“Deyirlər, "Sorosun uşaqları" buradan qovulmalıdır” — Arif Əliyevlə müsahibə

 Demokrat.az Teleqraf.com-a istinadən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, siyasi təhlilçi Arif Əliyevlə müsahibəni təqdim edir:

- Arif bəy, 10 gün əvvəl Azərbaycanın işğal edilən ərazilərində saxta prezident seçkiləri keçirildi. Bu seçki şousu nəyə hesablanmışdı və nələrə nail olundu?

- Birincisi, faktın özü qeyri-qanunidir. Və bütün beynəlxalq təşkilatlar bu seçkiləri tanımadıqları haqda öz mövqelərini bildiriblər. Yaranmış durum əslində bizim ötən dəfə müsahibəmizdə dediklərimizi faktiki sübuta yetirdi. İşğal edilən ərazilərimizdə əsas mübarizə Ermənistanın Baş naziri Paşinyanın tərəfdarları və əleyhdarları arsında gedirdi. Seçkilərdə faktiki olaraq, şərti adlandırsaq, “Qarabağ klanı” öz namizədlərini növbəti dəfə keçirməyə cəhd göstərdilər. Sözsüz ki, bu, Paşinyan komandasında və Ermənistan-Dağlıq Qarabağ münasibətlərində də problemlər yaradacaq.

Əslində problemlər özünü göstərməyə başlayıb. Dağlıq Qarabağdakı erməni icmasının “liderləri” kəskin bəyanatlarla çıxış edirlər. Məsələn, onlar Ermənistandan bəzi qüvvələrin Qarabağa səfər etməsini, vəziyyəti qarışdırmağa çalışdığını bildirir, “Sorosun uşaqları buradan qovulmalıdır” kimi tələblər irəli sürürlər.

Yəni, deyirlər ki, qrantlarla işləyənlər Qarabağdan qovulmalı, Ermənistandan təbliğat aparmaq üçün Qarabağa gələnlər buranı tərk etməlidir və təxirə salınmadan seçkilərin ikinci raundu keçirilməlidir. İndi “Qarabağ klanı” belə bəyanatlarla çıxış edir. Onlar ikinci mərhələnin də tez bir zamanda keçirilməsinə çalışırlar. Bununla paralel olaraq orada vəziyyəti koronavirus pandemiyası da bir qədər gərginləşdirir. Hətta Qarabağda koronavirusa yoluxan şəxslərin qeydə alınmadığı elan olunurdu. Hərçənd bu, şübhəli bəyanatdır. Fikrimcə, oradakı şəraitdə insanların müvafiq yoxlamadan keçməməsi real düşüncəni əks etdirmir. Artıq orada 3 xəstə qeydə alınıb. Hər halda onlar İrəvanın etirazına, daxildə müxtəlif qüvvələrin müqavimətinə baxmayaraq, ikinci raundu keçirib məsələni yekunlaşdırmağa cəhd edəcək.

- Bu proses Azərbaycanla münasibətlərə necə təsir edə bilər?

- Hesab etmirəm ki, bu proses Azərbaycanla münasibətdə dəyişikliklərə səbəb ola bilər. İstənilən halda seçkinin ikinci raundunun keçirilməsi və ya təxirə salınması onun legitimliyinə, qanuniliyinə hər hansı bir təsir göstərmir. Bu proses ancaq Dağlıq Qarabağla İrəvan arasındakı münasibətlərə təsir edə bilər.

- "Qarabağ klanı" bütün hallarda istədiyinə nail olacaq. Bu durum Ermənistanda daxili siyasi situasiyaya necə təsir edəcək?

 - İndi ümumbəşəri proses gedir, odur ki, konkret proqnozlar vermək çətindir. Böyük dövlətlər belə sabah üçün iqtisadi, psixoloji, siyasi mənada ciddi proqnozlar irəli sürməkdən çəkinir. Ona görə də proseslərin hansı istiqamətdə gedəcəyini söyləmək çətindir.

Hazırkı vəziyyətdə Türkiyə-Ermənistan münasibətlərində də nələrsə baş verir, Azərbaycan-Ermənistan münasibətlərinin hansı istiqamətdə davam edəcəyi sual altındadır. Yəni koronavirus mərhələsindən çıxdıqdan sonra yeni şəraitin necə qurulacağını birmənalı söyləmək mümkün deyil. Amma bir daha qeyd edim ki, bunun Azərbaycanın Dağlıq Qarabağa münasibətində hansısa ciddi dəyişikliyə səbəb ola biləcəyini gözləmirəm. “Qarabağ klanı” və Ermənistan liderlərinin davranışları daha çox Xankəndi və İrəvan münasibətlərinə təsir edəcək. Və bu ziddiyyətlər sözsüz ki, bir qədər də dərinləşəcək. Çünki söhbət Ermənistan hakimiyyətinə təzyiqdən gedir.

