Rusiya Livandan sonra Əlcəzairdə də hərbi üstünlüyünü generallar vasitəsilə təmin edir
Rusiya Livandan sonra Afrikanın daha bir ölkəsində hərbi diktatura qurmaq və beləliklə, yeni silah bazarı açmaq üçün hərəkətə keçib. Fransanın “Le Monde” qəzetinin yazarı Jan-Pyer Filünün məqaləsində rusların bu məqsədlə Əlcazair ordusunun komandanı Əhməd Qaid Salahı dəstəklədiyini bildirir. Bu adam Rusiyanın Moskva vilayətindəki “Vıstrel” artilleriya məktəbində oxuyub. Ümumiyyətlə, ruslar Əlcəzairdə sovet hərbi məktəblərində təhsil alan generallara çox güvənirlər. “Rusiyanın yeni strategiyası Liviya ilə qonşu daha bir ölkədə mövqelərini möhkəmləndirmək və silah satışı üçün əlverişli plasdarm əldə etməkdir”,- deyə Paris Siyasi elmlər məktəbinin professoru, ərəbşünas alim Filü qeyd edir. Müəllif Rusiya prezidenti Vladimir Putinin hələ 2001-ci ilin iyununda əlcəzairli həmkarı Əbdüləziz Buteflikanı qəbul edərək burada strateji sazişə imza atmağa nail olduğunu xatırladır. 2006-cı ilin martında isə Əlcəzairdə səfərdə olarkən Kremlin sahibi ölkənin Rusiyaya olan 4,7 milyard dollarlıq borcunu sildiyini açıqlamışdı. Lakin bunun müqabilində yerli hökumət Rusiyadan 7,5 milyard dollarlıq silah almalı idi. Hazırda Əlcəzair Afrikada Rusiya üçün ən böyük bazar sayılır. Kreml burada Qaid Salahdan başqa, general Bin Əlini də dəstəkləyir. Bin Əli 2015-ci ildən prezident mühafizəsinin rəisi vəzifəsini yerinə yetirir. Rusiyanın Əlcəzairdəki səfiri keçmiş prezident Əbdüləziz Buteflikanın “Milli azadlıq cəbhəsi” adlanan partiyasının qərargahını ziyarət edib. Burada səfir “ordunun ölkədəki böhranın həll olunmasındakı tarixi rolunu xüsusi vuğulayıb. Ekspertin fikrincə, Rusiya daha bir ərəb ölkəsində Suriyada Bəşər Əsədə və Liviyada general Həftərə verdiyi siyasi dəstəklə bağlı niyyətini heç gizlətmir. “Kremlin gözündə Əlcazair xalqının Rusiyanın Şimali Afrikadakı böyük manevrlərini pozmağa heç bir haqqı yoxdur”,-deyə Jan-Pyer Filü sonda qeyd edib.
“Putin ömür boyu xalqların yerli diktator hökumətlərinə qarşı etirazlarını qəbul etməyib və onları həmişə xarici ölkələrin təhriki ilə həyata keçirilən nümayişlər adlandırıb. Bu səbəbdən Əlcəzairdə 2019-cu ilin fevralında başlayan və aprelin 2-də prezident Buteflikanın istefası ilə nəticələnən mitinqlərdən sonra Kreml əsas diqqətini ordudakı yüksək rütbəli zabitlərə yönəldib. İndi Putinə yaxın media Əhməd Qaid Salahın “ölkədə situasiyanın normallaşdırılması tələblərini” və “etirazları yönəldən yad əllərin kəsilməsi” sözlərini həvəslə işıqlandırmaqla məşğuldurlar.