Ermənilər Türkiyənin işğalı üçün ABŞ-a ÜZ TUTDU: Vilsonun DÖNÜŞÜ...

Ermənilər Türkiyənin işğalı üçün ABŞ-a ÜZ TUTDU: Vilsonun DÖNÜŞÜ

Ermənistanda Qərbin diaspor üzərindən dəstək verərək hakimiyyətə gətirdiyi Nikol Paşinyan iki türk dövlətinə münasibətdə ziddiyyətli mövqe tutur: o, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində işğal siyasətini davam etdirmək üçün əhalini səfərbər edir, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların ruhuna zidd mövqe tutmaqda davam edir, hətta bir qədər də irəli gedərək, separatçı rejimin danışıqlar masasına əyləşməsini istəyir; Azərbaycan torpaqlarının işğal edilməsi faktoruna görə Ermənistanla sərhədləri bağlayan Türkiyə ilə diplomatik münasibətlər qurmaq üçün dəridən-qabıqdan çıxır.

Paşinyanı anlamaq çətin deyil, o, Rusiya qarşısında mərkəzdənqaçma siyasəti yürüdür, ABŞ-a rəğmən, İranla açıq münasibətlər qura bilmir və yeganə çıxış yolu kimi Türkiyə ilə əlaqələr quraraq, düşdüyü mühasirədən xilas olmaq istəyir. Türkiyə ilə münasibətlərin qurulması Ermənistanın yeni hakimiyyəti üçün Gürcüstana çıxış yollarını da aça və ölkənin düşdüyü iqtisadi vəziyyətdən çıxmaq imkanı yarada bilər. Hərçənd, Azərbaycan regionda erməni xalqının xeyrinə olan təklif irəli sürür: işğal edilmiş ərazilər qaytarılır, daha sonra Ermənistanla münasibətlər qurulur və Bakının əsas müəllif olduğu regional layihələrdə iştirakı təmin edilir. Beləliklə, bu ölkə iqtisadi dividentlər əldə edir. Lakin işğal xəstəliyindən qurtulmaq istəməyən, əksinə, öz hakimiyyətinin dayaqlarını gücləndirmək üçün bu xəstəliyi ermənilərin şüurunda daha da inkişaf etdirən Paşinyan Azərbaycan torpaqlarının işğalına son qoymadan Türkiyə ilə sərhədlərin açılmasını istəyir. Artıq Ermənistanda bu istiqamətdə ciddi işlər aparılır. Təəssüflər olsun ki, qardaş Türkiyədə də Azərbaycanı kənara ataraq, işğalçı Ermənistanla münasibətlərin qurulması üçün hərəkətə keçənlər var.

Əslində mənzərə tanışdır: hələ 2000-ci illərin əvvəllərində belə təşəbbüslər edilirdi, xüsusilə vaxtilə Türkiyədə media imperiyasının “imperatoru” Aydın Doğana bağlı media orqanlarında ""Qardaş", "soydaş" deyə başımıza qoyduğumuz Azərbaycan, şübhəsiz ki, Türkiyənin xarici siyasətinə ən çox zərər verən ölkədir", “Türkiyə Azərbaycanın nazını çəkməməlidir” kimi çağırışlar edilirdi, 2009-cu ildə isə Sürix ptorokollarının imzalanması baş verdi.

İndiyə qədər bu kimi cəhdlər Azərbaycan və Türkiyənin qardaş xalqının həmrəyliyi nəticəsində baş tutmayıb. Lakin Türkiyə-Azərbaycan qardaşlığını pozmağa çalışanların cəhdi hələ də davam edir.

Hərçənd Türkiyə xalqının unutmamalı olduğu saysız məqamlar var:

a) Ermənistan 1915-ci il hadisələrinin soyqırımı olaraq qəbul olunması üçün bu gün də çalışır. Yəni dəyişən bir şey yoxdur.

b) Vaxtilə Osman oğullarının çörəyini yeyib türk imperiyasına arxadan zərbə vuran və Osmanlının dağılmasında müstəsna rol oynayan ermənilərin Türkiyəyə yenə arxadan zərbə vurmayacağına kim zəmanət verə bilər?

c) Xüsusilə ermənilərin bu gün Türkiyəyə ərazi iddiaları fonunda buna heç kim zəmanət verə bilməz.

Və sair və ilaxır... “Qərbi Ermənistan respublikasının yaradılması Yaxın Şərqdə sülhün açarı ola bilər”. Avqustun 12-də erməni millətçilərinə məxsus yerkramas.org saytında bu sərlövhə ilə yayımlanan məqalə isə belə məqamların sırasına birini də artırdı. Söhbət Türkiyə torpaqları hesabına yaradılması planlaşdırılan “Qərbi Ermənistan”dan gedir. Bu məsələnin gündəmə gəlməsi ilk deyil, erməni şovinizminin mövcud olduğu müddətdə son da olmayacaq. Lakin məqalənin məhz bu ərəfədə, ABŞ-ın Türkiyəni çökdürmək üçün başlatdığı iqtisadi müharibə vaxtı yayımlanması xüsusi diqqət çəkir. Məlumdur: ermənilər özlərini Türkiyəni məhv etmək istəyən ABŞ-ın yadına salmağa cəhd edirlər, yəni “biz burada gözləyirik, nə vaxt istəsəniz, Türkiyəyə qarşı ərazi iddialarını gündəmə gətirə, hətta sizin dəstəyinizlə hərəkətə keçə bilərik” deyirlər və Vilsonun xiffətini çəkdiklərini də gizlətmirlər.

