Qabil Hüseynlinin çağırışına YAP-dan reaksiya - “Bölücülük yaxşı hal deyil”

Qabil Hüseynlinin çağırışına YAP-dan reaksiya -  

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri Qabil Hüseynlinin mərhumla vida mərasimi barədə çağırışı ictimai rəydə müzakirələrə səbəb olub. 

Qabil Hüseynli bildirib ki, müxtəlif siyasi partiyaların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi divident qazanmaq istəkləri barədə məlumata malikdir. Bu baxımdan, həmin qüvvələrdən tədbirə qatılmamağı xahiş edib.

İctimai rəydə Qabil Hüseynlinin bu çağırışının müxalifətə ünvanladığı qənaəti hakim kəsilib və pilotun qyınatası sərt tənqidə məruz qalıb. Digər tərəfdən belə iddialar var ki, Qabil Hüseynli bu çağırışı hakimiyyətin təhriki ilə edib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibliyinin şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə isə “Yeni Sabah”a açıqlamasında bu iddiaları təkzib edib.

Qabil Hüseynlinin məlum çağırışı hakimiyyətin təhriki etməsi barədə iddiaların heç bir əsası yoxdur. Qabil Hüseynli uzun müddətdir aktiv siyasətlə məşğuldur və siyasi çevrələri yaxından tanıyır. Görünür onda hansısa narahatlıq olub və bu baxımdan belə çağırış edib. O heç kimi ittiham etməyib və heç kəsə mərasimə qatılmağı yasaqlamayıb”, - deyə Aydın Mirzəzadə bildirib.

YAP rəsmisi əlavə edib ki, bu tip məsələlərdə iqtidar-müxalifət bölücülüyü olmamalıdır. “İnsani məsələlərdə bu cür düşünmək yanlışdır. Bu, xeyir işlərə də, yas mərasimlərinə də aiddir. Mən özüm bir neçə il əvvəl müxalifətin tanınmış simalarından olan İkram İsrafilin oğlunun toy məclisində iştirak etmişəm. Yaxud bir müddət əvvəl mərhum prezident Əbülfəz Elçibəyin xanımının yas mərasiminə qatılmışam. Orada müxtəlif siyasi qrupların nümayəndələri də var idi. Hesab edirəm ki, belə məsələlərdə bölücülük yaxşı hal deyil. Bu bizim mənəvi dəyərlərimizə də ziddir”,- deyə Aydın Mirzəzadə vurğulayıb.

Qabil Hüseynlinin çağırışına müxalifətdən də reaksiya gəlib. Müsavat başqanı Arif Hacılı bu barədə “Facebook”səhifəsində yazıb: “Şəhid pilotumuz, Rəşad Atakişiyev bu gün dəfn olunacaq. Gənc yaşında belə böyük mütəxəssisin, yüksək rütbəli zabitin yetişməsi istedadın, intellektin, illərlə çəkilən zəhmətin nəticəsi idi. 

İtirdik. Azərbaycan itirdi. 

Rəşad Atakişiyevin itkisi yalnız onun ailəsinə, yaxınlarına aid olan bir məsələ deyil. 

Dəfn mərasimində iştirak edənlər də etməyənlər də bu kədərə şərikdir. 

Bu hadisədən də siyasi məqsəd güdənlərin davranışı bizim şəhidimizə münasibətimizi dəyişməz. 

Dəfndə iştirak etmərik, sonra məzarı başında anarıq. Əsas odur ki, unutmarıq.

Ruhun şad olsun vətən oğlu. Rahat uyu. 

Allah rəhmət eləsin”.






Fikirlər