QARABAĞ PROBLEMİNİN həllini yaxınlaşdıran İKİ FAKTOR

Azərbaycanın bölgədəki strateji önəmi və hərbi üstünlüyü gec-tez öz sözünü deyəcək; Bakı “hibrid silahlar” almağa hazırlaşır; erməni politoloq: “Rusiya yaxın gələcəkdə Qarabağ məsələsində Azərbaycana sərfəli mövqe tuta bilər...”

Azərbaycan prezidenti İlham Əliyevin Belarusa son səfəri, şübhə yox ki, iki dost və tərəfdaş ölkə arasında hərbi-texniki sahədə də əməkdaşlığın dərinləşməsinə təkan verəcək. Minskdə əldə olunan anlaşmalar, prezidentlərin verdiyi bəyanatlar belə bir qənaətə gəlməyə əsas verir. Bu xüsusda səfər hərbi ekspertlərin də diqqət mərkəzindədir və analiz edilməkdədir.

Məsələn, belorus hərbi analitik Aleksandr Alesin hesab edir ki, Minsk Azərbaycana yeni nəsil havadan müdafiə sistemləri verəcək. Söhbət ilk növbədə “Alebarda” zenit-raket komplekslərindən gedir. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə analitik naviny.by nəşrinə müsahibəsində deyib.

Onun sözlərinı görə, haqqında danışılan komplekslər “Peçora 2BM” komplekslərinin modernləşdirilmiş variantıdır. Hərbi ekspert bu sistemləri hibrid silah adlandırıb. “Bu, S-300 sistemlərinə doğru inkişaf və ondan da o tərəfədır. Özü də konkret halda bu sistemlər Azərbaycanın ehtiyacları üçün uyğunlaşdırıla bilər”, - deyə o qeyd edib.

Əlbəttə ki, bu sistemlər Azərbaycanın işğalçı ölkə üzərində havada hərbi üstünlüyünü daha da böyüdəcək. Bu günün özündə hərbi ekspertlər bu üstünlüyü kifayət qədər güclü hesab edirlər.

S-300 ile ilgili görsel sonucu

“Bu ilin iyulunda erməni baş nazir əvəzi Nikol Paşinyan özünün facebook səhifəsində SU-30CM-İN kabinəsində çəkdiyi şəkli yerləşdirmiş, həmin qırıcıları dünyanın ən yaxşılarından biri adlandırmışdı. Ancaq şəkil şəkildir, bəs pulu haradan tapmalı? Axı bu maşınlar bahalıdır”, - deyə belorus ekspert işğalçı ölkənin kasad maliyyə durumuna işarə edərək bildirib. Onun əminliyinə görə, Ermənistan Rusiyanın silah almaq üçün verdiyi kreditləri də qaytara bilməyəcək.

*****

Maraqlıdır ki, Moskvadan iqtisadi-maliyyə və hərbi asılılıqda olan, Rusiyadan ən ucuz qiymətə, bəzən havayı silahlar alan Ermənistanda bu arada anti-Rusiya ovqatı bir qədər də güclənib. Xüsusən də işğalçı ölkənin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 8 noyabr Astana toplantısında İrəvanın baş katiblik məsələsində üzləşdiyi fiasko Moskva əleyhinə yeni demarşa səbəb olub. Hətta düşmən ölkədə KTMT-dən, MDB-dən çıxıb NATO-ya qoşulmaq çağırışları səslənməyə başlayıb. Rusiya həmçinin Ermənistanın təhlükəsizliyinə laqeyd yanaşmada ittiham olunur.

“Əgər Rusiya öz bazasının qeydinə qalmırsa və onun saxlanılması üçün pul xərcləmirsə, demək, Ermənistanın təhlükəsizliyinin də qayğısına qalmayacaq”. Bunu “Aykakan Jamanak” qəzetinə müsahibəsində erməni politoloq Stepan Qriqoryan deyib.

“Rusiya bu gün MDB-dəki tərəfdaşları ilə əlaqələri neo-imperializm mövqeyindən qurmağa çalışır. Ermənistana yanaşmada bu mövqe tədarük edilən qaz və nüvə yanacağının qiymətinin artırılması ilə müşahidə edilir”, - deyə o bildirib. Onun sözlərinə görə, Rusiya yaxın gələcəkdə Qarabağın həlli məsələsində Bakı üçün sərfəli olan mövqe tuta bilər. O, İrəvanın KTMT-yə ümid etməməli olduğunu və Gürcüstan kimi Vaşinqton və NATO ilə əlaqələrə daha çox diqqət edilməsi gərəkdiyini deyib.