Ermənistanın özünün daxili siyasi vəziyyəti o qədər də stabil deyil. Məhz “Qarabağ klanına” bağlı olan bir sıra təşkilatlar epidemiyadan istifadə edərək, Paşinyan hakimiyyətinin əleyhinə ciddi bəyanatlarla çıxış edirlər. İş o yerə çatıb ki, uzun illərin susqunluğundan sonra Ermənistanın birinci prezidenti Levon Ter Petrosiyan da sükutu pozmağa məcbur olub. Levon yerli siyasi qüvvələrə müraciətində bəyan edib ki, dramatik vəziyyətdən mövcud hakimiyyətə nifrət yaratmaq, siyasi kapital toplamaq üçün istifadə etmək yolverilməzdir.

- Yəni ciddi qarşıdurma gözlənilir?

- Bu qarşıdurma üzdə görünməyə bilər. Bütövlükdə bu, ermənilər üçün də həssas məsələdir, amma alt qatlarda bu faktor özünü göstərir. Əgər seçkilərin nəticəsi bu gün təsdiqlənəcəksə, deməli, qarşıdurmanı da kəskinləşdirəcək.

- Ruslar bu prosesdə hansı formada iştirak edir?

- Rusların Qarabağa münasibəti Abxaziya və ya Osetiyaya baxışından fərqlənir. Abxaziya və Osetiyada ruslar özlərini açıq və birmənalı formada göstərir. Siyasi baxımdan da Abxaziya və Osetiya siyasətçilərini tanıyırlar. Amma Qarabağ siyasətçiləri ilə məsafəli və ehtiyatlı davranırlar. Əlbəttə, Rusiya öz maraqlarını qorumağa çalışacaq, dəyişməyəcək. Yəni müəyyən təsir vasitələrindən istifadə edəcək. Lakin hesab etmirəm ki, yeni yaranan vəziyyətdə Rusiyanın oradakı təsiri əvvəlki qədər həlledici rola malik olsun.

- Koronavirus pandemiyasına görə dünyada seçkilər, futbol oyunları, əhəmiyyətli siyasi və iqtisadi konfransların təxirə salındığı bir zamanda nədən Qarabağda separatçılar və Ermənistan rəhbərliyi təcili saxta seçki şousuna getdi, onu təxirə salmadı?

- Aydın məsələdir, bu saxta seçki onlar üçün vacib əhəmiyyət kəsb edir. Bu onlar üçün sıradan bir məsələ deyil ki, növbəti 3-4 aydan sonraya saxlasınlar. Burada faktiki toqquşan dərin maraqlardan bəhs etmək olar. İndiki halda söhbət Azərbacan və işğal edilən ərazilərimizdə qurulan separatçı rejimin toqquşan ziddiyyətlərindən deyil, Xankəndi ilə İrəvanın üz-üzə durmasından, pərdəarxası ziddiyyətlərdən gedir. Bu prosesdə isə zaman böyük rol oynayır. Odur ki, tələskənliyin və inadkarlığın arxasında bu məqam dayanır.

- Bu dəfə işğal edilən ərazilərimizdə keçirilən saxta seçkilərə beynəlxalq reaksiya daha sərt oldu. Kanadadan Gürcüstana, BMT-dən Qoşulmama Hərəkatına qədər ciddi qurumlar seçkiləri tanımadığını elan etdi. Sizcə, bunlar durumun Azərbaycanın xeyrinə dəyişdiyini göstərən faktorlar deyilmi?

- Fakt o mənada faktlığında qalır ki, bu, Azərbaycan üçün daha əlverişildir. Yəni əksər dövlət və beynəlxalq qurumların mövqe ifadə etmələri, fakta laqeyid qalmamaları, bu məsələdə münasibətləri kəskinləşdirmələri Azərbaycan üçün müsbət faktordur. Bir çox ölkələr var ki, onların bu bölgədə maraqları yoxdur. Ona görə də belə faktlar diplomatik baxımdan bizim üçün müsbət faktordur. Məsələn, Kanadanı göstərmək olar. İndiki dərin böhran hələ bizim tam göstəricilərini təsəvvür etmədiyimiz böhrandır. Açığı, bütün dunya II Dünya Müharibəsindən sonra belə böhranlı vəziyyətə düşməmişdi. Koronavirus faktiki dünyanın super dövlətlərini çox çətin vəziyyətə salıb. Odur ki, növbəti mərhələdə müəyyən yanaşma tərzləri, proioritetlərin dəyişməsinə hazır olmalıyıq.






Fikirlər