Konqresin qətnaməsi Azərbaycan və Türkiyəni daha da yaxınlaşdırdı
ABŞ Konqresinin Nümayəndələr Palatasının oktyabrın 29-da qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı qətnamə gündəmdən düşmür. Azərbaycan və Türkiyə tərəfindən qərara sərt etirazlar ifadə edilir. Qardaş dövlətlər sayılan hər iki ölkənin bir-birinə daha da yaxınlaşmasının, qətnaməyə birlikdə dövlət səviyyəsində reaksiya verilməsinin vacibliyi vurğulanır. Eyni zamanda müsəlman və türkdilli dövlətlərin Türkiyə və Azərbaycanın yanında olması istiqamətində çağırışlar səslənir. Bundan əlavə, bəzi türk dövlətlərinin məsələyə biganə münasibəti də tənqid hədəfinə tuş gəlir. Həmçinin xristian təəssübkeşliyindən hər zaman çıxış edən Avropa ölkələrinin Amerikaya dəstək verə biləcəklərindən də söz açılır. Politoloq Əhəd Məmmədli Qərbin uğursuzluğa düçar olacağını bildirdi: “Azərbaycan və Türkiyə qan qardaşlarıdır. Düşmənlərin bizə qarşı qərarları bu iki qardaş, ən yaxın ölkə üçün birlikdə addım atmaq impulsu, mesajı olmalıdır. Beynəlxalq siyasətdə Azərbaycanla Türkiyə bir mexanizm kimi işləməlidir. Digər türk dövlətlərinə gəldikdə isə, Türkmənistanla Qırğızıstan türk inteqrasiyasında o qədər fəal görünmürlər. Qırğızıstanda həm də FETÖ buna imkan vermir. Özbəkistan hələ yeni-yeni Türkiyə ilə münasibətlərini düzəldir. Qazaxıstanın postnazarbayev dövründə özünü necə aparması hələ tam məlum deyil. Açığı, Qazaxıstanın yeni prezidenti məndə heç də müsbət təsirlər yaratmır. Adam özünü hələlik Putinin kiçik qardaşı kimi aparır. Amma nəzərə alsaq ki, Qazaxıstanın əsl rəhbəri yenə ağsaqqal Nursultandır, onda Qazaxıstanın Türkiyə və Azərbaycana inteqrasiyasına daha nikbin baxıram. Son illərdə Nazarbayevin qazaxların türk kökəni, tarixi, yaddaşına qayıdışı üçün gördüyü işlər, etdiyi çıxışlar bunu deməyə əsas verir. Anti-İslam, ələlxüsus da anti-Türkiyə siyasətində zatən Avropa ilə Amerika həmişə birgə iştirak ediblər. Osmanfobiya hələ də avropalılarda var. Avropalılar yenidən türklərin dirçəlməsindən çox qorxurlar. Güclü Türkiyə müsəlman coğrafiyasının dirçəlməsi deməkdir. İslam düşmənləri gözəl bilirlər ki, müsəlman dünyası ancaq Türkiyənin ayağa qalxması ilə ayağa qalxa bilər. Türkiyə də yavaş-yavaş ayağa qalxır.
Əhəd Məmmədli: “Düşmənlərin bizə qarşı qərarları...” Bu proses davam edənə qədər müasir, yeni Türkiyəyə qarşı müasir üsullarla edilən səlib yürüşləri daha da intensivləşəcək. Osmanlı qurulanda da türk dövlətinə qarşı ”qoca Avropa" bir neçə səlib yürüşü elan etdi, hamısı da məğlubiyyətlə nəticələndi. Sonra isə Osmanlıya qarşı səlib yürüşləri edən avropalılar sultanın qarşısında farağatda durdular. İndi də belə olacaq. Türkiyənin üstünə gələn Qərb yenə uğursuzluğa düçar olacaq. Türkiyə-Rusiya yaxınlaşması anqlosaks dünyasının maraqlarına cavab vermir. Sadəcə, Türkiyənin və Rusiyanın başında Ərdoğan və Putin kimi dünya liderləri durduğu üçün bu iki dövlətin yaxınlaşmasını əngəlləmək Qərb üçün daha çətindir. Həmçinin Türkiyənin Rusiya ilə yaxınlaşmasının səbəbkarı həm də Qərbdir. Ərdoğana qarşı dövlət çevrilişi cəhdindən sonra Türkiyə ilə Rusiya sürətlə yaxınlaşmağa başladı. Dövlət çevrilişinə cəhddə Ərdoğan əvvəl dolayısı yolla, sonra konkret ABŞ-ı günahlandırdı. Sonra ABŞ və bəzi Avropa ölkələri tərəfindən PKK-YPQ-nin silahlandırılması, siyasi dəstəyi Türkiyə ilə Qərb arasında münasibətləri daha da geriyə saldı. Qərbin bu destruktiv siyasəti davam edəcəksə, Türkiyənin Rusiya və digər qeyri-Qərb ölkələri ilə də yaxınlaşması davam edəcək".
