Fəzail Ağamalı: “BU,ÇOX böyük tarixi SƏHV İDİ...”

“İrəvanda ulu babalarımız İrəvan xanlarının çırağı yanmalıdır”

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illiyi dövlət səviyyəsində qeyd olundu, hər birimiz bu şərəfli tarixi hadisəni xatırlayıb dövlət quran kişiləri rəhmətlə andıq, “millətimizin imzasının imzalar içində” olmasından dolayı qüruru hissi keçirdik. Ancaq eyni vaxtda ürəyimizi sızladan başqa bir tarixi hadisənin də üstündən bir əsr keçdi, söhbət tarixi  Azərbaycan ərazisi, İrəvan xanlığının mərkəzi olan İrəvan şəhərinin ermənilərə güzəşt edilməsindən gedir.

1918-ci il mayın 28-də müstəqilliyini elan edən ermənilər paytaxtsız qaldığı üçün böyük güclərin təzyiqi nəticəsində Azərbaycan Cümhuriyyətinin qurucuları İrəvanı güzəştə getməyə məcbur oldular. Qərarın qəbul olunması heç də asan olmadı. Ancaq Milli Şurada digər bütün tarixi ərazilərimizə iddialarından əl çəkmələri şərti ilə İrəvanı ermənilərə güzəştə getməyə qərar verdi. Özü də bu qərarı qəbul edərkən Milli Şura üzvləri nəinki Bakıya, heç Gəncəyə də gələ bilməmişdilər. Bununla bağlı F.X.Xoyski o vaxtkı xarici işlər naziri N.H.Hacınskiyə ünvanladığı məktubda yazırdı: “Onlar (ermənilər - red.) ultimatumu qəbul edirlər və müharibəyə son qoyurlar. Biz İrəvanı güzəştə getdik”. May ayının 29-da erməni Milli Şurası ilə danışıqlar barədə Nazirlər Şurasının sədri F.X.Xoyski Azərbaycan Milli Şurasının iclasında məlumat verdi. O göstərdi ki, Ermənistan Federasiyası yaratmaqdan ötrü onlara siyasi mərkəz lazımdır, Aleksandropol türklər tərəfindən tutulduqdan sonra belə bir siyasi mərkəz ancaq İrəvan şəhəri ola bilər, ona görə bu şəhərin ermənilərə güzəştə gedilməsi labüddür. Bu məsələ barəsində çıxış edənlər İrəvan şəhərinin ermənilərə güzəşt edilməsini qaçılmaz bəla kimi qiyməyləndirdilər. Milli Şuranın iclası İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi barədə öz razılığını bildirdi. İki gün sonra İrəvan Milli Şurasının üzvləri Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov İrəvan şəhərinin Ermənistan Respublikasına güzəştə gedilməsinə etiraz etdilər, lakin iyun ayının 1-də keçirilən Azərbaycan Milli Şurasının iclası bu etirazı qəbul etmədi. Bircə məqamı xatırladaq ki, Azərbaycanın bugünkü sərhədlərinin haradan keçdiyi barədə təsəvvür yaransın. İrəvan Ermənistana veriləndən sonra Ermənistanın sərhədi İrəvan şəhərinin yaxınlığından keçirdi. Batum müqaviləsinin şərtlərinə görə, Ermənistan Respublikası Cənubi Qafqazda 10 min km? ərazisi olan dövlət idi...

Sonrakı dönəmlərdə, AXC süquta yetiriləndən sonra ermənilər Azərbaycanın Zəngəzur bölgəsinə də sahibləndilər. Qarabağı işğal edən ermənilər indi də Naxçıvana iddia edirlər. Faktiki olaraq ermənilər bütün razılaşmaları pozublar. Bəzi ekspertlər hesab edir ki, Azərbaycan ermənilərin şərtə əməl etməməsini əsas gətirib, nəinki Qarabağın, həmçinin İrəvan və Zəngəzurun Azərbaycana geri qaytarılması barədə rəsmi səviyyədə iddiasını ortaya qoymalıdır.

