Azərbaycan lideri Paşinyanı MAT vəziyyətinə SALDI…

Azərbaycan lideri Paşinyanı mat vəziyyətinə saldı…

Avrasiya İqtisadi İttifaqının (Aİİ) İrəvanda keçirilən iclasında Rusiya prezidenti Vladimir Putinin iştirakı və Ermənistan baş naziri Nikol Paşinyanın öz evində çətin vəziyyətə düşməsi, ardınca Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 3-də Soçiyə səfəri və “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı bölgənin siyasi mənzərəsində yeni proseslərə start verdi.

Putin İrəvandakı iclasdan dərhal sonra Ermənistanı tərk etməyə tələsirdi. İki gün sonra “Valday” klubunun sessiyasında iştirak üçün Soçiyə gəlməli və Azərbaycan lideri ilə görüşməli idi. Onun İrəvanda Nikol Paşinyanla görüşü nəzərdə tutulmasa da, Ermənistan rəsmilərinin Moskvaya uzun xahişlərindən sonra Rusiya prezidenti qısamüddətli görüşə razılıq verdi. Günün sonunda isə Paşinyan Putini hava limanına qədər ötürdü və onu məcburi qucaqlamağa çalışdı. Fotokameralara tuş gələn kadrlarda Putinin Paşinyanı özündən uzaqlaşdırmağa çalışdığı aydın görünür.

Hərçənd, sonra ortaya çıxan detallar Paşinyanın Putinlə sözün əsl mənasında “qaçdı-qovdu” oynadığını, Rusiya prezidenti ilə görüşü üçün hər cür biabırçılığa əl atdığını təsdiqləyir.

Ermənistan mediası yazır ki, Paşinyan sammit zamanı əvvəlcədən Putinlə ayrıca görüş planlaşdırmışdı: “Lakin görüşdə nədən danışılacağı məlum olmadığına görə Putinin protokol xidməti görüşü qrafikə daxil etmədi. Artıq Putinin Ermənistana ayaq basan kimi Paşinyan protokol qaydalarını kobud şəkildə pozdu - onu nə aerportda, nə də prezident kortejinin gəldiyi iqamətgahın qarşısında qarşıladı. Putinə bu cür soyuq qarşılama mərasimi təşkil etsə də, Paşinyan onunla ikilikdə görüşə nail olmaq istəyirdi. Nəhayət, Paşinyan Putinlə ayrıca görüşə restoranda nail oldu. Şam yeməyi zamanı o, Putindən ayrıca görüş xahiş etdi. Protokol xidmətinin əməkdaşları çox qısa zamanda iki ölkənin bayraqlarını gətirdi və “Dvin” otelində görüş təşkil etdi, bu da Rusiya tərəfini əməlli-başlı təəcübləndirib şoka saldı”.

Lakin Paşinyanın Putinlə söhbəti alınmır və istədiyinə nail ola bilmir. Nikol qərara gəlir ki, onu aeroportdan yola salsın. Paşinyanın korteji aeroporta gedən yolda Putinin kortejinin “quyruğunda” gedirdi. Ermənistan baş naziri Putinin kortejini ötməyi əmr edir, amma bu göstəriş dar yolda az qala iki ölkə rəhbərlərinin təhlükəsizlik xidmətlərinin avtomobillərinin toqquşmasına gətirib çıxaracaqdı. Nəhayət, bu anlaşılmazlığa son qoyulur, qonaqlar ev sahibinin kortejini qabağa buraxır. “Zvartnots” aeroportunda Paşinyan Putini qarşılayır və yenə söhbətləşməyi təklif edir. Görüş isə hansısa mühüm məsələ ilə bağlı deyil, spirtli içki içilməsinə həsr olunur. Özü də normadan artıq. Putin nəzakət xatirinə şərabın dadına baxır, Paşinyan isə konyak butulkasını tək boşaldır. Jurnalistlər onun Putini təyyarənin trapından yola salarkən bərk-bərk qucaqlamasını da məhz içkinin təsiri ilə izah edirlər.

Sonda Putin nəhayət ki, Ermənistanı tərk edə bildi və oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə bir araya gəldi. Liderlər həm təkbətək, həm də ikitərəfli görüşlər keçirdi. Görüşün ab-havası belə Putinin Azərbaycan lideri ilə bir araya gəlməkdən məmnun olduğunu və nəhayət, İrəvanda qarşılaşdığı gülünc mənzərəni unutduğunu göstərirdi.

