Parlamentdə Heydər Əliyev, Rəsulzadə və Elçibəyin adına universitetlərin yaradılması TƏKLİF EDİLDİ
“Mən əvvəllər də demişəm ki, hökumət “Azərişıq”, “Azərsu”və “Azəriqaz”ın özəlləşdirilməsi barədə düşünməlidir.Biz bunu nə qədər tez etsək, bir o qədər xərclərimizi azaldacağıq”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında 2017-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, gələn il müstəqil Azərbaycan dövlətinin yaradılmasında xidmətləri olan iki tarixi şəxsiyyətin Əbülfəz Elçibəyin 80, Heydər Əliyevin 95 illiyi qeyd olunacaq. “Bundan bir il sonra isə Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi keçiriləcək. Mən keçən dəfə də çıxışımda dedim ki, biz universitetlərin, alimlərin və tələbələrin sayına görə dünya ölkələrindən geri qalırıq. Bunu ardan qaldırmaq üçün söylədiyim hər üç tarixi şəxsiyyətin adına yeni universitetlər aça bilərik. Bu, çox müsbət hal olar. Həm o şəxsiyyətlərin ruhu şad olar, həm də Azərbaycanda yeni universitetlər yaradılmış olar”. Q.Həsənquliyev deyib ki, bəzi YAP-dan olan deputatlar Əbülfəz Elçibəylə bağlı biraz fərqli düşünürlər. “Onu nəzərə almaq lazımdır ki, milli birliyə yol açacaq belə qərar çox vacibdir. Mərhum Prezident Heydər Əliyev Əbülfəz Elçibəyə onun dəfn mərasiminə qatılmaqla öz hörmətini və ehtiramını bildirdi. Eynilə də ölkənin ən ağır vaxtlarında Heydər Əliyevi ölkəni fəlakətdən qurtarmağa dəvət etməklə Əbülfəz Elçibəy öz hörmətini və ehtiramını bildirdi”. AzerTaym.az