Qərb mediası: “Müsavat Partiyası Almaniyada mühacir alveri qalmaqalının mərkəzində”
Arif Hacılının iki müavini bu qalmaqala görə istefa verib Baş Prokurorluq 3 il əvvəl cinayət işi açıb Müsavat Partiyasının adının mühacir alverində hallanması öncə məhəlli xarakter daşıyırdı. Ancaq Almaniyada baş verən son həbslər vəziyyəti kökündən dəyişdi. Artıq bu məsələyə beynəlxalq səviyyədə maraq yaranıb. Təqdim etdiyimiz bu məqalə “oc-media.org” saytında gedib. Bəri başdan deyək ki, vurğuladığımız mövzu ilə bağlı saytda gedən yazını həm ingilis, həm də rus dilində oxumaq olar. Bu yazının sonunda hər iki dildə olan linkləri də verəcəyik. Maraq göstərənlər həmin yazının orijinaldan oxuya bilərlər. Onu da qeyd edək ki, adıçəkilən sayt Qərbə bağlıdır. Qafqaz regionunda baş verən siyasi proseslərə peşəkar səviyyədə yanaşma sərgiləyir və fərqli prizmalardan bu və ya digər məsələləri təhlil edir. Sayt siyasətlə ciddi şəkildə maraqlananlar üçün nəzərdə tutulub. Öncə məqalənin başlığına diqqət edək: “Azərbaycan müxalifəti Almaniyada mühacir alveri qalmaqalının mərkəzindədir”. İri həcmli məqalədə deyilir ki, bir neçə həbs və deportasiya olayından sonra yayımlanan Almaniya məhkəməsinə məxsus sənədlər partiyanın potensial miqrantlara minlərlə avro qarşılığında siyasi təqib sənədlərini verməklə bağlı iddialara müəyyən əsas verib. Bu əsaslar isə ehtimal səviyyəsindədir. Noyabrın 13-də alman polisi ölkənin on üç mərkəzində Azərbaycandan gələn mühacirlər arasında reyd keçirdi. Meydan TV-nin aparıcısı Həbib Müntəzirin "siyasi mühacirlər ovu" kimi xarakterizə etdiyi prosesin başlaması barədə ictimaiyyətə xəbərdarlıq etdi. Ertəsi gün 61 Azərbaycan vətəndaşı - 22 kişi, 18 qadın və 21 uşaq Almaniyadan çarter reysi ilə Azərbaycandan deportasiya edildi. Facebook statusunda Həbib Muntazir alman polisi tərəfindən tutulan 7 Azərbaycan vətəndaşının adlarını açıqladı. Siyahıda Müsavat Partiyasının Avropa şöbəsinin tanınmış üzvləri, partiyanın Avropa Koordinasiya Mərkəzinin (AKM) sədri İlham Həsənin də adı vardı. Frankfurtda təsis edilən Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzi Azərbaycanın ən böyük müxalifət təşkilatlarından biri olan Müsavat partiyasının Avropa şöbəsidir. 2016-cı ildən bəri Mərkəz Müsavat üzvlərinin Avropadakı fəaliyyətini əlaqələndirir. Həbib Müntəzirin sözlərinə görə, İlham Həsənlə yanaşı həbs olunanlar arasında tanınmış mühacir vəkili Əlövsət Əliyev də var. AKM-in keçmiş sədr müavini Mehdi Xəlilbəyli, onun qohumu, eyni zamanda AKM üzvü olan Abdin Cavadov və Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov da olub. Bu arada isə Azərbaycanın “Trend” xəbər agentliyi Almaniya Prokurorluğunun sənədlərinin fotoşəkilləri yaydı və həmin sənədlər sözügedən həbslərin təsdiqi kimi ortaya çıxdı.
