Moskva-Ankara müttəfiqliyi - Azərbaycan üçün də təzə fürsət qapısı açılır

Moskva-Ankara müttəfiqliyi - Azərbaycan üçün də təzə fürsət qapısı açılır

Avropa özündən itələyir, Rusiya isə Türkiyəyə qucaq açır; Kreml danışmanının “Qarşıdakı 10 ildə əsas ortağımız və müttəfiqimiz Türkiyə olacaq” sensasion mesajının pərdəarxası; Rusiyanın nüfuzlu nəşri: “Yeni dünya düzənini Tramp, Ərdoğan və Putin üçlüyü müəyyən edəcək...” 

 

Türkiyənin Avropa və Rusiya ilə münasibətlərində lginc gəlişmələr var. Diqqətçəkicidir ki, hər iki istiqamətdə gəlişmələr bir-biri ilə diametral ziddiyyət təşkil edir, daha dəqiqi, bir-birini tamamlayır. Belə ki, rəsmi Ankaranın Avropa Birliyi (AB) ilə əlaqələrində soyuqluğun artması fonunda qardaş ölkənin Moskva ilə münasibətlərində əksinə - istiləşmə gedir. 
Ötən sayımızda bunun göstəricisi kimi, Kremlin danışmanlarından olan Vladimir Jirinovskinin Türkiyə səfəri və səfər çərçivəsində onun prezident Rəcəb Tayyib Ərdoğanla, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməsi, Ərdoğana yeni Rusiya-Türkiyə ittifaqı ilə bağlı 16 bəndlik layihə təqdim eləməsi, həmçinin Türkiyə iş adamlarının Krıma sərmayə yatırmağa hazırlaşmasını (yarımadaya gedən nümayəndə heyətinin tərkibində Türkiyə prezidentinin nümayəndəsinin, AKP üzvlərinin də olduğu deyilir) göstərmək olar. Gələn həftə isə Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə rəsmi səfəri planlaşdırılır.    
Maraqlıdır ki, bu fonda Avropadan Türkiyəyə qarşı qeyri-dost yanaşmasından doğan addımlar atılmaqdadır. Söhbət öncəliklə Avropa Parlamentinin Türkiyənin Avropa Birliyinə üzvlüklə bağlı danışıqları dondurmaq haqda srağagünkü qərarından gedir. Düzdür, qərar hələ AB ölkələri liderlərinin gələn ay keçiriləcək toplantısında təsdiqlənməlidir. Ancaq qardaş ölkəyə qarşı neqativ jest, tövr artıq ortadadır. 
Image result for Avstriya parlamenti Türkiyəyə silah embarqosu
Dünən isə Avstriya parlamenti Türkiyəyə silah embarqosu tətbiq etmək barədə qərar çıxarıb. Bunu həmin ölkənin Yaşıllar Partiyasından olan deputatı Berivan Aslan Tvitter hesabında yazıb. O qeyd edib ki, qərarnamə 6 partiyanın səs çoxluğu ilə qəbul edilib.
***
Beləcə, Avropadakı, Qərbdəki müəyyən mərkəzlər sanki Ankaranı zor-xoş Moskva ilə daha sıx əməkdaşlıq, hətta hərbi ittifaq qurmağa təşviq edir. Düşünmürük ki, bu tendensiya bütövlükdə Qərbin, Avropanın maraqlarına uyğun olsun. Ən azı o səbəbə ki, bölgədə Türkiyə kimi böyük dövləti, yeganə müsəlman demokratik ölkəni və NATO üzvünü, regional supergücü əvəzləyəcək güc yoxdur.
Görünür, bu reallığı Rusiya indi daha çox görür və qiymətləndirir, nəinki Qərb. Vaxtilə qatı anti-Türkiyəçi olan Jirinovskinin uğurlu Türkiyə səfəri bunun ciddi xəbərçisi sayıla bilər.
