Şəkilləri lövhələrdən cırılan, üzünə bığ çəkilən namizədlər - FOTO

9 fevral növbədənkənar parlament seçkilərilə bağlı təbliğat-təşviqat kampaniyasına start verilən gündən eyni dairədən namizəd olanlar arasında narzılıqlar səngimək bilmir. Kimi bunu söz duelinə çevirib saytlardakı məqalələrə daşıyır, kimi də rəqibinin şəklini lövhələrdən sözün əsl mənasında qaşıyır.

 Modern.az namizədlərin bununla bağlı sosial şəbəkə hesabı üzərindən etdikləri paylaşımları oxuculara təqdim edir:

 

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Natiq Cəfərli bildirib ki, seçki məntəqələrinin qarşısındakı yöndəmsiz lövhələrə ilk plakat yapışdıran onun komandası olduğu üçün şəkilləri ən yuxarıya vurublar:

 “Buna baxmayaraq bəzi plakatları korlayıblar, özü də bunu uşaqlar etməyib, tək qələmlə yox, həm də alışqanla, boyu hündür adam edib. Amma qanmırlar ki, belə addımlar boş şeydi, hətta bilməyərəkdən kömək də ediblər: Ad-soyad yerində, görüntü isə əsl şəhər uşağı – AğaNatiq! Yasamal və Lökbatan əhlinin xoşuna gələcək”. 

 

117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizəd Ləman Ələşrəfqızı qeyd edib ki, mübarizədə də sivil, mərd olmağın tərəfindədir:

 “Bura təhsil aldığım doğma məktəbimin həyətidir. Təşviqat lövhəsinə nəzər salın. Rəqibim mənə bu şəkildə mesaj verir. Guya sən hətta öz doğma kəndində belə ən aşağı səs toplayacaqsan. Şəkilimi aşağı endiriblər, digər namizədin plakatını da, hətta mənim şəklimin üstünə çıxarıblar. Seçki Məcəlləsində təşviqat vasitələrinin cırılması və s. müdaxilələr səhv etmirəmsə 600-800 manat cəriməni nəzərdə tutur. Başa düşürəm pulunuz çox ola bilər, amma nüfuzunuz yoxdur. Bəyəm siz bunu görmürsüz? Mən təşviqatın ilkin mərhələsində belə, qalibəm. Cılız işlərlə məşğul olmayın, başqa cür fərqlənin”.

 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizəd Günel Səfərova deyib ki, seçkiyə vətəndaşların namizədi olaraq gedir:

 “Nə əyri yollarla milyonlar qazanmışam, nə də Həsən ağanın qohumuyam. Rayon ərazisində özünü prezidentin qohumunun adamı kimi təqdim edən, debata gəlməyə özündə güc tapmayan adam mənim seçki plakatımdan belə qorxur. Ayıbdır, bu hərəkəti etmək qorxudan başqa iş deyil. Müvafiq instansiyalara da müraciət edəcəm. Şəkillərimin qopardılması və vətəndaşlardan şəxsiyyət vəsiqələrinin yığılması saxtakarlığa kömək olmayacaq, əksinə mane olacaq. Deputat mandatını halal yolla qazanmaq lazımdır. Harama öyrəşənlər bunu bilməz!”






Fikirlər