Mehdi Xəlilbəyl Sənəddə miqrant qaçaqmalçılığı ilə əlaqəli şübhəli bilinən bir neçə şəxsin adları qeyd olunur: Xəlilbəyli, Həsən, Cavadov, Məmmədov və İsmayılov. İsmayılov istisna olmaqla, bütün adlar Müntəzirin ortaya qoyduğu Müsavat üzvlərinin adları ilə üst-üstə düşürdü. Noyabrın 21-də “APA” Azərbaycan xəbər agentliyi AKM-ə istinadən Mehdi Xəlilbəylinin həbsini təsdiqlədi, ancaq onun yalnız vergidən yayınmaqda ittiham olunduğu ortaya çıxdı. Alman Prokurorluğunun sənədlərinə əsasən Avropaya gələn azərbaycanlı mühacirlərin siyasi sığınacaq almaq üçün Müsavat partiyasına üzvlüyü satın alırmış. 3000-10.000 avro qarşılığında müxtəlif şəxslərə siyasi təqiblərə məruz qaldıqlarını təsdiq edən saxta sənədlər verildiyi iddia edilir. Sənədlərə əsasən əməliyyatın başçılarından olan iki Azərbaycan vətəndaşının həbs olunduğu bildirilir. Ancaq onların adları açıqlanmır. Sənədə görə təqsirləndirilən Məmmədov təqsirləndirilən Xəlilbəylinin sürücüsü olaraq 2018-ci ilin payızına qədər işləyib və 2015-ci ildən təqsirləndirilən Xəlilbəyliyə müxtəlif məbləğdə - cəmi 300 min avro - təqsirləndirilən Cavadovdan, habelə təqsirləndirilən İlham Həsəndən yeddi paket saxta sənəd alıb. Sənəddə deyilir ki, irəli sürülən ittiham Məmmədovun ifadəsinə əsaslanır, eləcə də istintaq zamanı müəyyən edilmiş digər şəxslərin ifadələri əsasında istintaq aparılıb və hazırda davam edir.
Yafəs Həsənov 2016-cı ildə Almaniyada siyasi sığınacaq almış jurnalist və Müsavat partiyasının üzvü Yafəs Həsənov sözügedən sayta açıqlamasında deyib ki, Müsavat Partiyası 10 ildir ki, bu işlə məşğul olur və əsasən bu işdə Müsavat Partiyası üzvləri iştirak etdilər. Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycan valyutasının çökməsindən sonra bu biznes sahəsi çiçəklənmə dövrünə qədəm qoyub. "Getdikcə daha çox azərbaycanlılar ölkəni tərk edərək Avropaya köçmək istədi, xüsusən də onlar Almaniya üstünlük verdilər”. "Miqrant alveri ilə məşğul olan bir çox iş adamı bu insanlarla maraqlanmağa başladı", deyə jurnalist sayta bildirib. Jurnalist Yafiz Həsənov Müsavat partiyasının miqrant alverinə qarışması ilə bağlı fərdi araşdırma apardığını da dilə gətirib. Onun sözlərinə görə, bu biznesdə həm Azərbaycanda, həm də xaricdə olan Müsavat Partiyasının üzvləri iştirak ediblər. Onun dediyinə görə, Azərbaycan polisindən və məhkəməsindən həbslə bağlı sənəd aldıqdan sonra Müsavat partiyasının üzvləri bu kimi şəxslərin Almaniyaya mühacirət etməsi üçün gərəkən işləri görüb. Almaniyada isə bu kimi sənədlərə sahib olanların siyasi oturum almaq üçün məhkəməyə müraciət edə bilərdi. Və onlar daha şanslı olurdu. Ancaq bu ilin fevraldan sonra Almaniya rəsmi orqanları mühacir statusu almaq üçün onlara Müsavat Partiyasının sənədləri ilə müraciət edənlərə rədd cavabı verdi və belə sənədlərlə gələnləri Almaniyadan deportasiya etdi. "Müsavat sənədləri ilə gələn insanların deportasiyasının artacağını bəri başdan deyə bilərəm", jurnalist söyləyib. Dekabrın 11-də Müsavat Partiyası aparatının rəhbəri Gülağa Aslanlı Yafəz Həsənovu partiyanın nüfuzunu ləkələməkdə ittiham edərək, məhkəməyə verib. Miqrant qalmaqalının azərbaycanlıların Avropaya getmək cəhdlərinə mənfi təsir göstərməyə başladığı barədə məlumatlar var. