ŞOK GƏLİŞMƏ: “Ərdoğanı yola salmaq istəyirlər” – Davudoğlunun arxasındakı GÜCLƏR

Türkiyədə yeni qurulacaq partiyada sabiq prezident Abdullah Gülün iştirak edəcəyi iddiası öz təsdiqini tapmayıb. Abdullah Gülün özü də bu informasiyanı təsdiqləməyib”.

Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri belə deyib.

Ekspertin fikrincə, sabiq baş nazir Əhməd Davudoğlunun isə partiya yaradacağı artıq təsdiqlənmək üzrədir:

“Hesab edirəm ki, yeni partiya hakimiyyətdəki AKP-yə qarşı siyasi güc mərkəzi olacaq. Çünki başda CHP olmaqla, heç bir siyasi təşkilat AKP-ni hakim mövqedən düşürə bilmədi. MHP-nin AKP ilə birgə “Cümhur İttifaqı” quraraq prezident, bələdiyyə və parlament seçkilərinə getməsi və bu blokun qələbə qazanması, Ərdoğan hakimiyyətinə qarşı olan dövlətləri narahat etdi.

Həmin blok son bələdiyyə seçkilərində də qalib gələrək həmin qüvvələri məyus etdi. Bu seçkilər haqda birmənalı fikir səsləndirilməsə də, AKP-MHP bloku əksər iri şəhərlərdə qalib gəldi. Bununla növbəti dəfə Qərbi məyus etdilər.

Ortada bir Qərb layihəsi vardı. İdeoloji cəhətdən bir-birinə yaxın olmayan partiyaları bir ittifaqda (“Millət İttifaqı”) birləşdirərək, bu qüvvələrin seçkilərdə MHP və AKP-yə qarşı birgə iştirakı təmin edildi.

Düşünürdülər ki, bu ittifaqın seçkidə iştirakı qələbəni təmin edəcək. Amma bu plan baş tutmadı. Artıq Qərbdə CHP liderinə inam qalmayıb. Hesab edirəm ki, buna görə də yeni bir siyasi güc mərkəzi qurmaqla həm AKP daxilində, həm hakimiyyətin içində parçalanma yaratmağı, habelə “Cümhur İttifaqı”nın dağılmasını qarşılarına məqsəd qoyublar. Bununla gələcəkdə Ərdoğanı hakimiyyətdən salmağa hədəfə alıblar”.

Natiq Miri bildirib ki, yeni siyasi partiyanın yaradılması məsələsində keçmiş AKP funksionerlərinin adlarının hallandırılmasına baxmayaraq, bu prosesin arxasında qlobal güclər dayanır:

Bu məsələdə ABŞ və İngiltərənin fəal olduğunu düşünmək olar. Prosesin arxasında daha çox Türkiyədəki müxtəlif siyasi dairələrlə geniş əlaqələri olan ingilis dövləti var. Bu prosesin hərəkətverici qüvvəsi və maliyyə dəstəkçisi də məhz İngiltərə olacaq. Bu layihəni Türkiyənin zəiflətmək üçün ortaya atıblar. Türkiyənin regionda və dünyada diktəedici güc olması, bu ölkələri narahat edir və bunun qarşısını almaq üçün bu kimi yollara əl atırlar.

Türkiyənin güclənməsi onun NATO-dakı müttəfiqlərini ciddi şəkildə narahat edir. Bunun qarşısına keçmək üçün də keçmiş AKP-çi Əhməd Davudoğlunun timsalında yeni siyasi güc mərkəzi qurmağa cəhd edirlər. Yeni yaradılan siyasi partiyanın əsas hədəflərindən biri AKP-ni parçalamaq və gələcək seçkilərdə Ərdoğanı hakimiyyətdən salmaq olacaq.

İndiki halda AKP-dən getmə meylləri olsa da, yaxın perspektivdə bu boşluğun doldurulacağına əminəm”.






Fikirlər