Əslən Qərbi Azərbaycandan, Sisian rayonunun Qızıl Şəfəq (Şıxlar) kəndindən olan deputat, AVP sədri Fəzail Ağamalı “Yeni Müsavat”a bu mövzu ilə bağlı maraqlı fikirlər söylədi. Deputat bildirdi ki, bizim tariximizin ən ağır səhifələrindən biri vaxtilə İrəvanın ermənilərə paytaxt kimi verilməsi olub: “Mən bu məsələ ilə bağlı kimisə ittiham etmək istəmirəm. Burada həmin dövrdə böyük güclərin də, qardaş Türkiyənin də böyük səyləri oldu, Azərbaycan Cümhuriyyətinin qurucularının bu səylərin qarşısını almağa gücü çatmadı. Baxmayaraq ki, İrəvandan seçilən Milli Şura üzvləri bunun əleyhinə səs verdilər və s. Bu, çox böyük tarixi səhv idi, gərək biz bu addımı atmayaydıq. Ancaq zamanında edilən bu səhvi biz düzəltməliyik. Tarixin istənilən anda diktə etdiyi və ayrı-ayrı şəxslər tərəfindən bu və ya digər şəkildə özünün iradəsindən asılı olan və olmayan şəkildə o səhvlərə atılan imzanı da tarixin özü düzəldir. Biz bu tarixə yaxınlaşırıq. Mən buna əminəm. Ola bilsin ki, mən bunu görməyəcəyəm. Ancaq yaxın zaman kəsiyində mən həmin torpaqların bir daha Bütöv Azərbaycanın içərisində yer alacağına qətiyyən şübhə etmirəm. Bu gün mən Fəzail Ağamalı olaraq Zəngəzuru özümün elektron poçtumda yaşadıram. Mənim elektron poçtum Zəngə[email protected] gedir. Fikirləşirəm ki, bu, mənim yaddaşımla bərabər, ruhumda yaşayan bir torpaq kimi, eyni zamanda elektron poçtumda yaşasa, yaxşı olar. Ancaq mən tamamilə əminəm ki, mənim övladlarımın həyatında Zəngəzur məkan olaraq ciddi rol oynayacaq. Uzun illərdən bəri mənim hər zaman həsrətlə xatırladığım, daim arzusunda olduğum doğulduğum o kəndə getmək, onun havasını almaq, suyunu içmək, çəmənlərində gəzmək, söyüd ağaclarının kölgəsində istirahət etməkdir. Bundan böyük arzum yoxdur. Bu, mənə nə dərəcədə qismət olacaq, ya olmayacaq, Tanrının əlindədir. Amma biz o torpaqlara qayıtmalıyıq. Bu, bizim bir millət olaraq varlığımızın göstəricisidir”.

F.Ağamalı tarixi ərazilərimizin geri qaytarılması üçün səfərbər olmağımızı zəruri sayır: “Biz eyni zamanda şimallı-cənublu, şərqli-qərbli bütöv bir Azərbaycanın sahibi olmalıyıq! Bunun sahibi oluruqsa, biz millətik. Bunun sahibi olmuruqsa, biz millət deyilik! Bu, birmənalıdır, bu, mənim qəti fikrimdir. Ona görə mən tamamilə əminəm ki, müstəqil Azərbaycan dövlətinin yetişdirdiyi müstəqil Azərbaycan gənclərinin istəyi və arzusu ona doğru gedir. Nəzərə alsaq ki, ulu öndərimiz tərəfindən əsası qoyulan siyasətimiz güclü Azərbaycanı bu bütövlüyə doğru aparır, buna mənim qətiyyən şübhəm yoxdur. İstərdim ki, ulu öndərimizin 1990-cı ildə Elmira Əmrahqızının ”Ulduz" jurnalının 6-cı nömrəsində dərc olunan müsahibəsində onun arzularının ən mühümündən biri olan Azərbaycanın taleyi haqqında fikirlərini hər kəs bir daha oxusun. Mən bununla bu yaxınlarda mətbuatdan bir daha tanış oldum. Azərbaycan haqqında oradakı düşüncələr Heydər Əliyev haqqında kifayət qədər bilgisi olmayan insanlar üçün son dərəcə vacibdir".

AVP sədri mərhum prezident Heydər Əliyevin ata yurdunun Ermənistan adlanan ərazidə qalması, həmçinin internet mediasında həmin kəndlə bağlı videomaterialların yayılmasından danışarkən qeyd etdi ki, söhbət bir kənddən getmir:“Burada söhbət Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Zəngəzurdan gedir. Zəngəzurun, əlbəttə, hər bir azərbaycanlıya böyük şərəf gətirən, böyük qürur hissi doğuran kəndi var - Comərdli kəndi. O kəndlə bizim kəndin arasında 3 km-lik məsafə var. Yəni bizim kəndləri bir təpə ayırır. Mənim bildiyim qədər o kənd 45-50 evlik kənd idi. Onun yanındakı Ərəfsə kəndi isə nisbətən böyük idi. Orada hamısı Azərbaycan kəndləri olub. Ötən əsrin əvvəllərində, 1918-20-ci illərdə Andronikin vandal hərəkətləri nəticəsində o kəndlərin mütləq əksəriyyəti dağıdılıb, məhv edilib, əhalinin böyük hissəsi Naxçıvana köçüb. Bizim camaatımız, o cümlədən Comərdli kəndinin hamısı Naxçıvana köçüb. Laçın istiqamətində olan kəndlər isə Laçın, Füzuli, Cəbrayıla köçüb. İndi də siz təsəvvür edin, 50 ailəlik bir kənddən dünya şöhrətli tarixi şəxsiyyət çıxdı və bu tarixi şəxsiyyət Azərbaycan məmləkətinin taleyində həlledici rol oynadı. O kənd və o ev Heydər Əliyev qədər bizim üçün müqəddəsdir. Biz o müqəddəsliyi geri qaytarmalıyıq! Biz orada Heydər Əliyevin ruhuna dualar oxuyub, onun çırağını yenidən yandırmalıyıq! O, elə bir çıraq olmalıdır ki, əbədi yansın, bir daha sönməsin. Həmçinin İrəvanda ulu babalarımızın - İrəvan xanlarının çırağı yanmalıdır. İndi düşmən tapdağında olan bütün yurd-yuvalarımızda çıraqlar yanmalıdır, Allahın köməkliyi ilə!” 






Fikirlər