“Populizm İlham Əliyevə yad bir xüsusiyyətdir” - ƏLİ HƏSƏNOV
Prezident İlham Əliyev son 15 ildə yeni Azərbaycanın Qurucusu kimi özünü təsdiq edib. “AzerTaym.az” Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi” kitabının və eyniadlı filmin təqdimat mərasimində çıxışı zamanı deyib. Ə.Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin Xilaskarı idisə, onun davamçısı olan İlham Əliyev son 15 ildə bu dövləti inkişaf etdirib, yeni idarəçilik modeli ortaya qoyub və yeni Azərbaycanın Qurucusu kimi özünü təsdiq edib: “İlham Əliyev 15 illik prezidentlik dövründə qlobal və sistemli strateji düşüncə tərzinə malik olduğunu nümayiş etdirə bilib. Həm ölkə daxilində gördüyü işlər, həm də yürütdüyü xarici siyasət, onun təşəbbüsü ilə gerçəkləşən əməkdaşlıq platformaları, həyata vəsiqə alan beynəlxalq və regional əhəmiyyətli layihələr on illər, yüz illər sonra da Azərbaycana, Azərbaycan vətəndaşlarına fayda gətirəcək, dövlətimizin qüdrətlənməsinə xidmət edəcək. Bu təşəbbüslər sayəsində açıq dənizlərə birbaşa çıxışı olmayan Azərbaycan regionun nəqliyyat-logistika mərkəzi statusu qazanıb, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi təmin edilib. Bu, cənab Prezidentin qeyd etdiyi kimi, beynəlxalq yükdaşımaları uğrunda rəqabətdə Azərbaycana önə çıxmağa, ölkənin qeyri-neft sektorunun inkişafında mühüm töhfə verməyə imkan verib. Onun təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı enerji layihələri sayəsində Azərbaycan Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan Avropanın enerji təminatında bu gün yeganə alternativ mənbədir, bəzi ölkələrin enerji təchizatının 30-40 faizi Azərbaycan vasitəsilə həyat keçirilir”. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təmin edilmiş sabitlik Azərbaycanı təhlükəsiz, geosiyasi problemlər vəd etməyən cəlbedici ixrac mənbəyinə, enerji və nəqliyyat qovşağına çevirir: “Beləliklə, Azərbaycan qitənin enerji və nəqliyyat xəritəsini yenidən dizayn etməkdədir. İlham Əliyevin təməlini qoyduğu və gerçəkləşdirdiyi layihələr - transmilli neft-qaz kəmərləri, qitələrarası nəqliyyat dəhlizləri, istifadəyə verilmiş kommunikasiya xətləri, liman və tərsanələr, hava limanları, çoxsaylı mədəni, tibbi obyektlər, elm, təhsil sahəsində həyata keçirdiyi ümummilli proqramlar, yetişdirdiyi sağlam gənclik hələ uzun illər Azərbaycanın rifahını, dövlətimizin davamlı inkişafını təmin edəcək”. Ə.Həsənov bildirib ki, son 15 ildə Prezident İlham Əliyevin regionların inkişafını, gənclərin təhsilini, insan kapitalına dövlət sərmayəsinin qoyulmasını, vətəndaşın sosial haqlarını və sosial müdafiəsini önə çəkib, vətəndaşların sağlamlığının qorunması ilə bağlı konseptual siyasətə, milli mənəvi dəyərlərin qorunmasına, yeni nəsillərin öz tarixi irsinə sədaqət ruhunda böyüdülməsinə xüsusi diqqət yetirib, Azərbaycanın Ermənistan istisna edilməklə bütün qonşu ölkələrlə qarışlıqlı faydalı əlaqələr qurub: “İlham Əliyev olduqca praqmatik və realist siyasi liderdir. O, həyata keçirdiyi siyasətin nəticələrini əvvəlcədən hesablayır, aydın konturlarını cızır. Azərbaycan dövləti proqramlarla idarə olunan, proqnozlaşdırıla bilən bir siyasət yürüdür. İlham Əliyev hansı hədəfləri müəyyən edirsə, hansı vədləri verirsə, proqramlaşdırıb həyata keçirir. Formalizm, populizm, qeyri-real vədlər, cari, situativ hədəflər naminə dövlətin enerjisinin sərf edilməsi, gündəlik siyasi tələblər haqqında düşünmək İlham Əliyev idarəçiliyinə yad bir xüsusiyyətdir”. Prezidentin köməkçisi deyib ki, dövlətimizin başçısının yürütdüyü məqsədyönlü sosial siyasət daim əhalinin rifah halının yüksəldilməsinə hesablanıb: “Bu siyasət xalq tərəfindən geniş dəstəyə malikdir. Yerli və xarici fərqli qurumlar tərəfindən aparılan monitorinqlər, keçirilən rəy sorğuları belə dəstəyin mövcudluğunu təsbit edir. Builki prezident seçkilərinin nəticələri isə xalqın İlham Əliyev siyasətinə yüksək etimadının nümayişi oldu. Davos İqtisadi Forumunun apardığı sorğuya əsasən, "siyasətçilərə ictimai etimad” adlanan kateqoriyada Azərbaycan dünyada 20-ci yeri tutur. Bu, İlham Əliyevin şəxsinə və iqtidarına xalqın böyük etimadının beynəlxalq etirafı kimi qəbul edilməlidir”. Ə.Həsənov qeyd edib ki, Prezident İlham Əliyev olduqca qətiyyətli və güclü siyasi iradəsi olan bir liderdir: “İlham Əliyev Azərbaycan naminə planlaşdırdığı siyasəti, proqram və layihələri həyata keçirmək üçün böyük əzm, titanik iradə nümayiş etdirir, bəzən qeyri-mümkün görünənləri gerçəyə çevirməyi bacarır. Azərbaycan xalqının maraqlarını beynəlxalq müstəvidə necə qətiyyətlə müdafiə etdiyi təqdim olunan kitabda və filmin kadrlarında da öz əksini tapıb. Onun rəhbərliyi ilə icra olunan strateji kurs Azərbaycanın beynəlxalq arenada nüfuzunun və rolunun durmadan yüksəldilməsinə yönəlib”. PA rəsmisi əlavə edib ki, İlham Əliyevin yüksək siyasi mədəniyyəti qonşularla münasibətdə də özünü büruzə verir: “Bu və ya digər təşviq və təzyiqlərə baxmayaraq, indiyə qədər Azərbaycan hər hansı bir dövlətə qarşı platsdarm rolu oynamayıb. Ermənistanda baş verən son hakimiyyət dəyişiklikləri və dövlət aparatının iflic olduğu məqamlarda belə, Azərbaycan tərəfi fürsətcil davranışdan yayınıb. Nəticədə bu gün Azərbaycan sülh, əməkdaşlıq və dialoq platforması kimi tanınır, beynəlxalq etimadın artmasına öz töhfələrini verir. Təsadüfi deyil ki, 2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi ənənəvi hal alıb, Rusiya ilə Türkiyə arasında gərginliyin azaldılmasına Azərbaycanın verdiyi dəstək artıq hər iki ölkənin müxtəlif səviyyəli siyasiləri tərəfindən dilə gətirilib”.