Xarici mətbuat İlham Əliyevi “2013-cü ilin adamı” elan etdi
"Avrasiya regionunun siyasi üfüqündə İlham Heydər oğlu Əliyev kimi parlaq ad peyda oldu. İlham Əliyev 2013-cü il oktyabrın 9-da ardıcıl olaraq 3 dəfə 5 il müddətinə Azərbaycan Prezidenti seçildi və bütün region üçün nümunəvi liderdir".
Bunu Pakistanın nüfuzlu "Pakistan Observer" nəşrinin baş redaktoru Zahid Malik yazır.
Müəllif 2005-ci il aprelin 6-da Prezident İlham Əliyevlə görüşündən təsirləndiyini qeyd edir: "Azərbaycan Prezidenti Dağlıq Qarabağ məsələsində açıq və qəti dəstəyinə görə Pakistana minnətdarlığını bildirdi. Həmin vaxtdan etibarən İlham Əliyevin Azərbaycanı hərtərəfli qibtə ediləcək vəziyyətə gətirməyə nail olduğunu izləmişəm".
Məqalədə deyilir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda inkişaf etmiş ölkələrdəki proseslərə uyğun həyatın bütün sahələrində intensiv inkişaf başlayıb: "Demokratik dövlət qurulucuğunun inkişafı və sosial-iqtisadi tərəqqi Azərbaycan xalqının rifahını təmin edib".
Z.Malik yazır ki, regionda və onun hüdudlarından kənarda davamlı sülh və əməkdaşlığa yardım edən balanslaşdırılmış xarici siyasət İlham Əliyevin rəhbərliyinin fərqli xüsusiyyətidir: "Bu nailiyyət İlham Əliyevi bütün region üçün nümunəvi liderə çevirir".
Məqalədə vurğulanır ki, müasir Azərbaycan nisbətən gənc ölkədir: "1991-ci ildə SSRİ dağıldıqdan sonra ölkə təcrübəli lider, Prezident Heydər Əliyevin rəhbərliyi altında demokratik islahatlara başladı. Bu islahatlar İlham Əliyev tərəfindən davam etdirildi. Əhalinin böyük əksəriyyətinin dəstəyi ilə İlham Əliyevin ardıcıl üçüncü dəfə 5 il müddətinə dövlət başçısı seçilməsi onun populyarlığının təsdiqidir".
Müəllifin sözlərinə görə, BMT, İƏT, ATƏT, MDB və QDİƏT daxil olmaqla bir sıra nüfuzlu beynəlxalq təşkilatların qərəzsiz müşahidəçiləri də ədalətli seçkilərin keçirildiyini təsdiq edirlər.
Məqalədə qeyd edilir ki, Xəzər dənizinin şelf ehtiyatlarını mənimsəmək üçün 1994-cü ildə Qərbin neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasından etibarən ölkə intensiv templə irəliləyir: "Karbohidrogenlərin hasilat prosesi geniş nəqliyyat sistemi ilə dəstəklənir. Bunlar hazırkı Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, həmçinin yaxın vaxtlarda çəkiləcək Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləridir".
Müəllifin sözlərinə görə, yaxın vaxtlarda istismara veriləcək Bakı-Tbilisi-Qars dəmiryol xətti şübhəsiz ki, Azərbaycan vasitəsilə Mərkəzi Asiyanı Avropa ilə birləşdirən əsas nəqliyyat qovşağı olacaq:
"Yeni elektrik stansiyaları təkcə Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyini deyil, həmçinin elektrik enerjisinin qonşu ölkələrə ixracını mümkün etdi. Bundan başqa, Azərbaycan müxtəlif ölkələrdə çoxmilyardlıq layihələri maliyyələşdirən qabaqcıl regional investorlardan birinə çevrildi".
Məqalədə deyilir ki, Azərbaycanın xarici siyasətində Pakistanla münasibətlər xüsusi yer tutur:
"Əsrlərlə davam edən ənənələrə, ortaq din, mədəniyyət, tarix və irsin möhkəm təməlinə söykənən ikitərəfli Azərbaycan-Pakistan münasibətləri dostluq, mehribanlıq, həmrəylik və qarşılıqlı dəstəyin yüksək səviyyəsi ilə səciyyələnir. Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycana qeyd-şərtsiz dəstək göstərir, Azərbaycan isə həmişə Kəşmir məsələsində Pakistana güclü dəstək verib".
Baş redaktor yazır ki, İlham Əliyev, həmçinin idmanın və Olimpiya hərəkatının inkişafına xüsusi diqqət yetirir: "İlham Əliyev "Odlar diyarı" olan Azərbaycan və ölkə vətəndaşları naminə, eləcə də regionda və ondan kənarda sülhə, anlayışa və əməkdaşlığa yardım etmək üçün yorulmadan çalışır. Təəccüblü deyil ki, bu görkəmli lider 2013-cü ildə "İlin adamı" adına layiq görüldü".