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu Meydan TV-yə bildirib ki, bundan sonra azərbaycanlılar Avropaya viza almaqda çətinlik çəkəcəklər. Noyabrın 19-da NİDA fəalı və keçmiş siyasi məhbus İlkin Rüstəmzadə Meydan TV-yə Şengen vizası almaqda çətinlik çəkdiyini söylədi. Jurnalist Aynur Elgünəs və fəal Nigar Həzi də viza ala bilməyiblər. AKM İdarə Heyətinin sədri İlham Həsən həbs olunduğu iddia ediləndən sonra sosial şəbəkələrdə iki gün davam edən susqunluqdan sonra, Facebook-a bir video yüklədi, tutulması barədə məlumatın həqiqətə uyğun olmadığını iddia etdi. O, təşkilatının Almaniyadakı Azərbaycan vətəndaşlarının həbsləri ilə heç bir əlaqəsi olmadığını israrla bildirdi. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı isə “OC Media”-ya açıqlamasında atasının həbs olunduğunu təsdiqlədi. Əliyevin qardaşı, Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının lideri Sabir Rüstəmxanlı APA-ya verdiyi məlumatda qeyd etdi ki, Almaniya hökuməti onun qardaşını Almaniyada miqrant alverində əli olmaqda şübhəli bilir: “Ancaq Əlövsət Əliyev qanunsuz heç bir iş görməyib. Sadəcə, Almaniyaya köçən Azərbaycan vətəndaşlarına kömək edib. Bu da vətəndaşlarımıza fayda verən işdir”. Əlövsət Əliyevin vəkili Erich Althammer “BBC” Azərbaycan xidmətinə bildirib ki, müvəkkili ona "Almaniyanın heç bir qanunlarını pozmadığını" söyləyib. Onun sözlərinə görə, cənab Əliyev hazırda müvəqqəti saxlama təcridxanasıdadır. Vəkil Althammerin sözlərinə görə, cənab Əliyev ona qarşı irəli sürülən ittihamlarla "tam tanış deyil". Alman prokuroru ittiham aktı göndərənə qədər cənab Əliyevin nədə ittiham olunmasını dəqiq söyləmək mümkün deyil. 2017-ci ildə “Meydan TV” xəbər vermişdi ki, Əlövsət Əliyevin Daxili İşlər Nazirliyinin cinayət istintaq idarəsinin keçmiş rəhbəri Emin Şəkinskinin həyat yoldaşı və uşaqlarına qanunsuz sənədlərlə Azərbaycanı tərk etməsinə kömək edən bir qrup şəxsə qarşı açılmış cinayət işində adı keçir. "İnsanlar bilir ki, mən uzun illər İmmiqrasiya Mərkəzinin rəhbəri vəzifəsində çalışmışam və geniş təcrübəm var. Mən onlara məsləhətlər verirəm və həmişə saxta sənədlərdən istifadə etməmələrini tövsiyə edirəm”, deyə Əlövsət Əliyev 2016-cı ildə Meydan TV-yə verdiyi müsahibədə bildirmişdi. Müsavat Partiyası İdarə Heyətinin üzvü Alya Yaqublu 14 noyabr tarixində Facebook-da yazdı ki, Azərbaycandan gələn mühacir axınının artmasından sonra Almaniya hökuməti hər bir mühacir barədə Azərbaycandakı müxtəlif təşkilatlara, habelə Azərbaycan hakimiyyətinə sorğular göndərməyə başladı. Bildirdi ki, Azərbaycan Baş Prokurorluğu üç il əvvəl bu məsələ ilə bağlı cinayət işi açıb və partiya rəhbərlərini dindirib. Sonra iş donduruldu, ancaq Yaqublunun sözlərinə görə, son ittihamlardan sonra yenidən istintaq başlaya bilər. "Ya bu işdə iştirak edənləri cəzalandıracaqlar, ya da bu fürsətdən istifadə edərək partiyanı siyasi manipulyasiyalara cəlb edəcəklər”, Alya xanım bildirib. Xanım Yaqublu bildirib ki, partiyanı xilas etməyin yeganə yolu başqan Arif Hacılının istefasıdır.