“Türkiyə bizim ən böyük müttəfiqimiz ola bilər”. 
Image result for Jirinovski
Axar.az xəbər verir ki, bunu “Rossiya” telekanalına açıqlamasında  V.Jirinovski Türkiyə səfərindən danışarkən söyləyib. Onun sözlərinə görə, Türkiyə Rusiyadan Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı dəstək istəyir: “Bu gün tarixi an başlayır. Türkiyə şimala, biz isə güneyə yönələ bilərik. Rusiya 300 ildir Avropa ilə bərabər haqlar çərçivəsində əlaqələr qurmağa çalışıb, amma bunu heç cür alındıra bilməyib. Bu gün Rusiyanın müstəqil siyasəti Qərbin xoşuna gəlmir. Türkiyənin də Qərblə eyni problemləri var. Ərdoğan Putindən Şanxay Əməkdaşlıq Təşkilatın üzv olmaq üçün dəstək gözləyir. Cənab Ərdoğan təkliflərimin heç birinə etiraz etmədi. Türkiyə ŞƏT-ə üzv olmaq istəyir. Rusiya rəhbərliyi qısa zaman içərisində Ankaraya kömək etməlidir. Türkiyə ilə möhtəşəm əlaqələrimiz olacaq. Mən inanıram ki, bir gün Türkiyə NATO-dan ayrılacaq və bizimlə hərbi müttəfiq olacaq. Hər kəs bilsin ki, qarşıdakı 10 ildə Türkiyə bizim əsas ortağımız və müttəfiqimizdir. Bunu türklər istəyirlər. 600 il davam edən rus-türk savaşlarını Qərb başladıb. Artıq o illər geridə qalmalıdır”.
Image result for Erdoğan Putin
O, Ərdoğanın dekabrda Rusiyaya səfər edə biləcəyini də söyləyib: “Ərdoğan mənə həmçinin yanvar ayında da böyük görüşlərin olacağını söylədi. Türkiyə səfəri mən və partiyamın özəl istəyi ilə reallaşdı. Bizə bu məsələdə Kremldən tapşırıq gəlməyib. Təbii ki, Ankaraya gəlməzdən öncə Kreml və xarici işlər naziri Sergey Lavrova xəbər verilmişdi. Ərdoğanla görüş üçün israr etdik. Görüşlərimiz yaxşı keçdi. Ərdoğan başda olmaqla bütün türk siyasətçiləri ilə türk dilində danışdım. Türklər bundan çox məmnun oldular”.
Image result for Tramp
**
Episentrində qardaş ölkənin durduğu yeni geosiyasi proseslər əcnəbi analitiklərin də diqqət mərkəzindədir. Məsələn, Rusiyanın “Arqumentı i Faktı” qəzetinin iddiasına görə, yeni dünya düzənini Donald Tramp, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin üçlüyü müəyyən edəcək. Qəzet dünyanın bu üç liderə böyük ehtiyacı olduğunu yazıb: “Dünya yenidən güclü liderlərə ehtiyac duyur. Rusiyada Putin, Türkiyədə Ərdoğan və ABŞ-da Tramp. Üçü də anlaşaraq birlikdə dünya düzənini yaratmalıdırlar. Bəs bunu edə biləcəklərmi?”
Suala birmənalı cavab vermək hələlik mümkün olmasa da, prosesin artıq başladığını söyləmək olar. Təbii ki, regionun mühüm ölkəsi kimi Azərbaycan da buna hazır olmalıdır. Birinci ona görə ki, qeyd edildiyi kimi, proseslərin episentrində qardaş Türkiyədir. İkincisi və daha önəmlisi isə Ankara-Moskva ortaqlığı və hətta müttəfiqliyi Dağlıq Qarabaş məsələsini keyfiyyətcə başqa müstəviyə - Azərbaycan üçün kifayət qədər əlverişli bir müstəviyə keçirə bilər.






Fikirlər