Ərdoğan dünyanın xilas FORMULUNU TƏKLİF ELƏDİ

“BMT-ni və dünyanı beş dövlətin hökmündən qurtarmaq...”

ABŞ-ın sədrliyi ilə BMT Baş Assambleyasının 73-cü sessiyası öz işinə başlayıb. Sessiyadakı çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsini tələb edib.

Türkiyə prezidenti bəyan edib ki, şuranın işində köklü islahatlar aparılmalı, tərkibi 20 üzv dövlətə qədər genişləndirilməlidir. O, daimi üzv kimi 5 ölkənin digər 194 ölkəni mühakimə etmək iqtidarında olmadığını qeyd edib: “194 ölkədən 5-i bütün dünyanı mühakimə edə bilməz. Daimi və müvəqqəti üzvlüyə bölgü ləğv edilməlidir. Hər kontinentin müxtəlif dini inanclarından 20 qalıcı üzv və rotasiya olmalıdır. Yalnız bu zaman BMT ədalətli qərarlar verə biləcək”.

Ərdoğan dünyadakı proseslərə diqqət çəkərək ədalətsizliyin davam etdiyini vurğulayıb: “Biz təbii ki, dünyada sülh və stabilliyin qarantı olan BMT Təhlükəsizlik Şurası kimi təşkilatların dalana dirənən problemləri həll edə bilməməsini qəbul edirik. Amma əsas səhvi biz başqalarına problemlərimizi həll etmək imkanı verərkən edirik”.

Sonda Türkiyə prezidenti BMT-nin səylərinin “müəyyən tərəflərin mənafelərini qorumaq olduğuna” diqqət çəkib.

Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan iki il öncə də BMT Təhlükəsizlik Şurasında islahatların vacibliyini BMT Baş Assambleyasının 71-ci toplantısında da bəyan etmişdi. Ozamankı BMT baş katibi Pan Gi Mun da Ərdoğanın mövqeyinə dolayısı ilə şərik olduğunu “Bir neçə dövlət dünyanı girov saxlayır” bəyanatı ilə ortaya qoymuşdu.

Politoloqlar da hesab edir ki, Türkiyə prezidenti bu məsələdə tamamilə haqlıdır və dünyanın taleyinə müsbət təsir edəcək məsələni qoyur. Çünki 2-ci Dünya müharibəsi şərtləri içərisində qurulmuş  BMT Təhlükəsizlik Şurasını artıq uzun müddət bu şəkildə saxlamaq mümkün deyil.

Ä°lgili resim

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Ərdoğan dünya üçün çox ciddi problem kəsb edən məsələni haqlı olaraq qaldırıb: “Onun bu tələbinə dünya ölkələri dəstək verməlidir. Həqiqətən də BMT-nin və faktiki olaraq dünyanın, dünya üçün əhəmiyyətli olan qərarların qəbulunun 5 dövlətdən asılı olması çox ciddi problemlər meydana gətirir. Hegemon dövlətlərin təkcə dünyada nüfuz dairəsi uğrunda mübarizədə yox, həm də ayrı-ayrı beynəlxalq təşkilatlarda öz təsirlərini yaymaq uğrunda amansız mübarizə apardığı faktdır. Bunun zərbəsi isə digər dövlətlərə, xalqlara dəyir. Həmin iri dövlətlərin bir-biri ilə nüfuz mübarizəsi postsovet məkanında, Yaxın Şərqdəki münaqişələrdə, son zamanlarda isə Suriyada və İraqdakı müharibələrdə göstərir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələr öz aralarında nüfuz savaşı aparır. Uzağa getməyək, elə Dağlıq Qarabağ münaqişəsinin özü BMT TŞ-nin daimi üzvü olan iki dövlətin ABŞ və Rusiyanın geosiyasi mübarizəsinin əsirinə çevrilib. Suriyada da dünya eyni vəziyyətlə baş-başa qalıb. Dünyanı, əsasən də Türkiyəni və Avropanı təhdid edən qaçqın probleminin yaranmasında da məhz Rusiya ilə ABŞ-ın, Fransanın, Böyük Britaniyanın arasında gedən nüfuz savaşı rol oynayır. Dünyadakı münaqişə ocaqlarının söndürülməsi BMT Təhlükəsizlik Şurasından gözlənildiyi halda, onun 5 daimi üzvü arasında gedən nüfuz mübarizəsinin münaqişələri alovlandırdığı, sönməyə imkan vermədiyi açıq görünür. Dünyada bir ABŞ-Rusiya qarşıdurması gedir və getdikcə mürəkkəbləşir. Bu qarşıdurma dünyadakı bütün münaqişə ocaqlarının mənbəyidir. Bu qarşıdurma dünyanı həqiqətən də girovluğunda saxlayır. BMT artıq ABŞ-la Rusiyanın siyasi rəqabət meydanına çevrilib. Dünyada sülhü və təhlükəsizliyi təmin etmək üçün bir normal layihəni BMT Təhlükəsizlik Şurasından keçirmək mümkün deyil. Çünki ya Rusiya, ya ABŞ, yaxud da onların müttəfiqlərindən kimsə öz veto hüququndan istifadə edərək belə qətnamələrin keçməsinin qarşısını alır”.

Politoloq vurğuladı ki, Ərdoğanın dünyanın bir nömrəli beynəlxalq təşkilatında ciddi islahatlar aparmaq təklifləri neçə ildir irəli sürülür və həyata keçməsinə yenə həmin beşlik imkan vermir. İslahatlara isə son dərəcə ciddi ehtiyac var:“Yaponiya, Almaniya, Türkiyə və başqa dövlətlər BMT-nin səmərəsiz işlədiyini, sülhə və təhlükəsizliyə lazımi töhfə verə bilmədiyini, bunun da əsas səbəbini Təhlükəsizlik Şurasının daimi üzvü olan bir neçə dövlətin hegemonluğu ilə izah edir. Bu dövlətlər açıq surətdə və haqlı olaraq təklif edir ki, BMT Təhlükəsizlik Şurası yenidən qurulmalıdır. BMT TŞ-nin 5 daimi üzvü daha böyük səlahiyyətlərə malik olmamalıdır, veto hüquqi səlahiyyətindən məhrum edilməlidir. Yaxud Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Məsələn, Yaponiya və Almaniya tərkibin 15-ə qaldırılmasını təklif edirlər. BMT-nin sərəncamındakı məhdud miqdarda olan qoşun kontingentinin səlahiyyətlərini genişləndirməyi və sayını artırmağı təklif edirlər. BMT üçün ciddi məsələlərdən biri quruma üzvlük haqqı verilməsində problemlərdir. Elə dövlətlər var ki, 30 ildir BMT-yə bir dollar da üzvlük haqqı ödəmir. Elə vaxtlar olur ki, BMT-nin büdcəsinin 45-50 faizini Amerika ödəməli olur. Amma Azərbaycan və Türkiyə vaxtlı-vaxtında üzvlük haqqını ödəyir. Bütün bu problemlərin həlli üçün BMT-də islahatlara başlamaq zərurəti var”.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadır.






Fikirlər