Alya Yaqublu Noyabrın 15-də jurnalist Sevinc Osmanqızına verdiyi müsahibədə Alya Yaqublu bildirib ki, Müsavat Partiyası İdarə Heyətinin bir neçə üzvünün mərkəzin koordinatorlarını tanımadıqları üçün AKM-in fəaliyyətinə qarşı çıxıblar. Müsavat partiyasının keçmiş azərbaycanlı deputatı, hazırda ABŞ-da yaşayan Ramis Yunus da Facebook-da Arif Hacılının istefa verməyə çağırıb. Müsavat Partiyasının İdarə Heyətinin digər üzvü Yadigar Sadıqlı Azərbaycan xəbər saytı “Teleqraf.com”-a bildirib ki, Müsavatın digər “azlıqda qalan” üzvləri kimi o da AKM-in fəaliyyətinə qarşı çıxıb. O da Arif Hacılının istefasının partiyanın nüfuzunu qorumağın yeganə yol olduğunu söyləyib. Həmçinin qeyd edib ki, partiyadakı mövcud böhrana görə keçmiş partiya sədri İsa Qəmbər də məsuliyyət daşıyır: “İsa Qəmbər həmişə Arif Hacılını ciddi şəkildə müdafiə edib. Bu gün Müsavat partiyası ətrafında baş verən hadisələrə görə İsa Qəmbərin məsuliyyəti Arif Hacılının məsuliyyətindən heç də az deyil”. Bu yaxınlarda 19 oktyabr mitinqində iştirak etdiyi üçün 30 günlük inzibati həbs cəzası almış Müsavat üzvü Tofiq Yaqublu noyabrın 20-də Azadlıq Radiosuna bildirdi ki, kiçik bir qrup müsavatçı ilə birlikdə dəfələrlə partiya rəhbərliyinə müraciət edib ki, dəxli olmayan şəxslərə tövsiyə xarakterli sənədlər verilməsin. Avropada miqrant kimi müəyyən üstünlük əldə etmək üçün partiya üzvü olmayan insanlara sənəd verilməsini yolverilməz hesab edirəm: “Müsavat üzvü olmayan bir neçə şəxsə belə saxta tövsiyə xarakterli sənədlərin verilməsi ilə bağlı bir neçə konkret hal mənə məlumdur. Biz partiya rəhbərliyindən xahiş etdik ki, bu işi dayandırsın, amma xeyri olmadı”. “Müsavat üzvləri Avropada nə edəcək? Bəlkə Angel Merkellə döyüşəcəklər? Bu, absurddur, əlbəttə ki, bu kimi sənədlərin verilməsi siyasi sığınacaq almaq məqsədini asanlaşdırmaq üçün edilib", - Tofiq Yaqublu deyib.
Tofiq Yaqublu Tofiq Yaqublu onu da deyib ki, Elman Fəttah və Yadigar Sadıqlı başqan müavinliyindən məhz bu məsələyə görə 2017-ci ilin oktyabrında istefa veriblər. Müsavat partiyasının rəhbərliyi onlara qarşı irəli sürülən ittihamları partiyanı ləkələmək üçün siyasi motivli bir kampaniya adlandırır. Partiya sədri Arif Hacılı noyabrın 14-də Meydan TV-yə deyib ki, Həbib Müntəzirin açıqladığı məhbuslar siyahısındakı bəzi adamlar partiya üzvü deyillər: "Bəziləri isə uzun müddətdir partiyaya qarşı təbliğat aparıblar”. Ertəsi gün partiya Almaniyadakı əməliyyatın nə Müsavat partiyasına, nə də azərbaycanlı mühacirlərə qarşı yönəlmədiyini ifadə edən bir bəyanat yaydı. "Əməliyyat zamanı Müsavat üzvünün tutulduğu iddiaları təsdiqlənmədi", bəyanatda belə deyilirdi. Noyabrın 16-da “Kanal 13”-ə verdiyi müsahibədə Arif Hacılı bildirib ki, həbslər Azərbaycan hakimiyyətinin Müsavat partiyasına qarşı təşkil etdiyi başqa bir aksiyadır. O əlavə edib ki, oxşar təşviqat digər müxalifət partiyalarına, o cümlədən Xalq Cəbhəsi partiyasına və NİDA gənclər hərəkatına qarşı da aparılıb. İstefa verməkdən imtina edən Arif Hacılı, istefa çağrışını "fərqli düşüncəyə sahib" insanların rəyi adlandırıb və bunun da "demokratik cəmiyyətdə normal" olduğunu söyləyib. Arif Hacılı onu da əlavə edib ki, noyabrın 15-də deportasiya olunan 61 azərbaycanlıdan yalnız biri Müsavat partiyasının üzvü idi. O, Müsavat partiyasına üzvlük barədə saxta sənədlər alan insanları bu barədə açıqlama verməyə və Azərbaycan prokurorluğuna və mediaya müraciət etməyə çağırıb. "Başqa bir problem, Müsavat partiyası və ya Xalq Cəbhəsi (və ya başqa bir müxalifət partiyası) adından saxta sənədlər verən adamların olmasıdır", deyə o vurğulayıb. Arif Hacılı əlavə edib ki, partiyanın son iclasında miqrasiya məqsədləri üçün yalnız ən azı iki il partiyaya üzv olanlara tövsiyə xarakterli sənədin verilməsi haqqında qərar qəbul olunub. (musavat.com)