Məhəmməd Əsədullazadə: “Dünyada yaranan yeni şərtlər Azərbaycanla Türkiyənin birgə fəaliyyətini labüd edir” Siyasi ekspert Məhəmməd Əsədullazadə iki qardaş ölkənin diasporlarının da birgə fəaliyyətini vacib sanır: “Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlar və Ankaranın müstəqil siyasəti ABŞ-da ciddi narahatlıq doğurur. Çünki Türkiyə ABŞ-ın istəyi deyil, öz milli maraqları naminə hərəkət edir. Məhz Türkiyənin bu siyasətinin qarşısını almaq, Ankaraya qarşı ”erməni soyqırımı"ndan istifadə edilməsi birbaşa Vaşinqtonun müttəfiq əlaqələrinə zərbədir. ABŞ Konqresinin Nümayəndələr Palatasında “erməni soyqırımı” qətnaməsinin qəbulu Azərbaycan-Türkiyə diasporlarını daha da yaxınlaşdırmalıdır. Xüsusilə ABŞ və Avropada Türkiyə və Azərbaycan lobbiləri bir olmalı, birgə hərəkət etməlidir. Konqresin Nümayəndələr Palatasının bu qərarı göstərir ki, ABŞ-da Azərbaycan və Türkiyə lobbiləri və diasporları koordinasiyalı şəkildə fəal deyillər. Bu gün Azərbaycan və Türkiyə təkcə hərbi cəhətdən güclənməklə yanaşı, diaspora fəaliyyəti də eyni şəkildə aparılmalıdır. Diaspora hər bir dövlətin əlində diplomatik bir rıçaq və təzyiq alətidir. Məlum qətnamənin qəbulu sübut etdi ki, biz nə qədər gecikmişik. Bundan sonra ABŞ-da Azərbaycan və Türkiyə diasporalarının birgə fəaliyyəti güclü olmalı, səfirliklər mütəmadi olaraq ABŞ Konqresində işləməlidirlər. İmkan verilməməlidir ki, ABŞ öz siyasətində “erməni kartı”ndan istifadə etsin. Dünyada yeni şərtlər yaranır. Bu, Azərbaycanla Türkiyənin birgə fəaliyyət göstərməsini labüd edir. Qeyd edim ki, Türkdilli ölkələrin Əməkdaşlıq Şurası daha da çevik fəaliyyət göstərməlidir. Eyni zamanda türkdilli ölkələrin xarici diaspor mərkəzləri qarışıqlı əməkdaşlıq edə bilərlər. Necə ki, BMT-də səsvermələrdə birgə bir-birlərinə dəstək olurlar. Yeni mexanizm hazırlanmalı və türk dövlətlərinin diasporları birgə çalışmalıdır. Hesab edirəm ki, Türkiyə və Azərbaycan Xarici İşlər Nazirliyi belə bir plan hazırlamalıdır. Bu gün dünyada informasiya müharibəsi də genişlənir. Bundan istifadə etməli, məhz türkdilli ölkələr kimi bizim geniş dəstəkləyən dövlətlər potensialımız var. ABŞ-ın Türkiyəyə qarşı bu siyasətinə Avropa dövlətlərinin dəstək verməsi mümkündür. Nəzərə alaq ki, Ankaranın Suriyada hərbi əməliyyatına Avropa da qarşıdır və Türkiyəyə qarşı silah embarqosu tətbiq ediblər. Ona görə də Avropanın ABŞ-ın Türkiyə siyasətinə dəstək verməsi qaçılmazdır. ABŞ kimi bir nəhəngin Türkiyənin üzərinə gəlməsi, sanksiyalar tətbiq etməsi Avropa üçün fürsətdir. Güclü Türkiyə Avropanın geosiyasi maraqlarına cavab vermir. Hazırda Türkiyənin apardığı siyasət Avropa dövlətlərini qane etmir. Belə bir siyasi mexanizmə Avropa dəstək verəcək. Avropanın ABŞ-a dəstək verməsi, sanksiyalar paketi tətbiq etməsi Ankaranın fərqli qütbə yan almasına gətirəcək. Türkiyə, Rusiya və Çin oxu ilə birgə Qərbin Yaxın Şərq və Mərkəzi Asiya siyasətinin qarşısını alacaq. Türkiyəsiz Qərbin Yaxın Şərq və Mərkəzi Asiya siyasəti mümkün görünmür. Bu, yeni “soyuq savaş”a yol açacaq. Nəticədə Türkiyə-Rusiya tandemi Qərb üçün yeni qüvvə olaraq meydana çıxacaq. Buna rəvac verən Qərbin yanlış siyasətidir. ABŞ və Avropa kifayət qədər Türkiyəni özlərindən uzaqlaşdırıb. Ankaranı təkləyib zəiflədərək öz planlarına uyğun olaraq istifadə edə bilmədikləri üçün bu gün Türkiyənin üzərinə gəlirlər. Ankara da öz güclü və prinsipial mövqeyini qoruyaraq yeni cəbhə açır və öz maraqlarını müdafiə edir. Geosiyasi proseslər Türkiyəni gücləndirir və maraqlarının təmin olunmasına gətirir. Bu gün Suriyada Avropa və ABŞ-ın siyasi mövqeyi kəskin zəifləyib. Əgər Türkiyəyə dəstək versəydilər, hadisələr onların lehinə işləyərdi. Rusiya və Türkiyə tandemi Yaxın Şərqdə Qərb üçün çəmbər olur".(musavat.com)