Seçkilərə gedən partiyaların sayı artır - İsa Qəmbər də QATILACAQ
Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsi ilə əlaqədar Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna və Avropa Şurasına dəvət göndərib. APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Milli Məclis sədrinin imzaladığı məktub Avropa Şurasının prezidentinə təqdim edilib. Növbədənkənar parlament seçkilərində iştirak etmək barədə qərar verən partiyaların sayı isə artır. Dekabrın 11-də Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiyanın Rəyasət Heyətinin iclasını keçirib. Partiyanın mətbuat xidmətindən “Yeni Müsavat”a verilən xəbərə görə, iclasda 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın iştirakı məsələsi müzakirə edilib. Müzakirələrin yekunu olaraq Rəyasət Heyəti partiyanın növbədənkənar parlament seçkilərində iştirakını məqsədəuyğun hesab edərək bununla bağlı qərar verib. Öz növbəsində Müsavat Partiyası seçki dairələrinin əksəriyyətindən namizəd irəli sürəcək. Partiya başqanı Arif Hacılı bildirib ki, əksər dairələrdən namizədlərini müəyyən ediblər: “Onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, keçmiş siyasi və vicdan məhbusları, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var. Bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var”. A.Hacılı həftə sonunadək dairələr üzrə namizədlərin tam siyahısının elan ediləcəyini bildirib. A.Hacılının “bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var” sözlərini bəzi saytlar eks-prezident Ayaz Mütəllibovun nəzərdə tutulduğu kimi qələmə verib. Belə əsaslandırıblar ki, Azərbaycanın 3 sabiq prezidenti var, onlardan yalnız Ayaz Mütəllibov həyatdadır. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə modern.az-a bildirib ki, Arif Hacılının açıqlamasında qətiyyən Ayaz Mütəllibovdan söhbət getmir: “Azərbaycanın prezidenti olmuş və prezidenti olacaq şəxs” dedikdə Arif bəy İsa Qəmbəri nəzərdə tutur. Biz bu həftənin sonuna qədər parlament seçkilərində iştirak edəcək namizədlərimizi tam olaraq açıqlayacağıq". Xatırladaq ki, İsa Qəmbər 1992-ci ildə Milli Məclisin sədri olarkən, bir müddət Azərbaycan prezidentinin səlahiyyətlərini icra edib. İsa Qəmbərin 9 fevral seçkilərində hansı dairədən namizədliyinin irəli sürüldüyünü isə Gülağa Aslanlı açıqlamayıb. Azərbaycanda 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə gəlincə, bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb. Milli Məclisin Mətbəəsində Mərkəzi Seçki Komissiyasının üzvləri, katibliyin əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə şəffaf şəkildə keçirilən prosesi beynəlxalq və xarici qurumlar, kütləvi informasiya vasitələri və müxtəlif seçki subyektlərinin yaxından izləmələrinə hərtərəfli imkan yaradılıb. Tədbirdə seçki bülletenlərinin hazırlanması və aidiyyəti üzrə çatdırılmasının təşkili ilə bağlı qanunvericiliyin tələbləri barədə kütləvi informasiya vasitələrinə ətraflı məlumat verilib, aşkarlığın təmin olunması üçün bütün mərhələlər media təmsilçiləri tərəfindən geniş işıqlandırılıb, eyni zamanda jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Seçki bülletenləri dekabrın 11-də Naxçıvan Muxtar Respublikası və digər bölgələrdə yerləşən ümumilikdə 24 seçki dairəsinin seçki komissiyalarına verilib. Dekabrın 16-dək isə respublikanın bütün seçki dairələrinin dairə seçki komissiyalarına verilməsi nəzərdə tutulur. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilən yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanılması prosesinin mühafizəsi Daxil İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təmin edilir. Qeyd edək ki, 5020287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) ədəd seçki bülleteni çap olunub. Seçki Məcəlləsinin tələbinə əsasən bülletenlər dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı 3 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək. (Musavat.com)