Putin Əliyevlə görüşü zamanı Ermənistanda rus ordusunu NİYƏ AYAĞA QALDIRDI? - ŞOK SƏBƏB
Rusiya prezidenti Vladimir Putin Bakıda səfərdə olarkən Ermənistanda rus ordusu təlimlərə başladı. Rusiya və Ermənistanın birləşmiş ordu qruplaşmasının keçirdiyi təlimlərin təfərrüatı məlum olmasa da, Putinin Azərbaycan torpaqlarında Prezident İlham Əliyevlə müzakirələr apardığı vaxt belə bir addımın atılması diqqət çəkir. Publika.az xəbər verir ki, Rusiya və Ermənistanın birləşmiş ordu qruplaşması ötən ilin iyul ayında yaradılıb. Bu qruplaşmanın qərargahı Ermənistan ərazisində olsa da, onun birbaşa Moskvanın əmrləri ilə hərəkət etdiyi məlumdur. Hətta birləşmiş ordu qruplaşması məsələsi gündəmə gələndə Ermənistanda Dağlıq Qarabağda baş verə biləcək mümkün müharibədə rus ordusunun onlar tərəfindən vuruşacağı haqqında sevinclə danışırdı. Sonradan Moskvanın rəsmi məlumatlarında qruplaşmanın işğal olunmuş ərazilərdə baş verən proseslərə qarışmayacağı təsdiqləndi. Qruplaşmanın dünən təlimlərə başlaması Ermənistan-Rusiya münasibətlərindəki gərginlik fonunda diqqət çəkir.
Moskva və İrəvan xəttində hər keçən gün çatlar daha da böyüyür. Rusiya Qafqazda Azərbaycana daha çox diqqət ayırmağa başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfəri və rusiyalı həmkarı ilə 15-dən artıq ikitərəfli müqavilə imzalaması, ardınca, prezident Vladimir Putinin Bakı səfəri və Azərbaycan torpaqlarında verilən mesajlar da Bakı-Moskva xəttində regional amillərdən qaynaqlanan yaxınlaşmanın sürətlə inkişaf etdiyini göstərir. Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 8-də Moskvada Putinlə bir araya gəldi, bu görüşün lazımi effekt vermədiyi, görüşdə yalnız erməni baş nazirinin danışdığı, Rusiya liderinin isə bir neçə kəlmədən başqa heç nə demədiyi haqqında Ermənistan və Rusiya mediasında məlumatlar yayıldı. Putinin Bakı səfərindən sonra Ermənistana səfər edəcəyi gözlənilsə də, dünən məlum oldu ki, yaxın zamanlarda belə bir səfər gözlənilmir. Rusiya prezidentinin köməkçisi Uşakov isə bildirdi ki, “Putinin vaxtı yoxdur”.
Göründüyü kimi, İrəvan-Moskva qarşıdurması fonunda Bakı-Moskva yaxınlaşması aydın xətlə irəliləyir. Və ən maraqlı sual belədir: Putin Bakıda İlham Əliyevlə görüşəndə rus ordusunu Ermənistanda niyə ayağa qaldırdı?
İlk baxışdan, bu, belə görünmür, çünki təlimdə rus əsgərləri ilə yanaşı, erməni əsgərlər də iştirak edir. Hətta Ermənistanda Paşinyana yaxın media bu təlimləri “Putin İrəvandan Bakıya mesaj verir” deyə təqdim edir, bununla Moskva-İrəvan xəttində “hər şeyin yolunda olduğunu” göstərməyə çalışırlar. Lakin burada iki məqam nəzərə alınmalıdır:
1. Təlimlərə başlayan birləşmiş ordu qruplaşması birbaşa Moskvanın əmrləri ilə hərəkət edir.
2. Ermənistanda hakimiyyətə Paşinyan gəlsə də, erməni ordusunun əsas strukturu və aktiv fəaliyyətdə olan zabitləri Rusiya təsirindədir.
Ortaya çıxan mənzərə belədir: Putin Bakıya gəldiyi gün Ermənistanda birləşmiş ordu qruplaşmasını poliqona göndərir və bununla Nikol Paşinyan hakimiyyətinə bölgədə “baş hakim” olduğunu nümayiş etdirir.