“ELÇİBƏY PREZİDENT OLMAQ İSTƏMİRDİ…” – “O istintaqdan üzüağ çıxa bildim”

fezail

Bu gün Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin anım günüdür. Onun vəfatından 19 il ötür.

Vaxtilə xalq hərəkatında Əbülfəz Elçibəylə birlikdə iştirak etmiş deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı eks-prezidentlə bağlı xatirələrini Modern.az-a danışıb. Deputat deyib: “Bu gün artıq onun arzuladığı Azərbaycan ayaq üstədir, dünya miqyasında tanınır, nüfuzu var, hörmət sahibidir. Dövlətimiz möhkəmlənir, regionda liderə çevrilir. Bütün bunlar Əbülfəz Elçibəyin arzuları idi. Düşünürəm ki, onun ruhu indi şad olmalıdır.

Elçibəylə bizim tanışlığımız 1968-ci ildə mən BDU-da tələbə olarkən başladı. O bizə tarix fənnindən dərs deyirdi. Kifayət qədər savadlı, tələblərlə səmimi münasibətdə olan bilici kimi tanıyırdıq. Bizim onunla tezliklə yaxşı münasibətlərimiz yarandı. Əslində isə Elçibəylə bütün tələbələri arasında səmimi münasibət, ünsiyyət var idi. O, Azərbaycanın azadlığı, bütövlüyü ilə əlaqədar söhbətlər edir, tələbələrin milli şüur və düşüncələrinin, azadlıq əzmini artırmaq üçün çalışırdı. Həmin günlərdə yaranmış olan gizli tələbə dərnəyində də belə müzakirələr aparılırdı. Həmin dərnəyin yaradıcılarından biri də məhz Elçibəy idi. Mən isə gizli dərnəyin üzvlərindən biri idim.

Sonrakı illərdə də bizim dostluğumuz, münasibətlərimiz davam etdi. O, antisovet təbliğatı ilə əlaqədar təqib olunanda, məhkəmə prosesinə çağırıldım. Naxçıvanda müəllim işləyirdim. İki dəfə izahatı verdim. O zaman Elçibəyin antisovet fəaliyyəti haqqında böyük bilgilərə malik olsam da, heç birini demədim. Həmin istintaqdan Allahın köməyi ilə üzüağ, alnıaçıq çıxdım. Ona görə, hərəkat illərində də biz yenə çiyin-çiyinə yola davam etdik”.

Fəzail Ağamalı yaddaşımızı bir az da təzələyib. O, mərhum ek-prezidentin millətçilik, türkçülük ideologiyasına münasibətini bu cür ifadə edib: “Əbülfəz Elçibəy Azərbaycanın azadlığını, milli istiqlalını bütün varlığı ilə istəyən bir siyasətçi idi. Türkçü idi. Onun bu millətçiliyi, türkçülüyü digər xalqların aşağılanması, kənarlaşdırılması anlamına gəlmirdi. Əksinə, o deyirdi ki, öz millətini sevməyən başqa millətə sayğı ilə yanaşa bilməz. Onun düşüncələrində tolerantlıq, Azərbaycanda yaşayan xalqlara böyük sevgi var idi. Amma sadəcə onun mənfur ermənilərə münasibəti pis idi. O erməniləri türk soyunun genetik düşməni kimi qəbul edirdi.

Elçibəy bu düşüncələrlə Azərbaycan Xalq Hərəkatına liderlik etdi, Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında müstəsna rolu oldu. Təşkilatın təsis konfransında mən də iştirak etmişəm. Əbülfəz Elçibəy prinsip etibarı ilə özünü prezident kimi görmək istəmirdi. O, bizim bütün söhbətlərimizdə ulu öndər Heydər Əliyevə böyük dəyər verdiyini hər zaman vurğulayırdı. Elçibəy onun idarəçilik istedadını, xarizmasını, yüksək intellektini xüsusi qeyd edirdi. Onun bundan sonra Azərbaycana çox töhfə verəcəyinin üzərində dayanırdı”.

Deputat Elçibəyin prezident seçilməsinin qaranlıq məqamlarından da danışıb. F.Ağamalı deyir ki, prezidentlik missiyası Elçibəyinn heç də şəxsi istəyi olmayıb:“Həmin dövrdə Elçibəyin əhatəsindəkilər məcbur etdilər ki, o prezident seçkilərində iştirak etsin. Elçibəyin ətrafındakıların Heydər Əliyevə münasibəti birmənalı deyildi. Onun yaxın ətrafı Heydər Əliyevi qəbul etmirdi. AXC-nin İdarə Heyətində Heydər Əliyevə müsbət münasibət göstərən şəxs demək olar ki, yox idi. Sadəcə Dilarə Əliyeva və Aydın Məmmədov Heydər Əliyevə münasibətdə loyal idi. Xüsusilə İsa Qəmbərin ətrafında birləşən şəxslər Heydər Əliyevə qarşı çox aqressiv yanaşırdılar. Bu vəziyyətdə Elçibəy hadisələrin məntiqinə uyğun olaraq, namizədliyini irəli sürməli oldu və qalib gəldi. O, öz imkanlarını daha yaxşı bilirdi. Belə bir komanda ilə, bu şəraitdə Azərbaycanı idarə etmək onluq deyildi, bunu anlayırdı. Məhz ona görə, “Biz bacarmadıq” fikri ilə hakimiyyətdən getmişdi.

Əbülfəz Elçibəy Azərbaycan xalqını, onun istiqlalını çox istədiyi üçün ciddi bir addım atdı. Azərbaycan xalqının təkidi, tələbi ilə Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Buna Azərbaycan dövlətçiliyinin xilası, Azərbaycanın parçalanmasının qarşısını almaq yolu kimi baxırdı. Bütün xalq – Azərbaycan xalqının bir nümayəndəsi kimi, elə mən də bu cür düşünürdük. Elçibəyin milli istiqlalımız, dövlətçiliyimiz qarşısında ən böyük xidməti də məhz bu idi.

Yaranmış vəziyyətdən çıxış yolunun ən optimal variantı bu idi. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Sürət Hüseynovun başladığı qiyam nəticəsində Moskvanın yardımı ilə Ayaz Mütəllibov hakimiyyətə gətiriləcəkdi. Bu isə Azərbaycanın müstəqilliyinə təhdid idi. Buna mane olmasa, indi Azərbaycan da Ermənistan kimi Rusiyanın for-postuna çevrilmişdi. Elçibəy Heydər Əliyevin çiyinlərinə böyük bir yük qoymuş olsa da, dövlətini, xalqını qorumaq üçün geri çəkildi”.






Fikirlər