“KURTLAR VADİSİ Türkiye-2020” - ŞƏRH
“Türkiyədə Ələddin Çakıcının həbsdən buraxılması MHP başqanı Devlet Bahçelinin gücünü göstərir. Əks təqdirdə, prezident Ərdoğana çox sərt məzmunlu məktub yazmış və müxtəlif ağır cinayətlərdə ittiham olunan Çakıcı içəridən çıxa bilməzdi”. Onun sözlərinə görə, AKP və Ərdoğan hazırda MHP və Bahçeliyə məhkum durumdadır: “Bu arada, Çakıcı ilə yeraltı dünyasının digər tanınmış siması Sedat Peker arasında münaqişə yenidən aktuallaşıb. Bir müddət öncə ölkəni tərk edən Peker (görünür, Çakıcı təhlükəsinə görə) video yayıb və orada qorxub qaçdığı barədə iddiaları təkzib edib. Sedat Peker ünvanının hər kəsə bəlli olduğunu söyləyərək "gəlmək istəyənlər buyursun, öndən gəlsin" mesajını verib. Çakıcı isə cavab olaraq "bütün sevenlerine duyurulur" xitabı ilə bu gün vəkili vasitəsilə yaydığı açıqlamada hazırda harada qaldığını dəqiqliklə açıqlayıb. Yəni "Kurtlar Vadisi" serialına çox da ironik yanaşmayın”.
"AzerTaym.az" modern.az-a istinadən məlumat verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.
“TBMM-də çoxluq MHP sayəsində təmin olunur. Bahçeli istəsə, “Cumhur İttifaqı”nı pozub, ölkəni erkən seçimə aparar və nəticədə AKP iqtidarını tarixə gömüb, Ərdoğanı təqaüdə göndərər. İttifaqın qurulmasından bəri dövlət aparatında, xüsusən təhlükəsizlik strukturlarında (güvenlik bürokrasisi) MHP-nin gücü artıb, təyinatlarda onlara yaxın kadrlara üstünlük verilir. Daxili işlər naziri Süleyman Soylunun arxasında da MHP dayanır. ("Dərin dövlət"in Ərdoğandan sonra AKP-nin başına Soylunu gətirməyə çalışdığı barədə iddialar var)”.
Ş.Cəfərlinin fikrincə, Türkiyədə paradoksal bir durumdur: ciddi qərarların qəbulu özünü "dərin dövlətin aksaçlısı" rolunda görən Bahçelinin razılığı olmadan mümkün deyil, amma bununla belə, MHP hökumətdə təmsil olunmur və ölkədəki vəziyyətə görə siyasi məsuliyyəti üzərinə götürmür. Yəni "günah keçisi" rolu AKP-yə verilib.