ABŞ-DA XƏRÇƏNG KİMİ YAYILAN ÇİN CASUSLARI…

Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi uzun müddətdir ki, Amerika cəmiyyətinin ən çox müzakirə və mübahisə etdiyi mövzuya çevrilib. Birləşmiş Ştatların əsas diqqətinin bu məsələyə yönəldiyi bir vaxtda Çin öz işindən qalmır. Və ABŞ-da nüfuz dairəsini genişləndirmək üçün adamları ələ almağa davam edir. Pekin bu məqsədlə şəbəkələrdən, illərdir ABŞ-da leqal işləyən şəxslərdən istifadə edir.

“The Daily Beast” yazır ki, ABŞ çinli casusları hələ indi aktiv müzakirəyə çıxarmağa başlayıb. Halbuki Avstraliya hökuməti illərdir ki, bu məsələ ilə bağlı həyəcan siqnalı çalırdı.

Avstraliya xüsusi xidmət orqanlarının hazırladığı hesabatın mətbuata sızan hissəsindən məlum olur ki, yerli hakimiyyət qollarının hamısında çinli casuslara rast gəlmək olar. Onlar Avstraliyada bələdiyyələrdən tutmuş, ictimai təşkilatlara, dini icmalara və ölkənin aparıcı siyasi partiyalarına qədər hər yerə nüfuz ediblər.

“The Daily Beast” ehtimal edir ki, Çin Birləşmiş Ştatlarda nüfuz dairəsini daha miqyaslı şəkildə genişləndirmək istəyir. Bu fəaliyyət hələ Mao Tszedunun vaxtından başlayıb. 1949-cu ildə kommunistlər hakimiyyəti ələ alandan dərhal sonra Birləşmiş Cəbhə adlı xüsusi struktur yaradıldı. Maonun sözlərinə görə, bu qurum Çin Kommunist Partiyasının xaricdəki “sehirli silahı” hesab olunurdu.

Birləşmiş Cəbhənin müxətlif fəaliyyət metodları var – məmurların ələ alınması, Çinə meylli siyasilərin karyerasını yüksəltmək, ictima rəy liderlərinin şantaj edilməsi.

Cəbhə müstəqil mədəniyyət və təhsil qurumları, elmi cəmiyyətlər və bu kimi adlar altında fəaliyyət göstərə bilir.

Bu və ya başqa şəxsi Çinə işləməyə məcbur etmək, ictmai rəylə bağlı informasiyalar toplamasını, sirləri oğurlamasını təmin etmək üçün qurum Çin kəşfiyyatı ilə əlaqəli işləyir.

Hazırda ABŞ-ın onlarla şəhərində Birləşmiş Cəbhənin bölmələri gizli şəkildə fəaliyyət göstərir.

Qurumun işində vacib rolu Sülh Birləşmələri Assosiasiyası oynayır. Assosiasiyanın dünyanın 70-dən çox ölkəsində filialı var.

ABŞ-dakı filialın Vaşinqton, Nyu-York, Çikaqo, Hyuston, San-Fransisko da daxil olmaqla ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərən 30-dan çox bölməsi var.

Assosiasiyanın vəzifələrindən biri də Tayvanın Çinə məxsus olmasının, həmçinin Cənubi-Çin və Şərqi-Çin dənizlərindəki mübahisəli adalarla bağlı Pekinin mövqeyinin təbliğidir.

2015-ci ildə Çin Kommunist Partiyasının rəhbərliyi rəsmi şəkildə assosiasiyanın Vaşinqton bölməsinə minnətdarlıq etdi. Və bildirdi ki, yaranandan – 1973-cü ildən bəri filial Tayvan məsələsində böyük və faydalı yol qət edib.

Assosiasiyanın başqa bir vəzifəsi xaricdəki etnik çinlilərlə iş aparmaqdır. 1989-cu ildə Tananmen meydanındakı hadisələrdən sonra Çin rəhbərliyi ölkənin xaricdəki imicinin korlanması problemi ilə üzləşmişdi. Və bu səbəbdən diasporalarda partiyanın komitələrini yaratmağa qərar verilmişdi. Məqsəd, Çin dilində çıxan müstəqil nəşrləri, çinlilərə məxsus tələbə təşkilatlarını, ictimai birlikləri, nüfuzlu Çin əsilli biznesmenləri nəzarət altına almaq idi.

ABŞ-da buna demək olar ki, nail olundu. Orada yaşayan çinlilər Çin Kommunist Partiyasının təşkil etdiyi görüşlərə fəal şəkildə gedirlər. Mədəni tədbirlərin təşkilinə yardım edir, prezident Si Tszinpin ABŞ-a gələndə canlı dəhliz yaradırlar.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Piter Mettisin sözlərinə görə, Sülh Birləşmələri Assosiasiyası təkcə Tayvanın müstəqilliyinə qarşı çıxmır, həm də amerikalıları öz hökumətlərinin və cəmiyyətlərinin maraqlarına qarşı yönəldir.

Mettis deyir ki, Pekin hiyləgər taktika işlədir: “Assosiasiyanın fəaliyyətinə qarşı çıxmaq ABŞ cəmiyyətində gərginliyi artırır. Bu da bizim demokratiyanın bütövlüyünü pozur. Və amerikalıları bunu öz əlləri ilə etməyə məcbur edirlər”.

Bu istiqamətdə aktiv iş görənlərdən biri də Konfutsi İnstitutlarıdır. Dünya üzrə 500 belə institut var. Birləşmiş Ştatlarda isə onların sayı 100-dən artıqdır.

Çin mədəniyyəti ilə tanış etməklə yanaşı, bu institutlar ABŞ cəmiyyətinə Pekinin dünyadakı problemlərlə bağlı mövqeyini təbliğ edirlər. ABŞ-da Çin təbliğatının aparılmasına illik 10 milyard dollar xərclənir. Son illər Konfutsi İnstitutu yeni taktikaya əl atıb. ABŞ universitetlərində, hətta orta məktəbələrdə öz filiallarını açırlar. Ən maraqlısı da odur ki, bu zaman Çin təbliğatçıları heç bir maneə ilə üzləşmir. Əksinə bütün qapılar rahat şəkildə üzlərinə açılır…

Tərcümə Strateq.az-ındır






Fikirlər