Azərbaycan İranla sazişi GİZLİ İMZALAYIB?!
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik: - Qüdrət bəy, Milli Şura 2016-cı ildə İranla “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının və su elektrik stansiyalarının tikintisinə dair imzalanmış müqaviləni, həmin müqvilənin Milli Məclisdə təsdiqini kəskin pisləyir və bu istiqamətdə geniş kompaniya başladıb. Bu məsələyə münasibətinizi bilmək istərdik. - Əvvəla onu deyim ki, mətbuata ilk öncə belə bir informasiya ötürüldü ki, İran Araz çayı üzərindən işğal olunmuş ərazilərə 4 körpü salıb. Sonradan informasiya yayıldı ki, bu körpülər Azərbaycan hökuməti ilə imzalanmış saziş əsasında salınıb. Bu həm də o ərəfəyə təsadüf etdi ki, İran yük avtomobillərinin Xankəndinə yanacaq daşımasına dair video kadrlar yayımlanmışdı. Cəmiyyət haqlı olaraq buna ciddi etiraz etdi. Amma sonradan aydın oldu ki, söhbət 2016-cı ildə imzalanmış, Siz qeyd etdiyiniz sazişdən gedir və orada İran tərəfindən işğal olunmuş ərazilərə körpü salınmasından yox, Araz çayı üzərində su qovşaqlarının və elektrik stansiyalarının tikintisindən gedir. Həmin sazişin milli və dövlət maraqlarına cavab verməməsi, gizli imzalanması və ratifikasiya olunması barədə deyilənlər isə sadəcə cəfəngiyyatdır. Bu necə gizli sazişdir ki, dövlət informasiya agentlikləri bu barədə informasiya yayıb, jurnalistlərin iştirakı ilə Milli Məclisdə sazişin geniş müzakirəsi aparılıb. Sadəcə həmin ərəfədə Sazişin pislənməsinə dair tapşırıq almadıqları üçün susmuşdular. İndi isə fit çalınıb və hücum əmri verilib. Ən azından mənim Sazişlə bağlı çıxışım mətbuatda dərc olunub. Necə olur ki, özgə vaxtlarda ağzımdan çıxan hər söz geniş təftiş olunduğu halda Sazişin müzakirəsi zamanı İranın Azərbaycana yönələn dost olmayan siyasətini kəskin tənqid etdiyim həmin çıxış onların diqqətindən qaçıb?! Məndən başqa Zahid Oruc, Fazil Mustafa və digər deputat həmkarlarım bu barədə danışıb, İranın Azərbaycana yönəlik siyasətini pisləyib, amma sazişin milli maraqlara cavab verdiyini söyləyiblər. Əli Kərimli utanmadan deyir ki, parlamentdə müxalifət olmadığı üçün ictimaiyyət bundan xəbər tutmayıb. Əli Kərimli Qənimət Zahidi İrana, ardınca Rusiyaya xüsusi missiya ilə göndərəndə mən İranın Ermənistanla qardaşlaşma siyasətini kəskin tənqid edirdim. Mənim İranla bağlı verdiyim açıqlamaları və Əli Kərimlinin İranla bağlı açıqlamalarını (əgər tapsanız) müqayisə edin, hər şey aydın olacaq. Din pərdəsi altında səfərbər edilmiş, İran mollalarının əlini öpən radikallarla da Milli Şurada mən əməkdaşlıq etmirəm. Saziş milli və dövlət maraqlarına cavab verdiyi üçün ona səs vermişəm. Bu gün onu tənqid edənlər də bunun belə olduğunu bilir. Yoxsa o zaman bu fürsəti əldən verməzdilər. Əli Kərimli, Cəmil Həsənli, onlara “ləbbeyk” deyənlər anlamalıdırlar ki, siyasət mümkün olanı gercəkləşdirmək bacarığıdır. Biz “arxalı köpək olan” 3 milyonluq Ermənistanın əlində əsir-yesir olmuşuq. Torpaqlarımızı 30 ildir işğaldan azad edə bilmirik. Sabah 80 milyonluq İran bizim icazəmiz olmadan tikintini davam etdirsəydi nə edəcəkdik? Kimə şikayət edib ondan kömək istəyəcəkdik? Qarabağla əlaqədar tualet kağızı qədər dəyəri olmayan 4 qətnamə qəbul etmiş BMT-dən? Bundan başqa əgər özümüz həmin ərazidə sudan istifadə edə bilmiriksə qonşunun (həm də bizlərdən birinin) həmin suya ciddi ehtiyacı olduğu halda necə deyə bilərik ki, sən də istifadə etmə. Budurmu beynəlxalq münasibətlərdə konstruktiv davranış? İkincisi, İranda bu sudan istifadə edəcək şəxslər bizim soydaşlarımızdır. Əgər onlar orda su çatışmamazlığından əziyyət çəkirsə bu bizi də narahat etməlidir. Əgər su qovşağına texniki xidmət üçün çəkilmiş, yaxud çəkiləcək körpüdən İran işğalçı rejimə yük daşıyacaqsa bu, sazişin pozulması olacaq və o halda Azərbaycan İrana öz etirazını bildirməlidir. Bu gün cənublu soydaşlarımız İranın fars yönətiminə Qarabağ siyasəti ilə əlaqədar təsir edə bilmirsə burda bizim də günahımız var. İrandan xaricə mühacirət etmiş soydaşımız Bakıya gəlir, Diaspora Komitəsindən görüş istəyir, mən də xahiş edirəm ki, bu adamı dinləyin, amma xeyiri yoxdur. Başları başqa işlərə qarışıb. Mədəniyyət Nazirliyi qardaş Türkiyənin də müvafiq qurumlarını bu işə cəlb etməklə milli, mədəni birliyimiz naminə Cənubdakı hər kəndimizdə, şəhərimizdə incəsənət xadimlərimizin görüşlərini təşkil etməli, cənublu mədəniyyət xadimlərini, farslar da daxil, Azərbaycana dəvət etməli idilər, amma yox, onların da başı başqa işlərə qarışıb. Biz müstəqil dövlət kimi siyasiləşmiş dini təbliğatla “kor edilmiş” cənublu soydaşlarımızın milli kimliklərini dərk etmələri, onunla qürur duymaları və farslardan təbii, ayrılmaz milli haqlarına, heysiyyatlarına hörmət edilməsini tələb etmələri üçün məsuliyyət daşıyırıq. Təəssüf ki, dəfələrlə İranla viza rejiminin aradan qaldırılması məsələsini qaldırsaq da bu edilmir ki, cənublu qardaşlarımız öz vətənlərinə sərbəst gəlib-gedə bilsinlər.