Azərbaycan liderinin Soçi səfəri və keçirilən görüşlər iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibəsində bu barədə deyib: “Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır. Bu münasibətlər zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən də belədir. Çünki biz həm qonşuyuq, həm də mehriban dostlarıq. Son vaxtlar bizim münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub. Biz həm beynəlxalq meydanlarda əməkdaşlıq edir, həm də bir-birimizi dəstəkləyirik. Deməliyəm ki, AŞPA-nın iyun sessiyasında Rusiya nümayəndə heyətinin qayıdışı məsələsi həll olunarkən, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Strasburqda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına səs vermişdi. Biz, həmçinin BMT, ATƏT, təbii ki, MDB məkanında sıx qarşılıqlı fəaliyyət göstəririk, çox sıx ticari-iqtisadi münasibətlərimiz mövcuddur. Bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur. Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik. Yəni, əməkdaşlıq etmədiyimiz sahələrin adını çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir. Prezident Putinlə bugünkü görüş bunu bir daha təsdiq etdi”.

Azərbaycan və Rusiya münasibətlərində müzakirəyə səbəb olacaq heç bir məsələ yoxdur və hər iki ölkə hər iki liderin rəhbərliyi altında müsbət, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq edirlər. Bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həllində də Bakının əlini gücləndirir. Təsadüfi deyil ki, Putin İrəvanda yaxasını Paşinyanın sərsəmləmələrindən qurtarın Rusiyaya qayıdandan bir gün sonra – oktyabrın 2-də “Valday” klubunun sessiyasında çıxış edən xarici işlər naziri Sergey Lavrov Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” iddiasını tənqid etdi. Rusiya bununla Ermənistana açıq mesajını verdi.

Oktyabrın 3-də isə Prezident İlham Əliyev “Valday” tribunasından tarixi “Qarabağ Azərbaycanındır və nida” sözləri ilə Paşinyana tutarlı cavab verdi və bununla işğalçı Ermənistan nokaut vəziyyətinə düşdü.

Azərbaycan lideri Rusiya KİV-nə müsahibəsində münaqişənin həlli yolunu bir daha göstərdi.

Biz hansı tərəfdən baxsaq, əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasıdır. Təəssüf ki, onlar kobud şəkildə pozulur və bu prinsiplərə hörmətin seçim yanaşması mövcuddur. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar, əlbəttə ki, bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir. BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, bizə gəldikdə isə qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır. Bununla da bu aparıcı dünyəvi təsisat müəyyən dərəcədə nüfuzdan salınır. Buna görə də düşünürəm ki, beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. Amma gerçəklik belədir ki, bu, baş vermir. Dünyanın qlobal işlərində Azərbaycan kimi ölkədən çox az şey asılıdır. Buna görə də düşünürəm ki, əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür və onlar dünyada sülhün qorunması üçün həmin prinsiplərə riayət etməlidirlər”, - Prezident vurğulayıb.

Proseslərin inkişafı Rusiya və Azərbaycan münasibətlərinin inkişafı fonunda Ermənistanın vəziyyətinin daha da ağırlaşacağını təxmin etməyə imkan verir. Xüsusilə Rusiyanın qazın qiymətinə yenidən baxacağı, siyasi təzyiqlərini artıracağı gözlənilir.

Ermənistan mediası da artıq həyəcan təbili çalmaqdadır. Erməni şərhçi Razmik Akopcanyan yazır ki, Rusiya-Azərbaycan tandemi Ermənistana hücuma keçir və Dağlıq Qarabağ məsələsində Bakının əli daha da güclənəcək. Erməni şərhçi vəziyyətdən çıxış yolu kimi baş nazir Nikol Paşinyanın hakimiyyətdən getməsini təklif edir, hesab edir ki, Nikol postuna adekvat deyil.

Paşinyan rəqiblərinin addımlarını hesablaya bilmir. Bəli, məhz rəqiblərinin. Azərbaycan Prezidentinin “Valday”dakı çıxışları göstərir ki, Bakı və Moskva İrəvanı küncə sıxışdırmaq taktikasına start veriblər. Azərbaycan və Rusiyanın Ermənistana təzyiqi güclənəcək. Xilası Paşinyandan gözləmək lazım deyil, biz Nikolsuz hər şeyin öhdəsindən gələ bilərik”, - deyə erməni şərhçi yazır.

Göründüyü kimi, bölgədə proseslərin inkişafı dəyişir və Azərbaycan lideri bir cümlə ilə - “Qarabağ Azərbaycanındır və nida” – təkcə Paşinyanın cavabını vermədi, həm də onun hakimiyyətini laxlatdı. “Nikolsuz Ermənistan” fikirlərinin ortaya çıxmasını bu prosesin başlanğıcı hesab etmək olar.






Fikirlər