MƏMMƏDYAROVUN VƏ DÖVLƏTİN REPUTASİYASI– Və Xarici İşlər naziri ilə “yoğun” məmurların fərqi...

İstənilən ölkənin xarici işlər naziri dövlət başçısından sonra beynəlxalq arenada ən çox tanınan ikinci sima sayılır. Hətta elə xarici işlər nazirləri var ki, az qala prezidentlərdən daha populyar və xarizmatik şəxslərdir.

Yəqin dünyada çətin elə bir baş diplomat tapıla ki, şəxsi reputasiyası onun üçün əhəmiyyət kəsb etməsin. Çünki bir ölkənin xarici işlər nazirinin şəxsi reputasiyası dolayısı ilə onun təmsil etdiyi dövlətin, xalqın reputasiyası deməkdir. Yəni obrazlı desək, istənilən XİN rəhbəri öz ölkəsinin sifətidir. Və təbii ki, heç bir xalq, dövlət istəməz ki, onun həmin bu “sifəti” kənardan əyri-üyrü, kələ-kötür, ləkəli görünsün...

Bir neçə gündür ki, ölkənin əksər mətbu orqanlarında Azərbaycanın Xarici İşlər nazirinin ailəsinin Nyu-Yorkda 4.2 milyon dollar dəyərində 2 mənzil aldığına dair məlumatlar dərc edilir. Nyu-York Vergi Departamentinə istinadla Elmar Məmmədyarovun ailə üzvlərinin 2015-ci ilin yayında (Azərbaycandakı devalvasiyadan qısa müddət sonra-C.M) bu mənzillərə sahibləndiyi qeyd olunur. Ortaya həmin mülkiyyətlə bağlı rəsmi sənədlərdən çıxarışın fotoları qoyulur.

Kimsə bu məlumatları nazirə qarşı kampaniya, qərəz adlandıra bilər. Kaş elə belə də olaydı və deyilənlərin yalan, iftira olduğu üzə çıxaydı. Ancaq türklər demiş, maləsəf...

 

 

Heç bir dövlət, vətən təəssübkeşliyi olan mətbu orqan, jurnalist istəməz, arzulamaz ki, bu deyilənlər, yazılanlar həqiqət olsun. Çünki bu məlumatlar əgər gerçəkdirsə, deməli bunlar sadəcə korrupsiya faktı deyil, həm də Azərbaycanın xarici siyasət idarəsinin və onun rəhbərinin başına qaxıncdır. Unutmayaq ki, bu adam Azərbaycanı xarici siyasətimizin başlıca hədəfi, ölüm-dirim nöqtəsi, bel sütunu olan Qarabağa dair prosesdə təmsil edir. Şəxsən onun barəsindəki belə faktlar isə onsuz da boynu bükük olan xarici siyasətimizin boynunu bir az da bükür! XİN-in dişsiz, zəif, qarşı tərəfin həmlələrinə qeyri-adekvat cavabları, davranışları, nazirinsə qüsurlu nitqi, hətta öz doğma dövlət dilində danışa bilməməsi azmış kimi, bu korrupsiya mövzusu, milyonluq mənzillər də bir tərəfdən çıxdı. Necə deyərlər, “Gözəl ağa çox gözəl idi, vurdu bir çiçək də çıxardı”...

Digər tərəfdən, ortaya qoyulan faktlar olduqca inandırıcı görünür və onların ABŞ-ın rəsmi orqanlarının təqdim etdikləri sənədlərə əsaslandığı bildirilir. Yəqin xüsusi vurğulamağa ehtiyac yoxdur ki, belə hallarda nəinki ən müasir demokratiya nümunəsi olan, hətta ortabab sivil ölkələrdə belə, nazir, yaxud istənilən digər iri ranqlı məmur ya bu deyilənlərə düz-əməlli aydınlıq gətirər, ya da dərhal vəzifəsindən istefa verərdi...

Əlbəttə ki, Azərbaycanın hansısa yüksək rütbəli məmurunun xaricdə bahalı mülkünün olması çoxdan adi hala çevrilib və bununla bağlı çoxsaylı faktlar mövcuddur. Və onların demək olar heç biri indiyə qədər bu faktları şərh etməyi heç özlərinə sığışdırmayıblar belə, sanki dədə-babalarından qalma haqlarıymış və elə bu cür də olmalıymış.

Ancaq indiki halda söhbət hansısa “yoğun” məmurdan yox, ölkə üçün strateji məqamlardan birinə sahib olan, hər addımı, açıqlaması, eləcə də şəxsi keyfiyyətləri əhəmiyyət kəsb edən şəxsdən – XİN rəbərindən gedir. Ona görə də həmin varlı, lakin adları, mənəvi keyfiyyətləri, şəxsi reputasiyaları bir qara qəpiyə dəyməyən məmurlardan fərqli olaraq, E.Məmmədyarov susmamalı, ən azından özünü təmizə çıxarmağa çalışmalıdır. Daha doğrusu, buna borcludur!

Bəs görəsən, nazir Məmmədyarov niyə susur? Niyə çıxıb bu deyilənlərə, yazılanlara aydınlıq gətirmir? Əgər bunlar yalan, böhtandırsa niyə hüquqi yollara əl atmır, ya da heç olmasa quru bir açıqlama yaymır?

Tutaq ki, şəxsi reputasiyası heç vecinə də deyil, bəs dövlətin, Azərbaycanın reputasiyası?...

“AzPolitika.info”

 

 






Fikirlər