Müsavat Partiyası: “Biz Ayaz Mütəllibovu deyil, İsa Qəmbəri nəzərdə tutmuşuq”
Müsavat başqanı Arif Hacılının 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkisində partiyanın hansı namizədlərlə iştirak edəcəyi barədə açıqlaması bəzi KİV-lərdə müzakirələrə səbəb olub. Xatırladaq ki, İsa Qəmbər 1992-ci ildə Milli Məclisin sədri olarkən, bir müddət Azərbaycan prezidentinin səlahiyyətlərini də icra edib.
A.Hacılının “bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var” sözlərini bəzi saytlar eks-prezident Ayaz Mütəllibovun nəzərdə tutulduğu kimi qələmə verib.
Lakin bu barədə Modern.az-a danışan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı iddiaları yalanlayıb. O qeyd edib ki, Arif Hacılının açıqlamasında qətiyyən Ayaz Mütəllibovdan söhbət getmir:
““Azərbaycanın prezidenti olmuş və prezidenti olacaq şəxs” dedikdə Arif bəy İsa Qəmbəri nəzərdə tutur. Biz bu həftənin sonuna qədər parlament seçkilərində iştirak edəcək namizədlərimizi tam olaraq açıqlayacağıq”.