XX əsrin əvvəllərində ABŞ və Avropanın öndə gedən ölkələri “Xəstə adam” adlandırdıqları Osmanlını bölmək və Fateh Sultan Mehmetin fəth etdiyi İstanbulu yenidən əldə etmək üçün hərəkətə keçdi. 1920-ci ilin 10 avqustunda ABŞ prezidenti Vudro Vilsonun hazırladığı plana əsasən “Sevr” müqaviləsi imzalandı. Tarixin ironiyası olmalı idi ki, Sultan Mehmetin fəth etdiyi İstanbulu Sultan VI Mehmetin əli ilə alırdılar. VI Mehmetin imzaladığı “Sevr” müqaviləsinə əsasən Osmanlı torpaqları bölünürdü və bu bölünmə planını Vilson özünün məşhur “14 bənd” tezisi əsasında hazırlamışdı. Osmanlının bölünən torpaqlarında “Böyük Kürdüstan” yaradılır (kürdlər həmin vaxt bu planı qəbul etmədilər və türk ordusunda döyüşmək seçimini etdilər), həmçinin, Türkiyənin Ərzurum, Trabzon, Van və Bitlis bölgələri Ermənistana verilir. Bununla yanaşı, Trabzonun şərq hissəsi Gürcüstan və Ermənistan arasında bölünür və ermənilər beləliklə, Qara dənizə çıxış imkanı əldə edirlər. 1918-ci ildə Paris sülh konfransında Əlimərdan bəy Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətini tanımaq təklifini rədd edən Vilson “yeni dünya xəritəsi”nə Azərbaycanı daxil etməmişdi. Sulyan “Sevr” müqaviləsini imzalasa da, bu müqavilə Osmanlı imperiyası tərəfindən ratifikasiya edilməmişdi və 1920-ci il martın 18-də ingilislərin İstanbulu işğal etdiyi dövrdə müqavilə ləğv edildi. Türkiyədə Atatürkün başlatdığı Qurtuluş savaşı Vilson planını alt-üst etdi. 1923-cü il iyulun 24-də isə Türkiyə ilə Qərb dövlətləri arasında Lozanna müqaviləsi imzaladı və bununla "Sevr" müqaviləsinin üstündən xətt çəkildi.

“Böyük Ermənistan” xəyalları quran ermənilərsə bu gün də Vilsonun xiffətini çəkirlər, həm də istədiklərini almaq üçün tətikdə gözləyirlər.

Ötən ilin 25 sentyabrında Şimali İraq Kürd Muxtariyyətinin “müstəqillik” üçün keçirdiyi referendum ərəfəsində ermənilər “Sevr”i yenidən gündəmə gətirdilər və bu heç də təsadüfi deyildi. Onlar hesab edirdilər ki, “Kürdüstan” dövləti yaranarsa, "Sevr" diriləcək və bu, onlara “Böyük Ermənistan” xülyalarını həyata keçirmək imkanı verəcək. Misal üçün, Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, türkoloq Ruben Safrastyan belə deyirdi:

“Kürdüstanın müstəqilliyi ilə Yaxın Şərqin xəritəsi dəyişməyə başlayacaq, bu proses yaxınlaşır. Böyük ölkələr bu prosesdə "Sevr" müqaviləsinə müraciət edəcəklər. Həmin müqavilədə “Kürdüstanın” müstəqilliyi haqda danışılır. Yaxın Şərqdə sərhədlərə yenidən baxmaq ehtiyacı yaransa, Ermənistan bizə aid olan ərazilərə böyük dövlətlərin diqqətini yönəltməyə hazır olmalıdır”.

Safrastyan “Bizə aid olan ərazilər” deyəndə, Türkiyənin Ərzurum, Trabzon, Van, Bitlis bölgələrindən bəhs edir. Ermənilərə görə bura “Qərbi Ermənistandır”. Bu gün onlar “Qərbi Ermənistan respublikasının yaradılması Yaxın Şərqdə sülhün açarı ola bilər” manşetləri ataraq, Osmanlıya arxadan zərbə vurduqları kimi Türkiyəyə qarşı da maşa olmağa hazır olduqlarını bəyan edirlər. Və bu manşetlərin Vilsondan yadigar qalan ABŞ-ın Türkiyəyə hücumları ərəfəsində atılması “Sevr” müqaviləsinin ildönümünə hesablanıb, yoxsa Vaşinqtona göndərmədir?! Bunu Türkiyədəki qardaşlarımız düşünməlidir.

Və burada Nazım Hikmətin sözləri yada düşür:

Qaranlıq içindəsən, qardaşım!

Asif Nərimanlı (Publika.az)


 

 






Fikirlər