jurnalist Xədicə İsmayılla bağlı həbsxanada qapalı məhkəmə prosesinin keçirilməsi və onun qanunsuz cərimələnməsi haqında məhkəmə hökmünün çıxarılması, Göyçayda fəaliyyət göstərən hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Taleh Xasməmmədovun şərlənərək yenidən həbs olunması pislənilib, onun və həbsdə olan digər siyasi məhbusların qeyd- şərtsiz azadlığa buraxılması tələb olunub.






Fikirlər