NAZARBAYEV PREZİDENTLİKDƏN GEDİR?- Varislər arasında SAVAŞ!

Qazaxıstanda hökumətin keçidinin siqnalı verilib. Ölkə senatının spikeri Qasım-Jomart Tokayevin prezident Nursultan Nazarbayevin növbəti seçkilərə qatılmayacağı barədə açıqlaması bu istiqamətdəki ehtimalları bir qədər də gücləndirib.

Bəzi ekspertlər artıq Astananın hakimiyyətin keçidi planını hazırladığını və varis kimi bir neçə şəxsin adının hallandırıldığını deyirlər. Onların arasında prezidentin böyük qızı Dariqa Nazarbayeva, kiçik qızının əri Timur Kulibayev, senatın spikeri Tokayev və bir neçə nüfuzlu şəxsin adı çəkilir.

Qazaxıstandakı prosesləri yaxından izləyən müşahidəçilərin heç biri hökumətin azad seçki yolu ilə dəyişəcəyi variantını real saymır.

Dariqa Nazarbayeva

Qazaxıstandan olan jurnalist Aleksandr Krasner əmindir ki, Nursultan Nazarbaev hakimiyyəti heç kimə ötürməyəcək: “Əsas sual odur ki, gələn adam onların yığdıqlarına toxunmasın. Ailədən olmayan istənilən adam hakimiyyətə gələcəyi təqdirdə, prosesi özününkülərin xeyrinə dəyişəcək. Astanada bu baxımdan Türkmənistan və Özbəkistan nümunəsini əsas götürürlər. Əgər prezident öz postunu tərk edib Təşlükəsizlik Şurasının başına keçsə, öz varisini güc strukturlarından məhrum etmiş olacaq. Prezident ailədən olmayan biri olarsa, ilk növbədə növbədənkənar parlament seçkiləri keçirməli, qanunvericiliyi yenidən dəyişməlidir. Buna kim razışar, bilmirəm”.

Politoloq Aydas Sarım Qərbdə məsələyə fərqli yanaşıldığını deyir. Yeri gəlmişkən, qazaxıstanlı politoloq iyunun sonlarında yerli müxalifətçilərdən ibarət nümayəndə heyətinin tərkibində ABŞ-da səfərdə olub. Və orada Dövlət Departamenti, Konqres, Senat, aparıcı KİV-lər, Ceymstaun Fondu kimi, bir sıra nüfuzlu qurumlarda görüşlər keçirib.

Aydas Sarımın dediyinə görə, Birləşmiş Ştatlarda Qazaxıstanla bağlı bir nömrəli məsələ kimi hakimiyyətin keçidi müzakirə olunur: “Bunu, demək olar ki, görüşlərin hamısında müzakirə etdilər. İnsanlar müxtəlif variantları nəzərdən keçirir, Özbəkistan nümunəsi ilə müqayisə aparırlar. Görüşdüyümüz amerikalı ekspertlərin bir qismi Astanadan gələn siqnalı çox ciddi qəbul edib. Amma biz diqqətə çatdırdıq ki, hələ ki hakimiyyətin keçidindən söhbət getmir”.

Nursultan Nazarbayev

Orta Asiya üzrə alman ekspert Mixael Laubş təəssüflə qeyd edir ki, Brüssel, Berlin və Vyana indi Qazaxıstanda hakimiyyətin keçidi yox, başqa məsələlərlə məşğuldur: “Qazaxıstan Təhlükəsizlik Şurasındakı məlum dəyişikliklər (yanvarda təklif olunan, iyunda təsdiqlənən) hakimiyyətin keçidinin başlanğıcı kimi qiymətləndirilmişdi. Bu müstəvidə siyasətin Nazarbayev dövründə əsası qoyulmuş əsas element və prinsipləri radikal təftişə məruz qalmayacaq. Qanunun özü isə prezidentin bu təftişi önləyəcək qurumlarda təmsilçiliyini qoruyub saxlamaq üçün qəbul olundu”.

A.Krasnerin sözlərinə görə, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Alnur Musayev sosial şəbəkələrdə maraqlı açıqlamalarla çıxış edir: “Musayev şübhəli mənbədir, lakin onun məxfi sənədlərə çıxış imkanı olub. Musayevin dediyinə görə, Qazaxıstanda müstəqilliyin ilk illərindən gizli idarəetmə hökm sürür. Bu idarəetmə Nazarbayevin devrilməsinə yönələn hər bir cəhd haqqında xəbərdarlıq etməlidir. Bu məqsəd üsün insanları seçən isə Timur Kulibayevin (prezidentin kürəkəni) atası olub. Kulibayevlər nəqliyyat, neft hasilatı sahəsində böyük çəkiyə sahibdilər və bir sıra nüfuzlu məmurların bu klanla bağlılığı var. Bütün bunlar nəzərə alınsa, bu ailənin indi hakimiyyətə iddialı olmasına diqqətlə yanaşılır”.

Sati Kazanova

İyunun ortalarında Timur Kulibayevin adı növbəti dəfə mətbuatın diqqətinə gəldi. Amma bu dəfə fərqli məsələyə görə. Rusiyanın NTV telekanalındakı verilişə qatılan müğənni və fotomodel Sati Kazanova başqa bir ölkədən olan milyarderlə sevgi münasibətlərindən danışdı. Proqramın redaktorları isə həmin adamın adını ictimailəşdirdilər. Bu, Timur Kulibayev idi.

Rusiya mətbuatının yazdığına görə, Kulibayev müğənnniyə şəhərin mərkəzində mənzil və “Bentley” avtomobili hədiyyə edib. Sati Kazanova özü isə bu iddiaları rədd edib.

Veriliş efirə gedən kimi “Komsomolskaya pravda” qəzeti bu xəbəri öz səhifəsində ictimailəşdirdi. Və qalmaqallı xəbər oradan da bütün KİV-lərə yayıldı.

Timur Kulibayev

Krasner deyir ki, işin maraqlı tərəfi Kulibayevin “Qazprom”un səhmdarı və Direktorlar Şurasının üzvü olmasıdır: “NTV kanalı isə “Qazprom”un nəzarətindəki “Qazprom-media” şəbəkəsinə daxildir. Ortaya sual çıxır – Kulibayevlə bağlı kompromatın yayılması üçün hansı səviyyədə sifariş gəlməli idi ki, jurnalistlər onu icra etsin? Qazaxıstanda bunu belə analiz etdilər ki, hakimiyyət uğrunda iki qüvvənin – prezidentin qızı Dariqa Nazarbayevanın və kürəkən Kulibayevin savaşı gedir. Prezident istefa verəcəyi təqdirdə, onun yerini avtomatik olaraq Senatın spikeri tutacaq. Senatda onun bir addımlığında isə Dariqa Nazarbayeva dayanır. Kulibayevin əlində resurslar var, prezident qızı isə texniki baxımdan hakimiyyətin bir addımlığındadır”.

Bir maraqlı məqam da var ki, Nazarbayev 2016-cı ildə “Bloomberg”ə verdiyi müsahibədə özündən sonra uşaqlarının varis olmayacağını bildirmişdi. Növbəti seçkilərdə iştirak edib-etməyəcəyinə gəlincə, o, bunun səhhətindən və ictimai dəstəkdən asılı olacağını demişdi.

Nursultan Nazarbayev Qazaxıstana 1989-cu ildən rəhbərlik edir. 2015-ci ildə keçirilən son seçkilərdə o, səslərin 98 faizini yığmışdı…

Strateq.az

 






Fikirlər