Arif Hacılı Almaniyadakı həbslərə SUSUR - Müsavatdan AÇIQLAMA
Azərbaycandan Almaniyaya miqrant daşıyan dəstənin saxlanılması və onların sıralarında Müsavat AKM üzvlərinin də olması xəbəri ilə bağlı partiyadan bu saata qədər rəsmi açıqlama yoxdur. Musavat.com əməkdaşı Müsavat Partiyasının başqanı Arif Hacılının münasibətini öyrənmək üçün ona zəng etsə də, telefonu açmayıb. Müxbirimiz A.Hacılının “facebook” hesabına mesaj yollayıb, amma partiya başqanı cavab verməyib. Müsavat başqanı həbslərlə bağlı sosial media hesabında da bir sətir belə olsun fikrini yazmayıb. Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı da həbslərə münasibət bildirməyib. Müsavatın Divan üzvü Mustafa Hacıbəyli isə “facebook”da yazıb ki, Almaniyaya Ukraynadan ucuz işçi qüvvəsi gətirilməsi ilə bağlı bəzi şəhərlərdə polis əməliyyatları keçirilib. “Bu zaman bəzi azərbaycanlı miqrantlar da saxlanılıb. Saxlanılanlardan birinin Əlövsət Əliyev olduğu təsdiqlənib. Digərinin Müsavat üzvü Mehdi Xəlilbəyli olması barədə Meydan TV saytı məlumat yayıb. Amma bu xəbər hələ təsdiqlənməyib. Sosial mediada həbs olunduğu bildirilən və müsavatçı kimi qeyd edilənlər arasında, həbsi barədə heç bir məlumat olmayan və Müsavat üzvü olmayan şəxslər də var. Məsələn, Müsavat üzvü kimi qeyd edilən Rəşad Məmmədov, nəinki Müsavat üzvü deyil uzun müddət Müsavat AKM və müsavatçılar əleyhinə kampaniya aparan şəxsdir. Bizdə olan ilkin məlumata görə, bəzi evlərdə olan axtarışlar və saxlanmalar məhz onun şikayəti əsasında həyata keçirilib”,-deyə M.Hacıbəyli qeyd edib. Onun sözlərinə görə, xüsusilə sosial mediada yayılan məlumatlarla bağlı araşdırmalar davam edir: “Yaxın vaxtlarda daha dəqiq məlumatlar veriləcək. Almaniyada mükəmməl ədalət mühakiməsi sistemi mövcuddur. Əminik ki, günahı olanlar cəzalarını alacaq, günahsızlar isə sərbəst buraxılacaq. Barəsində nəinki məhkəmə hökmü olmayan, hətta saxlanması barədə məlumatlar dəqiqləşməmiş şəxslər barədə kampaniya başlamağa tələsmək lazım deyil”. O, bildirib ki, İlham Həsənin saxlanması haqında xəbər yalandır: “İlham Həsənin özü ilə danışdım. Bildirdi ki, saxlanmayıb, yalan məlumatdır”. Qeyd edək ki, alman polisi Azәrbaycandan Almaniyaya miqrant daşıyan dəstə aşkarlayıb. Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev vә obyektә basqın edilərək, bir neçә nәfәr hәbs olunub. Hәmin dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparırmışlar. Onlar ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya 3000 ilə 10.000 avro arasında qaçaqmalçılıqda ittiham edirlər. Həbs olunanların bu saata olan siyahısı aşağıdakı kimidir: 1. Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib. 2. İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri 3. Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini 4. Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu 5. Əlövsət Əliyev - “Legat” İnteqrasiya Mərkəzinin sədri 6. Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü 7. Elşən Abdullayev - Almaniyada yaşayır.