Axı onlar kimə güvənir? – Seçkidə önə çıxanlar

Axı onlar kimə güvənir? – Seçkidə önə çıxanlar

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi nə qədər sürpriz qərar oldusa, bu seçikəldə iştirak edən xeyli namizədlər var ki, onlar da sürpriz hesab olunacaq təbliğat kampaniyası ilə diqqəti cəlb edir. Xüsusilə bu vaxta qədər parlament seçkilərinə qatılmayan, ilk dəfə öz şanslarını sınamaq istəyən, kirli siyasət oyunlarında iştirak etməyən gənc namizədlərdən söhbət gedir. Hansı ki, onların arxasında nə siyasi partiya dayanmayıb, nə güclü komandaları və həmçinin də böyük maliyyə vəsaitləri yoxdur. Hamısı da yazı-pozu ilə məşğul olan namizədlərdir. 

Amma bütün bu olmazlara baxmayaraq, onlardakı yüksək özgüvən və apardıqları kampaniyanı böyük seçki təcrübəsi olan siyasətçilərin çoxunda görə bilmirik. İnsan o zaman uğur qazanır və diqqətləri cəlb edə bilir ki, o ətrafdakıların “bunu səndən gözləməzdik” reaksiyasına səbəb olacaq nəticələr göstərə bilir. Aşağıda adlarını qeyd edəcəyim gənc namizədlər həqiqətən də onlardan gözləmədiyimiz aktivlik və bununla bərabər kütləviliklə təbliğat apara bilirlər. Təbii ki, bu mənim şəxsi müşahidələrimə və subyektiv fikirlərimə əsaslanır. Ola bilər ki, bu kateqoriyadan olan və daha yaxşı kampaniya aparanlar var. Amma onlardan sadəcə olaraq xəbərim yoxdur...

Adlarını qeyd etdiyim namizədlərin sosial şəbəkə səhifələrinə keçidlər də qoyulur ki, yazını oxuyanlar keçid edib kampaniyanın gedişi ilə yaxından tanış ola bilsinlər.

Seçkilərin təbliğat-təşviqat kampaniyasında özünü həmişəkindən fərqli göstərənlərdən biri yazıçı Kəramət Böyükçöl (Nəcəfov Kəramət Qəşəm oğlu) oldu. 80 saylı İmişli – Beyləqan seçki dairəsindən namizəd olan Böyükçöl aktiv kampaniya aparmağa, ətrafına kifayət qədər kütlə toplamağa nail ola bilib. Təbliğat kampaniyasının hər bir günündən səmərəli istifadə etməyə çalışır və bu üzdəndir ki, gün ərzində bir neçə görüş keçirir. “Öz adamınızı seçin” sloqanlı yazıçı öz həmyerliləri ilə dil tapmağı bacarır deyə bilərəm. Amma onları nə qədər inandıra bilib, bunu seçki qutuları göstərəcək.

Diqqətimi cəlb edən digər namizəd 120 saylı Cəbrayıl seçki dairəsindən namizəd, jurnalist Zaur Əhməddir (Zaur Əhməd oğlu Məmmədov). Hələ uşaq ikən atası Qarabağ savaşında şəhid olan Zaur Əhməd Cəbrayıl seçicilərinin, Qarabağ qazi və veteranlarının bir hissəsini öz ətrafında toplaya bilib. Görünən odur ki, bu vaxta qədər yalnız jurnalistika ilə məşğul olan namizədin təşkilatçılıq və kampaniya aparmaq, natiqlik və insanları inandırmaq bacarıqları üzə çıxıb. O kampaniyanın geridə qalan müddəti ərzində ətrafını xeyli sıxlaşdıra bilib.

Digər maraqlı namizəd telejurnalist Afət Telmanqızıdır (Afət Telman qızı Məhərrəmova). 125 saylı Zəngilan-Qubadlı dairəsindən namizəd olan Afətin kütləvi görüşlər keçirməsi problemdir. Bu isə dairənin seçicilərinin ölkənin ən müxtəlif bölgələrinə səpələnməsidir. Amma o təbliğatın ən effektiv üsulundan istifadə etməklə bu problemə qalib gəlməyi bacarır. Hər bir seçici ilə görüşür. Günün birinci yarısında Mərdəkanda pansionat, günorta Nərimanovda yataqxana, günün sonunda isə tutaq ki, Hacıqabulda seçici qapısı döyür. Dayanmır. Seçicilərlə üzbəüz, gözbəgöz ünsiyyət saxlayır. 

Diqqəti cəlb edən digər namizəd media adamı olan 85 saylı Şamaxı seçi dairəsindən namizəd Rizvan Qənbərlidir (Qənbərov Rizvan Böyükəmi). Bu namizəd də ilk gündən qar-yağışa baxmadan aktiv kampaniya aparır. Demək olar ki, hər gün seçicilərlə görüşlər haqda informasiya paylaşır, dükan, bazar demədən qapı-qapı seçicilərini inandırmağa çalışır. Seçkinin nəticəsinin nə olacağından asılı olmayaraq R. Qənbərli sözügedən rayonda müəyyən baza toplaya bilib.

Aktiv kampaniya aparanlardan biri də media nümayəndəsi, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən manizəd Nəsimi Paşayevdir (Paşayev Nəsimi Məzahir oğlu).  Son iki namizədi öncəkilərdən fərləndirən həm də odur ki, onların peşəkar komanda ilə işlədikləri hiss olunur. N. Paşayev də hər gündən faydalanmağa cəhd göstərir. Kifayət qədər çox tərəfdar toplamaq üçün fərqli taktiki üsullardan istifadə edir. Görünən isə odur ki, bu özünü doğruldub və kütləviliyə nail ola bilib.

Kampaniya müddətində diqqəti cəlb edən digər bir amil isə 78 saylı Lerik seçki dairəsindən YAP-ın namizədi İqbal Məmmədovun həsəd aparılacaq qədər aktiv olmasıdır. Məmmədov sözügedən dairədən iki dəfə deputat seçilib və əvvəlki seçkilərdə bu formada təbliğat aparmayıb. Sərt relyef və hava şəraitinə baxmayaraq, qarda, yağışda görüşlər keçirir, xüsusilə qapı-qapı taktikasına üstünlük verir. İsti zallarda səs almaq dövrünün geridə qaldığını anlayan deputat apardığı kampaniya ilə sözün əsl mənasında həmkarlarına master-klass keçir. Onun bu prosesə güclü PR mütəxəssisləri cəlib etdiyini düşünənlər də var.

Və sonda bu kampaniyada evdən çölə çıxmayan namizədlər də mövcuddur. Məsələn, parlamentin spikeri Oqtay Əsədovun seçicilərlə görüşü haqda hər hansı xəbər görməmişəm. (Oqtay Əsədovun namizəd olduğu dairənin ərazisində yaşayıram). Və yaxud eks-spiker İsa Qəmbərin də seçicilərlə görüşü haqda nəsə eşitməmişəm. (İsa Qəmbərin namizəd olduğu dairənin seçicisiyəm). Və yaxud müxalifət liderlərindən ADP sədri Sərdar Cəlaloğlu, Müsavat Partiyasının başqanı Arif Hacılı, deputatlar Fəttah Heydərov, Vasif Talıbov və adlarını saya biləcəyim xeyli siyasətçinin bu seçkilərdə passiv namizəd rolu oynadıqları görünür. 

Seçkinin taleyini isə qutulardakı səslər həll edir: Hər səs sayılır.

Elnur Məmmədli






Fikirlər