Ermənistan parlamentinin keçmiş spikeri Babken Ararktsyan isə ölkənin yavaş-yavaş Rusiya bazasına çevrildiyini bildirib. Onun sözlərinə görə, İrəvan KTMT ilə bərabər, MDB-dən də çıxmalı və dərhal NATO və Avropa Birliyi istiqamətində inteqrasiya arzusunu dilə gətirməlidir.

Öz növbəsində Ermənistanın Liberal Proqressiv Partiyasının rəhbəri Ovanes Ovanisyan isə KTMT-ni “cırtdan struktur” adlandırıb: “Dünyada bu təşkilata gülürlər. Ermənistanın yeri KTMT-də yox, sivil ölkələr klubundadır. Biz Gürcüstandakı hadisələri diqqətlə izləməliyik ki, sonradan onlarla birgə NATO-ya üzv olaq”.

*****

Ermənistanın NATO-ya üzv olmaq istəyini bəyan etməsi nə vaxtsa istisna deyil. Ancaq Dağlıq Qarabağsız. Nə Azərbaycan, nə də Rusiya imkan verməz ki, İrəvan işğal altındakı Azərbaycan torpaqları ilə bağlı bu dəfə Qərbdən etibarlı zəmanət alsın, status-kvonu, işğal rejimini davam etdirsin. Heç Qərb də ermənilərə bu zəmanəti verməz. Çünki Azərbaycan ABŞ və Avropa üçün sıradan bir dövlət deyil. Yəni Qarabağ məsələsində doğrudan da Moskva ilə Bakının mövqeyi üst-üstə düşə bilər.

“Qərbin özü separatizm dalğası ilə üzləşməyə başlayıb. Məsələn, İspaniyada Kataloniya, bask, İngiltərədə Şotlandiya, Fransada Sardiniya məsələsi və s. var. Yəni Qərb gördü ki, aqressiv separatizm dünya düzəninə, iqtisadi inkişafa necə xələl gətirə bilər”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a müsahibəsində sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli ile ilgili görsel sonucu

“Əlbəttə, Qərbin Rusiya ilə bağlı planları tələb edir ki, Rusiyanın sərhədləri boyu yerləşən bəzi rejimlərdə müəyyən dəyişikliklər həyata keçirilsin. Azərbaycanla bağlı bütün məsələləri Qərb əla bilir. Yaxşı başa düşür ki, Ermənistan Azərbaycana təcavüz edib. Doğrudur, bu təcavüz faktı beynəlxalq sənədlərdə fiksə edilməyib. Ermənilərin bağırmaqlarına baxmayaraq, bilinən odur ki, Dağlıq Qarabağdakı 65-70 minlik ermənidən uzaqbaşı 2000 əsgər çıxarmaq olar. Bu qədər əsgərlə isə Azərbaycanın 20% ərazisini istila etmək mümkün deyil. Bunu ABŞ, Fransa, Almaniya da yaxşı başa düşür”, - deyə politoloq vurğulayıb.

O, ATƏT-in əksər sammitlərində postsovet məkanındakı münaqişəli məsələlərlə bağlı çıxarılan qərarların ərazi bütövlüyünün xeyrinə olduğunu yada salaraq deyib: “Budapeşt, Lissabon sammiti və s. İndi də tərəflər deyir ki, Cənubi Qafqazda mövcud status-kvonu qoruyub saxlamaq olmaz. Bu məsələdə ABŞ daha fəaldır, çünki ABŞ Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edir və Rusiyanı özünün az qala bir nömrəli düşməni hesab edir. Bu sanksiyaların yeni dalğası da gələcək. Həmçinin İranla münasibətlər həddindən artıq pisdir və pisləşməkdə də davam edir. Onlara qarşı da sanksiyalar tətbiqi davam edəcək. Başqa tərəfdən isə Çinlə ABŞ-ın münasibətləri hələ ki, ticarət müharibələri səviyyəsindədir. Bunun isti müharibə səviyyəsinə getməsi ehtimalı da var. Ona görə də ABŞ indidən həm Cənubi Qafqazda, həm də Orta Asiyada öz mövqelərini möhkəmləndirmək istəyir. Bu bölgələr kifayət qədər stratejidir. Cənubi Qafqazda isə Azərbaycanın tutduğu coğrafi mövqe, onun strateji əhəmiyyəti kifayət qədər yüksəkdir”.

Ermənistan üzərində bu strateji üstünlüyümüz, şübhəsiz ki, Dağlıq Qarabağ ixtilafının ədalətli həllində hərbi üstünlüyümüz kimi öz sözünü mütləq deyəcək. Ən azı o səbəbə ki, dünya düzəni maraqlar üzərində qurulub...






Fikirlər