Arif Hacılı müxalifətə Əli İnsanovun başına yığışmağı təklif etdi - YENİ MODEL
Milli Şuranın 19 oktyabr mitinqindən sonra müxalifətyönlü elektoratdan bütün müxalifətin birləşməsi çağırışları sosial şəbəkələri bürüyüb. Eyni zamanda bəzi siyasi qüvvələr “birlik marafonu” adı ilə müxalifət təşkilatlarını birliyə çağırırlar. Müsavat Partiyasının başqanı Arif Hacılı isə bu gün özünün facebook səhifəsində yeni birlik modelini təqdim edib. Arif Hacılı yazıb ki, müxalifətin birliyi mövzusu yenidən aktuallaşıb. Partiya rəhbərlərindən, o cümlədən ondan siyasi qüvvələrin əməkdaşlığı tələb edilir. Arif Hacılı sonra qeyd edib: “Bu təklifləri, eyni zamanda siyasi resursların toparlanması zərurətini nəzərə alaraq ölkədə yaranmış siyasi durumu dəyərləndirmək, yaranmış vəziyyətdən çıxış yolları barədə müzakirə aparmaq üçün Əli İnsanov, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, İlqar Məmmədov, Pənah Hüseyn, Mehman Əliyev, Hikmət Hacızadə və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakı ilə açıq Dəyirmi Masanın keçirilməsini təklif edirəm”. Müsavat başqanının siyahının başında Əli İnsanovun adını yazması maraqla qarşılanıb və soaial şəbəkədə müzakirələrə yol açıb.