"QURUCU BABALARIMIZIN tarixi xidmətlərini aşağılamaq heç kimsəyə başucalığı gətirməz.." -ASLAN İSMAYILOV yazır
Prezident İlham Əliyevin məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında etdiyi çıxışı zamanı Cümhuriyyət qurucuları, xüsusilə İrəvanın ermənilərə verilməsi hissəsindəki fikirlərini qətiyyən bəyənmirəm və hamımız üçün çox ziyanlı sayıram. Bu məsələdə tamamilə əks fikirdəyəm və hesab edirəm ki, Cümhuriyyət quran Kişilərin haqları bu gün də tapdalanmaqda davam edir və tarix bunu heç birimizə bağışlamayacaq. Öz canları, fədakarlıqları, resursları hesabına, xalq tərəfindən heç bir dəstək görmədən Azərbaycan adlı Dövlət qurmuş Kişilərə qarşı bu münasibət yolverilməzdir. İrəvanın ermənilərə verilməsi fikri tamamilə yanlışdır, çünki bu addımla həmin qurucu babalarımız, Türkiyənin belə üz çevirdikləri bir zamanda Bakını xilas etdilər. Onların o vaxtlar güzəştə getmələri necə də uzaqgörən, dərindən fikirləşən bir insanlar olduqlarını bu gün də baş verənlər bizə açıq şəkildə göstərir. Bu gün də ermənilərin dənizdən dənizə "Böyük Ermənistan" xülyalarından əl çəkmədiklərinin hamımız şahidiyik. Əminəm ki, həmin an o qərar qəbul edilməsə ermənilər öz dəstəkçiləri Rusiya, İran və Qərb dövlətləri ilə Azərbaycanın indiki əraziləri hesabına öz dövlətlərini quracaqdılar, ərazilərin qalan hissəsi isə gürcülərə veriləcəkdi. Bakı isə neftinin Qərbə daşınması üçün beynəlmiləl bir şəhər elan ediləcək və Azərbaycan adlı dövlət olmayacaqdı. Burada yaşayan yerli əhali isə zaman-zaman müxtəlif bölgələrə sürgün ediləcəkdi. Həmin an istəsə belə Türkiyə öz ərazilərini qorumaq üçün bunun qarşısını ala bilməyəcəkdi. Burada qısa şəkildə yazdıqlarımı, Əbdürrəhman Vəzirov dövründə Heydər Əliyev əleyhinə çağırışlar təşkil edən Yaqub Mahmudov kimi karyeristlər yox, həqiqi tarixçilər daha dolğun şəkildə tarixi faktlarla sübut edə bilərlər. Ona görə də hesab edirəm ki, bu gün Azərbaycan hakimiyyəti, İ.Əliyev başda olmaqla Cümhuriyyət qurucuları üçün Bakının ən gözəl guşəsində Anıt qəbiristanlığı salmalı və dünyaya səpələnmiş o dahi Kişilərin qürbətdə sızıldayan qalıqlarını uğrunda can verdikləri Vətənə gətirməlidir. Bununla da bu hakimiyyət Azərbaycan tarixində ən şanlı səhifələrini yazmış olar. Bu fikri tək həmin quruculara, onları dəstəkləyənlərə görə yox, həm də bu hakimiyyətin başında duranların xeyri üçün səsləndirirəm. 17 avqust 1993-cü ildə Milli Məclisin birbaşa yayımlanan iclasında Rəhim Qazıyev H.Əliyevi təhqir edəndə öz həyatımı riskə atıb onu müdafiə etmişəm. Buna baxmayaraq 1994-cü il 19 mayda heç bir səbəb gətirilmədən Prezident Aparatındakı işimdəm qovuldum. Əminəm ki, həmin çıxışım bu gün də bəzi yaramazlar tərəfindən səsləndirilən kimi heç bir sövdələşmə, danışıq, şəxsi maraq olmadan ancaq Azərbaycana Rusiya qoşunlarının yenidən girməməsi üçün və bunu yanlız H.Əliyevin edə biləcəyinə inandığım üçün etdiyimi İ.Əliyev bilməmiş deyil. O gündən bu günə bir dəfə də rəhmətlik H.Əliyev haqqında nəinki mənfi fikir səsləndirmədim, onun haqqında yanımda pis fikir səsləndirilməsinə belə yol vermədim. Həmişə buna etiraz edib məni qınayanlara cavabım o oldu ki, bu Böyük Şəxsiyyət hələ Sovet hakimiyyəti dövründə dahi Hüseyn Cavidin Sibir düzlərində inildəyən nəşini gətirib böyük sayğı ilə Vətənində dəfn olunmasını təşkil edib, yenə həmin dövrdə Şuşada Vaqifin heykəlini ucaldıb, 1938-ci ildə Stalin vaxtında Vətən xaini kimi güllələnmiş Cəmşid Naxçıvanskinin adına Bakıda 1971-ci ildə Hərbi məktəb yaradıb, 1975-ci ildə birbaşa özü milli kimliyimizi təcəssüm edən “Nəsimi“ filminin çəkilişini təşkil edib. Ən əsası isə məhz onun rəhbərliyi ilə Bakı milliləşdi və bütün ölkə üzrə milli kadrlar qeyri-azərbaycanlıları əvəzlədi. Sovet hakimiyyəti illərində bu addımları ancaq və ancaq Vətənini, Xalqını sonsuz sevən, bunun üçün karyerasının üstündən xətt çəkilməsinə hazır olan bir Lider edə bilərdi. H.Əliyevin məhz bu məzmunlu, milli mənliyimizə xidmət edən çoxlu sayda addımları şəxsən məndə ona qarşı böyük hörmət oyadıb. Hesab edirəm ki, H.Əliyev, YAP-çıların sadaladıqları kimi zavod, fabrik tikintiləri ilə yox, məhz bu addımları ilə həmişə tarixdə xoş xatirələrlə anılacaq. Bu illər ərzində Azərbaycan müstəqilliyini qorumağın, onun təminatı olan Bakı-Tbilisi-Ceyhana bərabər digər beynəlxalq nəhəng layihələrin (TAP, TANAP və s.) həyata keçirilməsinin İ.Əliyevə hansı çətinliklər bahasına başa gəldiyini gözəl bilirəm. İndi də hesab edirəm ki, Prezident İ.Əliyev yuxarıda qeyd olunan addımı atarsa tarixdə istehsal müəssisələrinin tikintisi, yaxud idman oyunları ilə yox, birinci növbədə məhz Cümhuriyyət qurucularının nəşini Vətənə gətirib dəfn etməsi və uzun illər ərzində böyük güclərin təhdidlərinə baxmayaraq suverenliyimizi qoruması ilə birdəfəlik həkk olunar. Ən əsası Qarabağı azad etmək üçün birinci növbədə ölkəmizdə Milli Barışığa nail olmalıyıq. Bu addım isə əminəm ki, Milli Birliyimizin bünövrəsi ola bilər.